“Burdan bir daş qopub gəlib yolun ortasına düşsə, maşın xırt-xəşil olub əncirə dönəcək”.
AzEuroNews.com-a danışan sürücü Sabir Kazımzadə belə deyir. O, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsinin axırındakı binanın səhlənkar sökülməsindən şikayətlənir.
Metronun “Koroğlu” stansiyasına çıxan körpünün həndəvərində yerləşən bu bina müəmmalı şəkildə yerlə-yeksan olundu. Bir neçə ay idi ki, traktoru binanın üstünə qaldırıb şumlayırdılar.
Təzə tikili olan bina nə qəzalı idi, nə də tam təhvil verilmişdi. Ancaq gözlənilmədən tikinti uçuruldu.
Yolun qırağında yerləşən binanı sökərkən təhlükəsizlik qaydalarına heç bir əməl olunmayıb.
Sürücü Vidadi Əliyev də deyir ki, söküntü gedən ərazinin qarşısı hasarlanmalıydı: “Daş-torpaq yolun kənarına tökülüb. Bu, binanı sökənlərin məsuliyyətsizliyidir. Ordan bir daş gəlib maşının üstünə düşəndə, kim təmir etdirəcək, zərərini kim ödəyəcək?”
Təxminən 9 mərtəbəsi inşa edildikdən sonra tikintisi dayandırılan binanı cəmi bir traktor sökür. Tikilini magistral yoldan 2-3 metr eni olan səki ayırır.
Söküntü zamanı binanı ən üst qatından tökülən irili-xırdalı tikinti daşları səkiyə sökülür, hətta yolun yarısına qədər də gəlib çıxır.
Sözügedən tikilinin yanından keçərkən bütün avtomobillər ya sürəti artırır, ya da qarşıdan gələn avtomobillərin yoluna girərək dairəvi yola yaxın yerdən getməli olur.
Binanın artıq əksər mərtəbələri sökülsə də, dağıntılar yol boyu səpələnib, hətta bütün səkini də tutub.
Binanın yaxınlığından keçərkən öz üstünüzə və avtomobilinizin üzərinə tikinti daşının düşmə ehtimalı da var. Tikintinin hansı şirkət tərəfindən aparıldığı məlum deyil.
Heç tikilinin kənarlarında da işlərin hansı şirkət tərəfindən aparıldığı, narahatlığı kimin yaratdığı qeyd olunan qoruyucu lövhələr vurulmayıb.
Məlumata görə, söküntü əmri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən verilib. Amma səbəbi bilinmir. Çünki bina ərazidə qanunsuz olaraq yaşıllığı və ya səkini zəbt etməmişdi.