Vidadi Əliyev Hacıbala Abutalıbovun onu yalandan ittiham etməsini heç cür qəbul etmək istəmir

Hazırda Baş nazir müavini vəzifəsini tutan Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun keçmiş vəzifəsində törətdiyi cinayət əməlləri barədə silsilə yazıları Xeberman.com saytında dərc edirik. Bizim saytla bərabər, bir sıra kütləvi informasiya vasitələrinin də verdiyi həmin yazılar, əsasən, sabiq merin həmin vəzifəni icra edərkən dövlət əhəmiyyətli binaları saxta yollarla öz yaxınlarının adına özəlləşdirməsi, sahibkarların mülklərini qeyri-qanuni üsullarla əlindən alması, şəhər İcra Hakimiyyətinin tikinti işlərini aparan fəhlələrin məvacibini veməməsi ilə bağlıdır. Baş nazirin müavini mətbuatda onun qeyri-qanuni əməlləriylə bağlı yayılan məlumatlara: “Bu günə qədər mənəviyyatımı qoruya bilmişəm!” deməklə, münasibət bildirib. Sabiq mer bizim saytımıza açıqlamasında da bildirib ki, onun haqqında verdiyimiz informasiyalar yalan və iftiradan başqa bir şey deyil. Bu səbəbdən, təcili təkzib verməli, şikayət doğuran materialları dövriyyədən çıxarmalıyıq.Əks halda, DTX-nə və Baş Prokrorluğa müraciət edəcəyini qəti şəkildə bildirib: Bu barədə Hacıbala müəllimin köməçisi Ədalət bəyin şəxsən özü Xeberman.com saytının rəhbəri Polad Aslanova bildirib.
İndi isə keçək Hacıbala müəllimin özünün mövqeyinə. “Yalan ayaq tutar, yeriməz. Verilən informasiyalarla dərc olunmuş sənədlər tamamilə bir-birini təkzib edir. Bu informasiyaları ötürən şəxs dövlət əmlakını mənimsəmə və vergidən yayınmaqda təqsirli bilinərək, Cinayət Məcəlləsinin 179-cu və 213-cü maddələri ilə məhkum olunan və hazırda Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Departamentinin sədr müavini vəzifəsində işləyən Vidadi Əliyevdir. Bu, onun sənədləri saxtalaşdırma yolu ilə mənimsəmə və qanunsuz olaraq, tikdiyi obyektlər haqqında məlumatlar adiyyatı dövlət orqanlarına məlum olduqdan sonra, öz gördüyü işləri ört-basdır etməyə çalışması, eləcə də ona nail olmadıqda əvvəllər məhkum olunduğu vaxtda istifadə etdiyi böhtan dolu bir şantaj metodudur.
Özəlləşdirmə ilə əlaqədar verilən informasiyaların mənə heç bir aidiyyatı yoxdur. Əminəm ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi qanunsuz olaraq heç bir obyekti özəlləşdirmir və özəlləşdirə də bilməz. Mən bu günə qədər mənəviyyatımı qoruya bilmişəm.Hacıbala Abutalıbov bundan sonra mənəviyyatını yüzqat qorumalıdır və qorumağa çalışacaq. Zəhərli ilanın nə qədər günahı varsa da, ona zəhərverən koramalın günahı isə, çox-çox böyükdür”.
Hacıbala Abutalıbovun bu tərzdə təkzib verdirmək istəməsi, heç cür başa düşülən deyil. Çünki saytımıza qarşı şikayətini ciddi arqumentlərlə ortaya qoymalıydı. Vidadi Əliyevin onun haqqında yalan və böhtan kampaniyasına başlaması fikrinə də heç cür haqq qazandırmaq olmur. Çünki Vidadi Əliyev Hacıbala Abutalıbovun onun haqqında ciddi ittihamlar irəli sürməsinə münasibət bildirərkən dedi ki, onun sabiq merlə heç bir düşmənçiliyi yoxdur ki, bu metoda əl atsın: “Mən, bu barədə, elə, bu gün xəbər tutdum. Əleyhimə belə ittiham önə çəkməsinin nə mənası?!. Bu, açıq-aşkar fəaliyyətimə düşünülmüş şəkildə xələl gətirmək, nüfuzumu zədələmək üçün qondarma fikirlər irəli sürmək deməkdir. Tənqid obyekti heç bir əsaslandırma olmadan necə belə ittihamlara məruz qala bilər?
