Qəbul etdiyimiz bir sıra qidaların təhlükəli olmasıyla bağlı “Whatsapp” mobil əlavəsində yayılmış kütləvi mesajlar əhalinin narahatlığına səbəb olur. Belə ki, naməlum şəxs tərəfindən yayımlanan mesajlarda bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olduğu, tərkibində vərəm çöplərinin aşkarlandığı iddia edilir. Xüsusilə, “Ancor” və “Westgold”dan başqa heç bir kərə yağı, o cümlədən, duru yağlardan istifadə etməməklə bağlı xəbərdarlıq edilir.
Qeyd edək ki, vərəm çöpləri tapıldığı iddia olunan qidalar arasında “Snikers” şokoladı, cipslər, “Gülüstan” şirələrinin adı çəkilir.
“Çünki bu qidaların hamısından vərəm çöpləri tapılıb. Şirkət rəhbərləri özləri bir-bir mağazaları gəzir. “Azərsun” əl-ayağa düşüb. Onların Türkiyədəki nümayəndələri Azərbaycana gəlib. Çalışın, 5-10 günlük qablaşdırılmış şirniyyatlar almayın, mayonezlərdən istifadə etməyin. Guya buna şayiə donu geyindirmək istəyirlər. Amma fakt bu dəqiqə qida sektoru dağılır”, – deyə səsyazısının naməlum müəllifi bildirib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), həm “Azərsun Holdinq” şirkəti, həm də “TAC” şirkəti ( “Gülüstan” şirələrinin istehsalçısı) bu məlumatların reallığı əks etdirmədiyi və əsassız olması ilə bağlı açıqlama versə də, insanların narahatlığı hələ də azalmaq bilmir.
Onu da bildirək ki, sentyabr ayının 24-də AQTA bir sıra məhsulların insan orqanizminə təhlükəli olması ilə məlumat yaymışdı. Məlumatda “Ozmo” əmtəə nişanlı “Ogopogo” keks, “ETİ” əmtəə nişanlı “Pop kek” (limon) və “Tutku” məhsullarından, həmçinin “Nutti” və “Monte Lemo” əmtəə nişanlı şokolad yağlarından və “Bonduelle” əmtəə nişanlı yaşıl noxud qida məhsullarının satışı qadağan olunmuş və dərhal aidiyyatı şirkət tərəfindən həmin partiyaya aid olan məhsulların satış şəbəkələrindən geri çağırıldığı bildirilir.
Həmçinin qeyd edilir ki, satış şəbəkələrindən yığışdırılmış həmin məhsullar müvafiq anbarlarda saxlanılır və araşdırma üzrə əlavə tədbirlər həyata keçirilməkdədir.
“Cümhuriyət” qəzetinin əməkdaşı adıçəkilən məhsulların marketlərdə olub-olmamasını, yığışdırılmasını dəqiqləşdirmək üçün Bakı və Sumqayıtdakı bir neçə dükana yollanıb. Məlum olub ki, adıçəkilən məhsulların marketlərdə satışına davam etdirilir, hətta məhsulların yeniləri də gətirilərək, bitən məhsulların yerinə əlavə edilir.
Kənardan xüsusilə də azyaşlıların diqqətini daha çox cəlb edən “Ozmo” əmtəə nişanlı “Ogopogo” keksinin alınmasını müşahidə etməyə başlayırıq. Demək olar ki, azyaşlı uşaqla mağazaya daxil olmuş hər 5 nəfərdən, 2-nin diqqətini bu kekslər çəkir.
Onlardan birinə yaxınlaşaraq öyrənirik ki, 5 yaşlı qızı hər gün bu kekslərdən yeyir: “Övladım bunları çox sevir, ona görə hər mağazaya yola düşəndə mütləq bu hissəyə baş çəkirəm”.
Məhsulun zərərli olmasını bildirdikdə isə valideyn deyir ki, bundan xəbərsizdir.
Həmçinin, müşahidəmiz zamanı məlum olur ki, “ETİ” əmtəə nişanlı “Pop kek” (limon) və “Tutku” məhsullarından da istifadə edənlərin sayı çoxdur. Bu məhsulların alıcısı isə daha çox 10-15 yaşlı uşaqlardır. Onlar tək başına yollanaraq, bu qidaları alırlar.
Onlar arasında 12 yaşlı Fidanla söhbət zamanı məlum olur ki, “Tutku”nu və “Pop kek”i məktəbə aparmaq üçün alır: ““Pop kek” və “Tutku” məktəbdə daha bahadır, ona görə mağazadan alaraq, gedib çantama qoyuram.
Hərəsindən birini özüm üçün, digərlərini isə qardaşım üçün almışam. İndi isə gedib sok da alacam”.
Orqanizm üçün təhlükəli olan “Bonduelle” əmtəə nişanlı yaşıl noxudlardan da alanların sayı çoxdur. Yaşıl noxud seçməyə çalışan qadınlardan məsləhət almaq və hansını seçmələrini öyrənmək üçün onlara yaxınlaşırıq.
Məlum olur ki, onlar salat hazırlamaq üçün seçimə hazırlaşırlar. “Bonduelle” almaq istəyən qadınla, digər məhsulu almaq istəyən qadın arasında kiçik dialoq baş verir. Onlar digər firmanın olan yaşıl noxudun alınması da razılaşırlar. Daha sonra dayana bilməyib, seçimlərinin yaxşı ki, digər firmadan olmasını və səbəblərini açıqlayırıq. Təəccüb dolu baxışlarından məlum olur ki, onların bu məhsulun qadağasından xəbəri yoxdur. Onlardan biri məlumat üçün bizə təşəkkür edir və həmin yerdən uzaqlaşırıq.
Müşahidə üçün yollandığımız mağazalardakı satıcılarla söhbətləşdikdən sonra məlum olur ki, satıcılar adıçəkilən məhsullar barədə məlumatsızdırlar və mağazalara bu barədə heç bir göstəriş verilməyib. Ona görə də satışa davam etdirilir.
Ümid edirik ki, AQTA-nın məlumatında yer alan “Ozmo” əmtəə nişanlı “Ogopogo” keks, “ETİ” əmtəə nişanlı “Pop kek” (limon) və “Tutku” məhsullarından, həmçinin “Nutti” və “Monte Lemo” əmtəə nişanlı şokolad yağlarından və “Bonduelle” əmtəə nişanlı yaşıl noxud qida məhsullarının mağazalardakı satışına ciddi nəzarət ediləcək və bu barədə mağaza sahibləri, eləcə də satıcılar, həmçinin insanlar məlumatlandırılacaq.teref.info