Yeni çoxmənzilli yeni binalar inşa edilən vaxtdan problemləri də öz ilə birgə yaranıb. Əksər çoxmənzilli binalarda MTK sədrlərinin sakinlərdən həddindən çox kommunal haqqı yığması, bəzi binalara hələ də qaz çəkilməməsi kimi problemlər həllini gözləməkdədir. Bu kimi problemlər azmış kimi, yeni çoxmənzilli binalar inşa edilərkən bəzi MTK rəhbərləri fırıldaqçılıq, dələduzluq maddələri ilə, yəni bir mənzili 2-3 nəfərə satdıqları üçün cinayətə cəlb olunublar ki, nəticədə hələ həmin binaların işləri tamamlanmayıb və binalar normal şəkildə sakinlərə təhvil verilməyib.
Xəbər verdiyimiz kimi, belə binalardan biri də müğənni Aygun Kazımovanın qardaşı Kazım Kazımzadənin inşa etdiyi Xətai rayonunda yerləşən Gəncə prospektindəki 29/31 nömrəli hündür mərtəbəli yaşayış binasıdır. Sözügedən binada yaşayış olsa da, bu gün də bina qazlaşıdırılmayıb. Hazırda binada bır sıra problemlər var ki, bu da sakinlərin narazılığına səbəb olur.
Qeyd edək ki, bir neçə gün əvvəl həmin problemlər redaksiyamıza göndərilən şikayət məktubunda qeyd olunmuşdu. Adıkeçən binanın sakinlərinin sözlərinə görə, artıq 3 ildir ki, onlardan işıq və su pulunu nağd şəkildə yığırlar və bunun əvəzində qəbz verilmir. Qəbz tələb etdikdə isə pulu yığan, “Xətai-6”MMC-nin sədri Ayxan Qocayev və bina sakini Elçin adlı şəxs bildirirlər ki, bu tapşırığı “Azərişıq” və “Azərsu” rəhbərliyindən veriblər. Onların deməsinə görə sakinlərdən yığılan su və işıq pulu son qəpiyinə qədər “Azərişıq” və “Azəsu” ASC-yə verilir.
Ancaq ümumu məbləğ barəsində də qəbz yoxdur. Sakinlər onlara məxsus sayğacların harada quraşdırıldığını da bilmirlər. İstər su, istərsə də elektrik sayğacına baxmaq istəyən sakinlər hədə-qorxu ilə üzləşirlər.
Şikayətçilər onu da diqqətə çatdırmışdılar ki, binanın sakinlərini narahat edən məsələlərdən biri də işıq və su pulunun onlardan “qeyri-əhali” kimi yığılmasıdır. Sakinlər bildirirlər ki, bu bina 12 mərtəbəli yaşayış kompleksidir və onlar da mənzilləri sənədlə alıblar. Bəs, onda nəyə görə enerji və su sərfiyyatı qeyri- əhali abonent kimi yığılır?
Şikayətçi Mehdi Məmmədovun sözlərinə görə, narahatçılığa əsas səbəb odur ki, 3 ildir yığılan işıq və su puluna görə qəbz də verilmir: “Hər ay sakinlərdən 70-80-100, bəzi hallarda isə 150 manat işıq və su pulu yığılır. Bu pulların hansı göstəriciyə əsasən hesablandığı və yığılan pulların hansı hesaba köçürüldüyünü bilən yoxdur. Deyəsən, “Azərişıq” və “Azərsu” pul yığımında təzə “üsul” tapıblar. Görünür, bu da dələduzluğun və ya vergidən yayınmanın yeni formasıdır”.
Xətai rayonunda yerləşən Gəncə prospektindəki 29/31 nömrəli binanın sakini, şəhid anası Rüxsarə Məmmədova da əməkdaşımıza binadakı problemlərlə bağlı danışdı: “Xeyli vaxtdır bina tikilsə də, su xətti yox idi. Hər kəsdən sayğac qoymaq, su xətti çəkmək üçün 300 manat istədilər. Bütün sakinlər də həmin pulu yığdı, verdi. Onu doğrudan da elədilər. İndi də qaz xətti çəkmək, sayğac qoymaq üçün hər evdən 1000 manat yığırlar. Artıq ümumi qaz turbasını çəkiblər. Məndən başqa hər kəsə sayğac qoyulub. Çünki mən 1000 manatı verə bilmədim. Mən 1000 manatı nə ilə verim? Oğluma görə 220 manat şəhid pulu verirlər, 220 manat da pensiya alıram, onu verim? Mən nəyə görə verməliyəm? Oğlum ondan ötrü ölüb ki, kimsə gəlib məndən 1000 manat pul istəsin, desin qaz çəkirəm?!”
