Azərbaycanın milli neft şirkəti olan SOCAR barəsində həyəcanlı məlumatlar səngimək bilmir

Cahan.info xəbər verir ki, onlardan biri SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsində baş verən dəyişikliklə bağlıdır.

Aztoday.az yazıb ki, fətullahçılarla işbirliyi damğasını üzərindən qaldırmağa çalışan SOCAR rəhbərliyi onların Türkiyədə “vurmağa” çalışdıqları kadrları yüksək postlara yerləşdirir.

Sayt yazır ki, söhbət açacağımız kadr son günlər dövlət televiziyalarını və hakimiyyətə yaxın qəzetlərin “ulduzu”na çevrilən İbrahim Əhmədovdur. O İ.Əhmədov ki, SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsində söz sahibi olduğu gündən müxtəlif qalmaqallarda adı hallanır.

Belə ki, gah onun “dilsizliyi”, mətbuat üçün yazdığı məlumatların, hazırlayıb verdiyi hesabatların qeyri-dəqiqliyi, gah da rəhbərlik etdiyi şöbəyə guya müsabiqə yolu işçi götürmək adı ilə jurnalist həmkarlarmızı ələ salması barədə məlumatlar medianın gündəminə gəlib.

Sonuncu məsələ ilə bağlı iddialara görə, bu “dilsiz” sözçü jurnalist kadrların müsahibə yolu seçilməsi mərhələsində dili topuq vura-vura özünün də xəbəri olmadığı ciddi iqtisadiyönümlü sualları kağızdan oxuyub jurnalistləri “yararsız” elan etmək üçün istifadə olunub.

Rəsmi orqanı təmsil etsə də, saqqal saxlayan bu şəxs bu günlərdə dövlət başçısının Rusiyaya səfərindən sonra yerli telekanalların ulduzuna çevrilib.

AzToday.az saytının redaktoru Elmidar Əliyev yazırdı ki, SOCAR prezidenti Rövnəq Abdullayevdən, habelə Azərbaycan nefti hesabına milyardlar əldə edən SOCAR prezidentinin qohumları Anar Əliyev, Bədəl Əliyev, Azad Əliyev, Adəm Əliyev və s. tənqidi məqalə yazan saytlar dərhal DDoS hücumlarına məruz qalır.

Bundan əlavə, Türkiyə-Amerika lobbi qrupunun keçmiş rəhbəri Kemal Öksüz ABŞ hüquq-mühafizə orqanlarının sorğusu əsasında ötən gün Yerevanda saxlanılıb.

Texasda Türkiyə-Amerika Assosiasiyası Şurasının keçmiş rəhbəri Kemal (Kevin) Öksüz Azərbaycanın Dostları Assambleyasını (AFAZ) da idarə edib. 2013-cü ildə amerikalı konqresmenlərdən ibarət böyük qrupun Azərbaycana səfərinin maliyyələşdirilməsi barədə məlumatlar yayıldıqdan sonra bu iki təşkilat hakimiyyətin diqqətini çəkib.

2015-ci ildə “The Washington Post” qəzeti yazıb ki, bütün xərcləri gizli şəkildə SOCAR Dövlət Neft Şirkəti maliyyələşdirib. Bununla da Amerika qanunları və Konqresin etik normaları pozulub.

SOCAR-ın maliyyələşdirdiyini gizlətmək üçün bildirilib ki, səfərin təşkilinə K.Öksüzün rəhbərlik etdiyi qurumlar 750 min dollar ayırıblar. Nümayəndələr Palatasının Etika Komitəsi araşdırmaya başlayanda K.Öksüz ifadə verməkdən imtina edərək gizlənib.

Rəsmi Yerevanın məlumatına görə, K.Öksüz biznes qurmaq və şirkət yaratmaq məqsədilə Yerevana gəlib. Avqustun 23-də ABŞ onun həbsi üçün beynəlxalq order verib. K.Öksüz Etika Komitəsini aldatdığına görə barəsində axtarış elan edilib. Avqustun 29-da Yerevanda saxlanılıb.

Polis K.Öksüzün ilkin dindirilməsi haqda video yayıb. O etiraf edir ki, ABŞ rəsmi şəxslərinin Azərbaycana səfərini SOCAR maliyyələşdirib və nümayəndə heyətinin üzvləri üçün bahalı hədiyyələr alıb.

“Bəlkə, bu, korrupsiyadır, mən bilmirəm”,- K.Öksüz bildirib. “Azadlıq” radiosu yazır ki, türk K.Öksüzün Azərbaycan və Türkiyə ilə gərgin münasibətləri olan Ermənistana niyə getməsinin səbəbləri məlum deyil.

