Bakı İqtisadiyyat və Humanitar Kollecində “humanitar böhran”; “Direktor tası”; elmə, təhsilə “cibinin gözüylə” baxanlar; Rüxsarə Əliyevanın çoxsaylı “ölü ştatları” …
Ali və orta ixtisas təhsili müəssisələrində payız imtahan sesiyası yekunlaşmaq üzrədir. Semestr ərzində tələbələrin qazandığı biliklərin qiymətləndirilməsi zamanı heç də bütün təhsil ocaqlarında şəffaflığa riayyət olunmayır. Elmə, təhsilə cibinin gözüylə baxanlar vardır və nə yazıq ki, bir çoxları hələ də rəhbər mövqelərini qoruyub saxlayırlar.
Rubrika.az saytına Bakı İqtisadiyyat və Humanitar Kollecində baş verənlərlə bağlı ciddi məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, kollecdə son illər təhsil sahəsində aparılan islahatlardan əsər əlamət yoxdur. Kollec rəhbərliyi “köhnə hamam, köhnə tas” prinsipi ilə işləməkdə davam edir. Tas demişkən, burada hər şey direktorun “qiymət tas”ından asılıdır. Yəni tələbələrdən toplanan pulların məbləği bazar məzənnələri ilə tənzimlənir.
Saytımıza verilən məlumatlarda bildirilir ki, kollecin direktoru Rüxsarə Əliyeva bu təhsil ocağını özəl müəssisəsi kimi idarə edir. Burada tələbələrdən müxtəlif adlar altında pul toplanılması adi hal alıb. Dərsə gəlməyin də, gəlməməyin də öz qiyməti var. İmtahanlar zamanı isə əlin cibində olmasa növbəti kursa keçmək üçün heç bir şansın yoxdur. Qiymətlər isə qeyd etdiyimiz kimi “əl yandırır”.
Rubrika.az saytına bildirilir ki, Kollecin direktoru Rüxsarə Əliyevanın rəhbərliyi altında kollecdə fəaliyyət göstərən şöbə müdirləri tələbələrə müxtəlif formalarda tələblər irəli sürməkdə davam edirlər. Tələbələr isə bu tələbləri yerinə yetirməsələr rəhbərliyin qəzəbinə tuş gəlirlər.
Kollecdə həmçinin çoxsaylı “ölü ştatlar”ın olduğu da bildirilir. R. Əliyevanın qohum-əqrabasının, dost-tabnışının bir çoxunun adı kollecdə getsə də onları burada nə görən, nə də tanıyan var. Baxmayaraq ki, hər ay onlar üçün dövlət büdcəsindən maaş ödənilir. Beləcə illərdir ki, büdcə vəsaitləri talanır, müxtəlif adlar altında mənimsənilir.
Saytımıza verilən məlumatlarda kollecdə təhsilin keyfiyyətinin çox aşağı olduğu, heç bir tədbirin isə görülmədiyi xüsusilə vurğulanır. Görünür hansısa “gözəgörünməz” qüvvələr R. Əliyevanı qorumaqda hələ də maraqlıdırlar. (Rubrika.Az)