R.Məmmədova nəzərə çatdırdı ki, o, təmirə başlayan kimi işıq üçün evin çol qapısının yanında sayğac qoymuşdular: “Evdə təmir vaxtı drel, digər elektrik əşyaları işlədilirdi. Sayğac yazdığını biz də ödəyirdik. Lakin 300 manat yığılandan sonra indi sayğacı aparıb, birinci mərtəbəyə qoyublar. Demək olar hamının qapsından işıq sayğaclarını sökdülər, apardılar birinci mərtəbədə bir otağa qoyub, ağzını da bağladılar. İndi mənim ən böyük problemim odur ki, evdə soyuqda oturmaq olmur. Heç nə yandırmıram. Yandırdığım ancaq işıqlardır. Onu da bir yerdə yandıranda, o birində söndürürəm. Bir az işıq yandıran kimi gör mənə nə qədər işıq pulu gəlir(əl ilə yazılmış qəbzləri göstərir- müəl). İstədiyi vaxt məbləği yazır, biz onu görmürük. Sonra qəbzləri gətirib qapıya yapışdırır, biz də o qəbzləri götürürük. Mən özümə “kontrolnu” sayğac qoymuşam ki, onun yazdığı qəbz ilə müqayisə edəm. Ayxan ona şərait yaratmır. Mən ona deyirəm yazanda mənə de və qapını aç, mən gedim öz sayğacımı görüm. Mənim yanımda yaz, qəbzi də mənə ver ki, gəlim öz sayğacımla müqayisə edim. Mən bu işıq pulu ilə razı deyiləm. Nəinki mən, hansı qonşuya getsəniz, hamısı işıq puluna görə şikayət edəcək. Hələ məndə az pul gəlib. Suyumuz da iki gündən bir kəsilir. Mən Ayxandan narazı deyiləm, onun yanında gəzən Elçinlə tez-tez dalaşıram”.
R.Məmmədova qeyd edi ki, bu yaxınlarda o, oğlu ilə bağlı Cocuq Mərcanlıda olub: “Mən oradan gələndən sonra daxili qoşunlardan uşaqlar mənə dəyməyə gəldilər. 150 saylı məktəb oğlum Faiq Rzayevin adınadır. Səhəri günü də oradan direktor, müavini, iki müəllimə və rəfiqəm gəlmişdi. Həmin Elçin göstəriş verdi ki, maşını şlaqbaumdan o tərəfdə saxlayın, burada maşın saxlamayın. Mənə deyir ki, bura sakinlər üçündür. Dedim, mən də sakinəm. Deyir onlar hamısı ayda pul verirlər. Mənim maşınım yoxdur deyə mənim evimə gələn qonaqların maşın saxlamağa ixtiyarı yoxdur? Elçin onlara imkan vermədi ki, maşını qapıda saxlasın. Deyirəm, sənin üçün ayıb deyil? Axı, bunlar mənim evimə qonaq gəliblər. Deyir fərqi yoxdur, getsinlər orada saxlasınlar. Mənimlə əl-qolla danışır. Sənin nə ixtiyarın var, mənimlə əl-qolla danışırsan? Ondan sonra, mən ona heç nə demədim. Üstündən 10 gün keçmədi evdə şkaf yığdırırdım, usta gəldi. Bir də gördüm zəng edir ki, alə, gəl maşınını oradan çək. Onu deməyin də təhəri var. Sən də insansan, iş görən usta da insandır. Mən əsəbimdən əsirdim. İmkan vermədim ki, usta çıxsın, özüm çıxdım. Getdim ki, Elçin Ayxanın otağındadır, Ayxan da yanındadır. Deyirəm utanmırsan sən hər dəfə mənə niyə ilişirsən? Nəyə gərə sən imkan vermirsən ki, mənim evimə gələn gedən maşınını saxlasın. Dedi, yaxşı edirəm, buranı mən tikmişəm, əcəb edib qoymuram. Mənimlə belə danışdı. Ayxan mənimlə hörmətlə danışır. Mən ondan narazı deyiləm. Hətta mənə söz verib ki, evin yanında sənin oğlunun adına şəhid bulağı düzəldəcəm. Amma Elçindən çox narazıyam. Birincisi, onun səlahiyyəti nədir? O kimdir ki, göstəriş verir? O, sadəcə, bizim sakinlərdən biridir”.