Cahan.info xəbər verir ki, SOCAR-ın idarələrində korrupsiya maşınının işləməsi haqda ittihamlar, məlumatlar mediada dolub-daşır. Son olaraq ən yenilərindən biri Dövlət Neft Şirkətinin Komleks Qazma İşləri Trestinin müdiri İsgəndər Şirəli haqdadır.

Bununla bağlı cumhuriyyət.az-a daxil olan məlumata görə Dövlət Neft Şirkətinin adı çəkilən idarəsinin müdiri vəzifəsində 20 ildən çoxdur işləyən İsgəndər Şirəli yaxın günlərdə vəzifəsi ilə vidalaşacaq.

Buna səbəb isə İsgəndər müəllim haqqında şirkət rəhbərliyinə və ölkə mətbuatına davamlı olaraq ünvanlanan şikayət məktublarıdı. Mediada yer alan məlumatlarda bildirilir ki, Komleks Qazma İşləri Trestində maliyyə baxımından bütün “strateji” postlar İsgəndər Şirəlinin qohumları, əqrabaları, tanışları, dostları və yaxın adamlarıdır.

Həmin məlumatlara əsasən cumhuriyyet.az bildirir ki, Şirəli İsgəndər bu vəzifəyə təyin olunandan sonra Azərbaycan Dövlət Neft Şirkətinin var – dövlətini talamağa başlayıb. O, istəyini həyata keçirmək üçün özünə yaxın bildiyi qohumlarını vəzifəyə gətirib.

İsgəndər Şirəli qardaşının yeznəsi İsa adlı şəxsi Trestin qazma Departamentinin rəis müavini, İsanın bacanağı Elvin adlı şəxsi Neft Daşları bölümündə təchizat üzrə rəis müavini, Xəyyam adlı yaxın qohumunu Tikinti şöbəsinin rəisi, Ramiz adlı digər qohumunu Sahil bölümünün 122 saylı özül bölümünün rəisi vəzifələrinə təyin edib. Salyan – Neftçala zonasında yaşayan digər qohumlarını da vəzifələrə təyin edən trest rəisi qanunları pozmaqla korrupsiya əməllərini icra etməkdədir.

Dövlət Neft Şirkətinin (SOCAR) struktur bölmələrindən biri olan Kompleks Qazma İşləri Trestinə rəhbərlik edən İsgəndər Şirəliyevin ölkə xaricində biznes şəbəki qurması haqda da mediada məlumatlar yayılıb.

Bununla bağlı cumhuriyyet.az bildirir ki, İsgəndər Şirəliyev 7-8 il öncə Türkiyədə biznes sahəsi qurmağa başlayıb. Həmin biznesin qurulmasında isə Fətullah Gülən hərəkatına bağlı və əslən azərbaycanlı olan şəxslərin köməkçi olduqları iddia edilir.

Realliqinfo.az-a daxil olan məlumatda vurğulanır ki, SOCAR-ın trest müdiri Türkiyənin İstanbul və Antalya şəhərlərində otelçilik biznesi yaradıb. Hazırda biznesi Şimali Kipr Türk Cumhuriyyətində yüksək səviyyədə fəaliyyət göstərməkdədir.

Məlumatda İsgəndər Şirəlyevin oğlu Xəzər Şirəlinin Kiprin Türk tərəfində torpaq sahəsi alaraq böyük bir istirahət kompleksi inşa etdiyi deyilir. Trest müdiri Kiprdəki istirahət kompleksini hərəkata bağlı bir iş adamı ilə şərikli inşa etməsi də gəzən söz söhbətlər arasındadır.

Son illər isə trest müdirinin əsas vəzifələrdə işləyən adamlarının çoxalması idarədə ciddi şəkildə narazılığa səbəb olub. Çünki İsgəndər Şirəlinin “starteji” postlara təyin etdiyi qohum, əqrabalarının əksəriyyətinin ixtisası neft sahəsi ilə uzlaşmır.

Ancaq buna baxmayaraq onlar neft-kimya sahəsinə illərini verib ali təhsil alan mütəxəsislərə rəhbərlik etməklə bərabər həmdə əmr sahiblərinə çevriliblər.

Məhz Kompleks Qazma İşləri Trestində baş verən qohum əqraba haqsızılığı Dövlət Neft Şirkəti rəhbərliyinində gözündən qaçmayıb. Çoxsaylı şikayətləri və mətbuatda təkzib olunmayan davamlı məlumatları nəzərə alan rəhbərlik İsgəndər Şirəli ilə vidalaşmaq qərarına gəlib.

Paylaş