Keçən ilin dekabr ayının 26-da itkin düşən və 5 ay sonra axır ki, meyitləri tapılan alpinistlərə görə Fövqəladə Hallar Nazirliyinə etirazlar var
FİA.Az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri bu hadisədən sonra FHN rəhbəri Kamaləddin Heydərovun istefa verməli olduğunu yazırlar.
Onlardan biri Teymur Kərimov qeyd edib ki, FHN-nın “peşəkar” xilasediciləri onun da başına oyun açıb:
“Mən Sabunçunu su basanda evə qalmışdım. Zəng elədim ki, məni çıxarın. Dedilər ki, qeydiyyata aldıq, amma 2 gün gəlmədilər.
Deməyim odur ki, qar əriyəndən sonra cəsədləri tapmağa nə var ki?! Bizim vergidən aldığınız pullar burnunuzdan gəlsin”.
Ağasif Şakiroğlu isə yazıb ki, bütün bunlara görə K.Heydərov məsuliyyət daşıyır: “Az da özünə hörməti varsa, çıxıb xalqdan üzr istəyərək istefa versin”.
Onlarla feysbuk istifadəçisi bu şəkildə FHN şefini tənqid ediblər. Onlar yazırlar ki, 5 aya meyitlərin tapılması nazirliyin fiaskosudur.
Çünki qar əriyəndən sonra tapılması üçün bu nazirliyin xilasedicilərinə ehtiyac qalmırdı. Bu qədər vəsait xərcləndi, resurslar səfərbər olundu, amma biabırçı fəaliyyət ortadadır.
Avropa ölkələrində bu cür faktların üzərindən FHN rəhbərliyi istefaya gedir. Azərbaycanda isə istefa mədəniyyəti olmadığına görə nazir Kamaləddin Heydərovun belə addım atacağını gözləmək sadəlövhlük olardı.
Nazirliyin iflasa uğrayan bu fəaliyyəti K.Heydərovun özünə yaxın mediada gecə-gündüz apardığı piarı alt-üst etmiş oldu. Üç alpinisti 5 aydır tapa bilməyən nazirliyin tərkibi yenidən formalaşdırılmalıydı.
Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun meyiti ailələrinə təhvil verilib.
Yaxınlarının bildirdiyinə görə, onlar bu gün Bakı şəhərində dəfn ediləcək. Meyitlər təxminən 2800-2900 hündürlükdə olan ərazidə 4 m dərinlikdə aşkarlanıb. Alpinistlərin çadırda olduqları zaman uçquna düşdükləri ehtimal olunur.
FİA.Az xəbər verir ki, illərdir FHN şefi haqda mifik bir obraz yaradılıb. Onun rəhbəri olduğu nazirlik də məhz süni nəfəs verilərək şişirdilmiş strukturdur.
İtkin düşmüş alpinistlərin axtarışında Fövqəladə Hallar Nazirliyinin əzəməti sabun köpüyü kimi dağıldı. Kamaləddin Heydərovun nazirliyi altında yaradılmış FHN mifi və bütü tamamilə havaya sovruldu.
Azərbaycanın ictimai rəyində FHN obrazı uğurlu proyekt, hər bir fövqəladə hadisəyə hazır qurum kimi formalaşdırılmışdı.
Lakin bunun bir süni nəfəs aparatı olduğu, blef kimi ortaya atıldığı istərsə Kür daşqınları, istərsə Zaqatala zəlzələsinə aydınlaşmışdı.
İtkin düşən şəxslərin hər üçünün meyiti çadırda aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin komandiri, axtarışlara cəlb olunan qrupun rəhbəri Toğrul Mehdiyev APA-nın yerli bürosuna bildirib ki, bir neçə gün öncə müəyyən ipucuları tapılmışdı.
Məhz bundan sonra bütün güclər həmin istiqamətə yönəldildi. Onun sözlərinə görə, axtarışlara kinoloji xidmətinin xüsusi təlim görmüş itləri cəlb olunub.
“Təxminən 100:120 m olan ərazi idi. Əvvəllər 13-14 metr olan qar hazırda 4-6 metr olardı. Axtarışlar o istiqamətdə yönəldildi və gücləndirildi. 2 gün ərzində aparılan axtarışlar nəticəsində tapıldılar.
Təxminən 2800-2900 metr hündürlükdə, 4 metr qar uçqunu olan ərazidə aparılan qazıntılar nəticəsində cəsədlər çadırda tapılıb.
Birinci Babur, ikinci Fəridə, sonra isə Namin tapılıb. Hamısı istirahətdə olduqları zamanı güclü uçquna düşüblər və hərəkət imkanları olmayıb”, deyə Toğrul Mehdiyev bildirib.