Son zamanlar çörəyin keyfiyyəti ilə bağlı məsələ yenidən müzakirə mövzusuna çevrilib.
Gündəlik qida rasionumuzun əsasını təşkil edən çörəyin keyfiyyəti olduqca vacib məsələdir. Azərbaycanda kifayət qədər çörək istehsalı ilə məşğul olan sahibkarlar var. Amma onlar çörək istehsalında bütün normalara əməl edirlərmi? Bunu demək çətindir. Problem ondan ibarətdir ki, sahibkarlar müvafiq sənədlərlə təsdiq olunmuş qaydalara deyil, öz daxili “qayda-qanunları” ilə çörək istehsal edirlər.
Qida rasionumuzun “şah”ı…
Təkcə çörəyin istehsalı deyil, həm də onun daşınması prosesində həddindən artıq nöqsanlar var. Bəzi çörəkbişirmə müəssisələrində çörəyin istehsalı ilə bağlı müasir üsullara və standartlara əməl edilsə də, çox müəssisələrdə mənzərə tam olaraq bunun əksidir. Yəni köhnə texnologiyalardan istifadə edilir, əl toxunuşu hələ də qalır. Bu da istehsalın aşağı səviyyədə olmasına səbəb olur. Təbii ki, burada gigiyenik qaydalara əməl olunmadığı da faktdır. Beləliklə, qida rasionumuzun “şahı” sayılan çörəyin süfrəmizə belə formada daxil olması ürəkağrıdıcı mənzərədir. Mütəxəssislərin bildirdiyinə görə müasir texnologiyalara əsaslansaq, çörək istehsalında qətiyyən əl toxunuşu olmamalıdır. Xəmirin yoğrulmasından tutmuş, onun kündəyə gəlməsi, bişirilməsi və qablaşdırılmasına qədər müasir texnologiyalardan, standartlardan istifadə edilməlidir.
Bu çörək müəssisələrinin biznesinə son…
Bu günlərdə Qida Təhlükəsizliyi Agentliyi müvafiq qaydalara və standartlara cavab verə bilməyən bir neçə çörəkbişirmə müəssislərində nöqsanların olduğunu aşkarlayıb. Agentlik Bakı şəhərində fəaliyyət göstərən çörək istehsalı müəssisələrində qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlər zamanı çörək istehsalı müəssisələrindən çörək və çörəyin istehsalında xammal kimi istifadə olunan un məhsullarından nümunələr götürüb.
Götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyalarına göndərilib. Beləliklə, Səbail rayonu Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsi 4 ünvanında fəaliyyət göstərən fiziki şəxs Muradov İlqar Nizami oğluna məxsus, Xətai rayonu Neapol küçəsi 23 ünvanında fəaliyyət göstərən “Xətai-3” Kommersiya İstehsalat Mərkəzinə məxsus, Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri şossesi ev 25 ünvanında fəaliyyət göstərən “31 saylı çörəkbişirmə müəssisəsi” MMC-yə məxsus, Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi şossesində fəaliyyət göstərən “Baker Azərbaycan” MMC-yə məxsus və Xətai rayonu S.Əhmədov küçəsi 6 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əsədov Ehtiram Hüseynbala oğluna məxsus çörəkbişirmə müəssisələrində istifadə olunan unda kartof xəstəliyi ortaya çıxıb. Digər müəssisələrdə isə istehsal olunan çörək nümunələrinin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi aşkar olunub.
Kartof xəstəliyi aşkar olunan çörəkbişirmə müəssisələrində nöqsanların ətraflı araşdırılması, mezenterikus bakteriyalarının yayılmasının qarşısının alınması tədbirlərinin gücləndirilməsi məqsədilə yoxlama keçirilib. Aşkar olunmuş nöqsanlarla bağlı həmin müəssisələr barədə yol verilmiş pozuntular aradan qaldırılanadək məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Bununla yanaşı həmin müəssisələr barəsində sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə inzibati protokol tərtib edilib.
Ekspertlərin fikrincə, Agentliyin bununla nəzarət tədbirləri bitməməlidir. Çörək istehsalı ilə məşğulı olan iri zavod və müəssisələrdə də nəzarət tədbirləri həyata keçirilməlidir. Çünki onların da fəaliyyətində ciddi nöqsanlar istisna olunmur. Bəzi ekspertlər isə hesab edir ki, əslində Agentliyin məqsədi kiçik müəssisələri sıradan çıxarmaqla iri müəssislərə yol görünməkdən ibarətdir.
Liberal biznes…
Məsələ ilə bağlı “Cümhuriyət” qəzetinə danışan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov həqiqətən də ölkədə çörək istehsalı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu deyib. Onun sözlərinə görə, daha çox zavod çörəklərinin bişirilməsində ciddi nöqsanlar var: “Çörəklə bağlı vəziyyət heç də yaxşı deyil. Hər gün Azad İstehlakçılar Birliyinə çörəklə bağlı bir neçə şikayət daxil olur. Bu sahə liberal biznesdir. Bazarda kim istəsə, bu işlə məşğul olur, heç bir problem yoxdur. Çoxsaylı nöqsanlar var ki, onların da ən başlıcası çörək bişiriləndə vaxtı keçmiş unlardan istifadədir. Qida Təhlükəsizliyi Agentliyinin apardığı iş biznesin qarşısını kəsməyə deyil, təkmilləşdirilməsinə yönəlməlidir. Elə bir siyasət aparılmalıdır ki, o müəssisələr bağlanmasın, onlara kömək olunsun. Bizneslərinin qarşısının kəsilməsi deyil, əksinə, ayaq üstə durmaları üçün yardım edilməlidir”.
QHT sədri əlavə edib ki, təşkilatlarına sosial çörəklər hesab olunan zavod çörəkləri ilə bağlı daha çox şikayətlər daxil olur: “Bəzi zavod çörəklərinin üstü daha çox qızardılır və cadar-cadar olur. Bu, istehlakçını cəlb edir. Əslində həmin çörəyin tərkibində şəkər çox qalıb. Zavod çörəyinin üstü və altı da eyni rəngdə olmalıdır. Heç də tünd qızardılmış olmalı deyil. Bəzi zavod çörəklərində maya tam həll olunmamış qalır və çörəkdə qızartı əmələ gəlir. İstehlakçılar buna da aldanıb həmin çörəkləri almasınlar. Bundan əlavə çörəklərin daşınmasında da ciddi problem var. Bu sahəyə, ümumiyyətlə, nəzarət yoxdur”.teref.info