Şəhid anası onu da qeyd etdi ki, binanın qarşısındakı 9 metr enində həyət sakinlərə aiddir: “Ondan o tərəfə bizə aid deyil. Onun sənədi var, yox, bilinmir. Elçin deyir, oranı mən tikmişəm, mən idarə edirəm. Deyir, ora mən xərc çəkmişəm. Binada çox tikintilər gedir. Binanın altında, üstündə, böyründə hər yerində tikinti gedir. Mən deyə bilmərəm ki, o tikintini kim aparır, bəkə sənədi var, artırıblar. Bundan qabaq Ələkbər işləyib, bəlkə o satdığı yerlərdir. Sadəcə, mən görürəm ki, hər tərəfdə tikinti gedir. Amma nə tikinsidir, hansının sənədi var, yox, onları mən bilmirəm. Sakinlərin də tikintiyə narazılığı var. Necə yoxdur? Buna görə bi neçə sakin Xətai Rayon Məhkəməsinə getmişdik ki, binamızın altı niyə tikilir? Ora bizim xeyir-şər evimizdir, bizim qarajımızdır. Nəyə görə orada tikinti aparılır? Binanın qabağındakı artırmaları mən bilirəm ki, o vaxtı Ələkbər, Kazım tikib”.
R.Məmmədova evinə gələn qonaqların maşınını həyətə qoymadıqları üçün şikayət etdiyni bildirdi: “Mən buna görə dava etdim, Elçindən 35-ci polis bölməsinə şikayət etdim ki, sən kimsən binanın qabağında maşın saxlamağa icazə vermirsən? Bu məsələ ilə bağlı 35-ci polis bölməsindən heç bir xəbərdarlıq etmədilər. Mən onlardan da şikayətçiyəm. Çünki mənə diqqət yetirmədilər. Şikayət etdyim gün evə gəldilər, mən danışdım, qulaq asdılar, mənə hörmətlə yanaşdılar, getdilr. Amma gedəndən sonra mənə heç bir məlumat verilmədi. Sadəcə olaraq həmin gün zəng etdilər ki, biz buradan çıxanda tapşırıq verdik qapıçıya, Ayxana, Elçinə ki, Rüxsarə xanımın evinə hansı bir maşın gəlsə, həyətə buraxılsın. Sonra mənə heç bir məlumat verilmədi. Ona nə cəza verdilər, bilmədim”.
Şəhid anası onu da etiraf etdi ki, bəzən ondan kommunal haqqı istəyirlər, ancaq borcu ilə bağlı ona dəqiq məlumat verilmədiyindən, ödəməkdən imtina edir.
Adıkeçən binanın idarə etməyi üzərinə götürən “Xətai-6” MMC-nin sədri Ayxan Qocayev isə binanın təhvil verilməməsinin səbəblərini belə açıqladı: “Binanı inşa edən birinci təsisçi Kazım Kazımzadə 2012-ci ilin yanvar ayının 12-də həbs olunub və yerinə ANT şirkəti kimi Əkbər Cəfərov gəlib. O da 2015-ci ildə həbs olunub. Biz də 2006-cı ildən mənzi alanlardan biriyik. Biz sonra mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratdıq və bu gördüyünüz su, işıq, yol, blokların təmiri, liftlərin qoyulmağı, binanın damı, yəni bütün bu işləri biz “Xətai-6”MMC olaraq öz hesabımıza gördürmüşük”.
“Bina özəlləşdirilməyibsə, siz necə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmısnız” sualına A.Qocayev belə cavab verdi: “Çünki müqavilənin dəyərini tam ödəyən mülkiyyət hüququna sahib ola bilir və bu zaman da təsis yığıncağı olur. Təsis yığıncağının qərarı verilir. Qərar veriləndən sonra 50+1% səs toplanır, İdarə Heyəti yaradılır. Orada sədr, müavini, təftiş komissiyası, üzvləri olur. Onlar artıq fəaliyyət göstərirlər. Yəni biz bina özəlləşdirilmədən bu cəmiyyəti yaratmışıq. Bir çox binalarda da belədir”.
