Dələduzluqluqda təqsirləndirilən Məlahət Məmmədovanın məhkəməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik Rəsul Quliyevin vəzifəyə getmək üçün Hərbi Komissarlığa 180 min manat verdiyini açıqlaması bu qurumda rüşvətin hansı piramidada olduğunu təsdiqlədi.
Cahan.info xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇX) rəisi Arzu Rəhimovun fəaliyyətinin rüşvətdən yoğrulması haqda səslənən ittihamlar rəsmən etiraf olundu.
Bu dəfə nə mətbuat iddia etdi, nə vətəndaş şikayəti var idi, nə kimsə xəstəliyi olmayan şəxsə pulla “niqodnıy bilet” verildiyini bildirirdi. Birbaşa Xidmətin Qazax şöbəsinin rəisi, polkovnik R.Quliyev özünü və A.Rəhimovu ifşa etdi.
Əslində məhkəmədə dediyi söz hüquqi məuliyyət yaradır və dərhal barəsində araşdırma başlana, cinayət işi açıla, həmin pulun A.Rəhimovun rəhbəri olduğu qurumda hansı səlahiyyətli şəxsə verərək işini həll etmək istədiyi təftiş olunmalıdır.
Düzdür, musavat.com yazıb ki, general artıq polkovnii işdən çıxarıb. Amma bu, sözügedən qurumda rüşvətin olmasını təkzib etmir. A.Rəhimovu, həmin qurumun imicini yerlə bir etmiş Qazax şöbəsinin rəisi reallığı ortaya qoyub.
O deyib ki, təqsirləndirilən M.Məmmədovaya 180 min manat pul verib: “O vaxt Müdafiə Nazirliyində işləyirdim, Hərbi Komissarlıqda vəzifəyə keçmək üçün 180 min verdim. Sonra iş alınmadı, pulumu geri qaytardılar”. M.Məmmədova deyib ki, R.Quliyevi vəzifəyə təyin etdirəcəyini deyən adam sonradan həbs olunub.
Polkovnikin sözlərindən belə çıxır ki, bu qurumda vəzifə təyinatı rüşvətlədir. Onun verdiyi 180 min manatla iş düzəlməyib, pul qaytarılandan sonra R.Quliyevin yenə də Qazaxda komissar işləməsi göstərir ki, bu posta pulsuz getməyib. A.Rəhimov komissarları pulla vəzifələrə təyin edirsə, hansı şəffaf fəaliyyyətdən, hansı təmiz işləməkdən, islahatlardan söhbət gedə bilər?
Son illərdə onun komissarların yerlərini tez–tez dəyişməsi də indi sübut edir ki, bütün bu təyinatlar rüşvətlə imiş. Halbuki, prezident bu Xidməti yaradanda hərbi xidmətə çağırış, komissarların fəaliyyətində şəffaflıq, islahat görmək istəyirdi.
Cahan.info xəbər verir ki, Məlahət Məmmədova bu işi “düzəldə” bilmədiyi üçün pulunu qaytarıb. O, Gəncəyə hərbi komissar getmək istəyib.
Ancaq görünən budur ki, polkovnik Rəsul Quliyev başqa vasitə və ya vasitəçi ilə istəyini gerçəkləşdirə bilib. Gəncəyə yox, bir az uzağa Qazaxa rəis gedib.
Lakin maralıdır, əvvəla, polkovnik Rəsul Quliyev Hərbi Komissarlıqda vəzifəni hansı yolla əldə edib? Bunun üçün əvvəl M.Məmmədovaya 180 min manat pul verən polkovnik Rəsul Quliyev bu dəfə “işini” kimin vasitəsilə və neçəyə düzəldə bilib?
İkincisi, Azərbaycan qanunvericiliyində işə düzəlmək, vəzifə əldə etmək məqsədilə rüşvət verilməsi də cinayət məsuliyyəti yaradır. Rüşvətvermə aktiv rüşvətxorluq sayılır və ona qarşı Cinayət Məcəlləsininin 312-ci maddəsində nəzərdə tutulmuş cəzalar tətbiq edilir. Məhkəmə niyə polkovnik Rəsul Quliyevlə bağlı cinayət işinin açılmasına dair qərar qəbul edərək, işi prokurorluğa göndərməyib?
Nəhayət, üçüncüsü Azərbaycanın hüquq-mühafizə orqanları polkovnik Rəsul Quliyevin bu “səmimi etirafına” diqqət yetirəcəklərmi? O da ayrıca araşdırılmalıdır ki, Müdafiə Nazirliyində işləyərkən bu polkovnik 180 min manatı (söhbət yəqin ki, devalvasiyadan qabaq olub – red.) necə, hansı yollarla əldə edib?
Deyəsən, R.Quliyev Astara rayonunun hərbi komissarı Kənan İsgəndərovun həbsini unudub. Ötən il Masallı rayon şöbəsinin rəisi olmuş Rəsul Quliyev tutduğu vəzifədən azad edilərək, Qazax rayon şöbəsinin rəisi təyin olunub. Gəncəyə getməyi alınmadıqda, Qazaxa göndərilib.
Mediada gedən yazılara görə, Qazaxın keçmiş komissarı Vüqar Mirzəyevdən sonra neqativ hallar azalmayıb, R.Quliyev estafeti davam etdirib.