“Xətai-6” MMC-nin sədri bildirdi ki, onlar şəhid anası kimi Rüxsarə xanıma kömək edirlər: “O, kommunal haqqını ödəmir. ANT şirkəti buradan gedəndən qabaq su pulu binaya qeyir-əhali üçün gəlirdi. Cammat yığışırdı, qeyri-əhali hesabı ilə pul ödəyirdik. Qeyri-əhali üçün suyun 1 tonu 2 manat idi. Əhali üçün 1 ton su 50 qəpikdir. Biz burada neçə il qeyri-əhali üçün su işlətmişik. Sonradan Qorxmaz müəllimə məktub yazdıq, sağ olsun, köməklik göstərdilər. Xətai rayon Su İdarəsinin köməyi ilə bizim xəttlər çəkildi, təhvli-təslim aktı verildi, bütün işlərin hamısı qaydaya qoyuldu, hər kəsin mənzili də 2017-ci ilin iyun ayında tam kodlaşdırıldı, sayğac qoyuldu”.
“Niyə işıq qəbzi əl ilə yazılır, sakinlərə sarı, qırmızı rəngli kağızlar verirsiniz” sualına gəlincə, A. Qocayev qeyd etdi ki, işıq hazırda fəaliyyət göstərən “Xətai-6”MMC-nin adınadır, yəni qeyri-əhali üçün işıq pulu gəlir: “ “Xətai-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin adına da podstansiyada bir dənə sayğac var. Podstansiyadan binaya işıq gəlir. Binada da hər mənzil sahibinin aldığı elektrik ştinin içərisində “kontrolnu” sayğac var. Hər ayın 15-20-si arası “Azərişıq” bildirişi göndərir ki, ayda binaya bu qədər pul gəlib. Məsələn, bu ay binaya cəmi 8877 manat gəlib. Qeyri-əhali olduğuna görə də 1 kilovat 9 qəpikdir. 100 kilovat işlədən 9 manat ödəyir. Sakinlərə qəbz yazılıb qoyulur, deyilir ki, get ödə, çekini gətir. ANT şirkətinin rəhbəri həbs olunan zaman binanın 16 mindən çox işıq borcu var idi. Onu da öz hesabmıza az-az bağladıq”.
MMC sədri onu da nəzərə çatdırdı ki, binadakı elektrik ştinin içərisində olan sayğacı Rüxsarə xanımın özü alıb: “Mənzilinə qoyduğu da öz sayğacıdır. Onu kimi bir çox sakinlər də mənzillərinin içərisində “kontrolnu” sayğac qoyub ki, görsün, plyus, minus varmı. Elektrik şti koridordadır, qıraqda deyil ki. O istədiyi vaxt getsin açsın, baxsın. Şit bağlı deyil, hər hansı bir atvyorka ilə açılır. Ümumilikdə bağlı olmalıdır, ona görə ki, uşaqlar var. Kiminsə uşağı toka düşüb, kiməsə görə ölməlidir? Elektrik şiti harada açıq olur ki? O haçan gəlib deyib ki, sayğaca baxmaq istəyirəm.
İkinci bir tərəfdən elə Rüxsarə xanım kimi adamların ucbatından bu bina yarımçıq qalıb. Binanın tikintisi üçün müqavilə var, heç ödənişini tam ödəməyib. Ona görə də tikinti işləri yarımçıq qalıb. Binanın üstündəki artırmalar əvvəlki şirkətlərin inşa etdikləridir. 2013/14-cü illərdə inşa olunan şeylərdir”.
A.Qocayev diqqətə çatdırdı ki, sakinlərin narzılıq etdiyi Elçin adlı şəxs binanın sakinidir: “Fərdi qaydada binanın vəziyyətinə kömək edir. Öz binamızdır, özümüz də bir yana çıxartmalıyıq. Bunu başqa kimsə gəlib bir yana çıxarası deyil ki. Rüxsarə xanım kimi bir neçə nəfərin ucbatından bu bina bu vəziyyətdə qalıb. Birincisi, müqaviləsi o mənzillə düz deyil. Müqavilədə yazılanla mənzilin kvadratı düz gəlmir. İkincisi də mənzilin dəyərini tam ödəməyib. Yəqin ki, gələcəkdə təsisçi türmədən çıxanda öz məsələsini həll edəcək. O bizim məsələ deyil. Amma o, mənzilində heç düzgün oturmayıb”.
“Biz şəhid ailəsi kimi ona hörmət edirik. Mən də bu binanın sakiniyəm, eləməyə də bilərəm. Dədəsinə borcum yoxdur. Oğlu şəhid olub, ona cənab prezident nə lazımdır edir. Biz sakinlər borclu deyilik ki. Mənim də şəhid olan yaxınlarım var. Mən indi hər dəqiqə şəhidi əlimdə kozr tutmalı deyiləm ki. Öz anası, bacısı üçün şəhid olub, bizim üçün olmayıb ki. Bizim də şəhidimiz var. O da bizim üçün şəhid olub. İndi mənim borcum deyil ki, mən nəsə edim və yaxud binanın sakini etsin. Burada nə iş görülürsə, bu binanın sakinlərinin protokolu ilə görülür. Məsələ protokollaşdırılır ki, bu iş olar, ya olmaz. Kommunal haqqı ödəmir. Ayda 550 manata evini kirayə verib, gedib istirahət edəndə nətəhər idi? Gəlir əldə edir, dövlətə vergi ödəmir. Bu, nətəhər olur?
Onun maşını içəri girə bilməz. Çünki o binanın sakinləri o həyətin düzəlməsi üçün pul xərcləyib, həmin sahəyə asfalt saldırmışıq, içi mən qarışıq öz maşınımızın rahat dayanması üçün şərait yaratmışıq. O adamın həyət üçün 1 manat xərci çıxmayıb. Bu da özəl binadır. Həm də o həyət binanın həyəti deyil. Oranı qazmışdılar, dərə etmişdilər. Əziyyət çəkən biz, onun adamı orada niyə maşın saxlamalıdır? Əziyyət çəkib düzəltdirərdi, ona da bir pay düşərdi. Camaata 10 manat düşəndə, ona da 1 manat düşərdi. O, haqsız yerə mənim evimi şikayət edəndir. O, mənim evimə iddia qaldırmışdı. O, Elçinin haqqında nə danışa bilər? Elçin binanın sakinidir. Bina sakini kimi gəlib kömək edir. Bina fakt problem içindədir. Suyu, işığı yox idi, kanalizasiya suyu göydən başımıza tökülürdü. Nə elektrik xətti, texniki şərti, nə də qazı, onun layihəsi, texniki şərti var idi. Bunların hamısını aldıq. Nə də damı yox idi, damdan su gəlib qapımıza çıxırdı”,-deyə Qocayev problemləri dilə gətirdi.
“İndi də damı yoxdur dedikdə” isə MMC sədri dedi ki, küncdə bir az yer qalıb: “O da problemli olduğuna görə əl vurmuruq. Ora qalsa da, aşağı tollanıb. Binanı inşa edən tikinti şirkəti Fövqəladə Hallar Nazirliyi ilə 2007-ci ildən bağladığı müqavilənin dəyərini də ödəmyib, aldadıblar. Bu gün onun ödənilməsini öhdəlik götürmüşəm ki, istismar aktını versinlər, binanı qazlaşdıraq. Bu gün bu qadın havayı qaz istəyir. Qazın sayğacını pulsuz vermirlər, dedektor, usta pul ilədir. 600 metr turba alınıb, xətt çəklib, texniki şərti verildi. Haqqı ödənildi. Bunlar havayı çəkilib ki, mən havayı qaz verim və yaxud onun haqqını kimin boynuna yazım? Mən cibimdən verməliyəm? Öz heabımıza lift aldıq qoyduq. Lift üçün bir qəpik pul ödədi? Ödəmədi. Amma bu gün liftlə rahat qalxıb-düşür. Evinə 24 saat su vururuq. Elektrik pul yazır. Elektirk pulunu ödəyir? Ödəmir. Bu gün ona verdiyimiz hər şey pulsuzdur. Onu tanıyan bu bina sakinləri hamısı narazıdır”.teref.az