Bütün dediklərindən narazı qalıb, dünən Nazirlər Kabinetinə getdim ki, Hacıbala müəllimlə görüşüm, bu məsələyə, haqqımda dediklərinə sivil qaydada aydınlıq gətirmək üçün! Lakin köməkçisi Ədalət müəllimi birinci mərtəbədə mənimlə söhbətə göndərdi. Mənimlə səmimi görüşən Ədalət müəllim dedi ki, Hacıbala müəllim deyir ki, guya, məndə onun imzasıyla olan, Bakı Şəhər İcra Hakimiyyətinə aid orjinal sənəd və sərəncamlar var. Həmin rəsmi sənədləri ona təhvil verəndə, məni qəbul edəcək və məsələyə aydınlıq gətirəcək. Nə orijinal sənədlərdir bilmirəm! Görünür, Hacıbala Abutalıbov nədənsə çox narahatdır və elə, bu səbəbdən də, məni gözümçıxdıya salmaq istəyir. Hacıbala Abutalıbovun mənə qarşı haqsızlığına, ədalətsiz mövqeyinə, bir sözlə, “qara piar” kampaniyası başlamasına dözməyərək, elə, Nazirlər Kabinetindən çıxan kimi, iş yerimə gəlib, istefa üçün ərizəmi yazdım. Gərəkdir ki, mən də, mübarizəmi layiqincə və vicdan çərçivəsində aparım ki, sonda heç kəs məni qınamasın. Ümidvaram ki, kimin haqlı olduğu tezliklə məlum olacaq. Böyük Allah da, daim haqqın tərəfindədir.”
Vidadi Əliyev deyir ki, Hacıbala Abutalıbov mer olanda, onunla heç bir ədavəti olmayıb. Hətta daim dövlət və dövlətçilik naminə çalışaraq, öndə gedən, bacarıqlı bir mütəxəssis kimi, haqqında həmişə xoş sözlər də deyib, yüksək vəzifələr verib: “Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olanda, səmərəli əmək fəaliyyətimi nəzərə alaraq, 2017-ci ilin may ayının 25-də 55 yaşım tamam olanda yubileyim münasibətilə məni Bakı Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif etdi. Onda mən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Mənzil fondunun istismarı və kommunal təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışırdım. Mən necə cinayətkar ola bilərdim ki, o, məni, bundan sonra da, İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini kimi daha məsul bir vəzifəsinə təyin edib?!. Bir də, mən, onun haqqında nədən mətbuata məlumatlar ötürüm?!. Haqqında bildiklərimi, elə, əlaqədar dövlət qurumlarına təqdim edə bilmərəm?!. xeberman.com


Bir daha deyirəm ki, Hacıbala Abutalıbov məni bacarıqlı mütəxəssis, vicdanlı vəzifə sahibi kimi tanıyıb həmişə. Bu səbəbdən, əməyimi bütün vəzifələrdə yüksək qiymətləndirib. Elə, götürək, 30 mart 2018-ci ildə Hacıbala Abutalıbovun Baş Nazirin müavini Abid Şərifova yazdığı məktubu. Müraciət xarakterli bu məktubda, qarşıdan gələn 10 aprel İnşaatçılar günü peşə bayramı ilə əlaqədar olaraq, mənə Azərbaycanda Tikinti Kompleksinin İnkişafındakı xidmətlərimə görə, “Tərəqqi” medalı təltif edilməsi məsələsinə baxılmasını ondan xahiş edib. Başçı, məktubunda əsas olaraq onu göstərib ki, mən, paytaxtda aparılan yenidənqurma, abadlaşdırma işlərindəki xidmətlərimə görə, buna layiqəm. Bəli, bu doğrudan da, belədir; Bakı şəhərində möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında, parkların və xiyabanların yenidən qurulması və abadlaşdırılması ilə bağlı həyata keçirilən bütün işlərdə can-başla iştirak etmişəm. Yorulmaq nədir, bilməmişəm.
Ümumiyyətlə, hamı məni cənab prezidentin həyata keçirdiyi bütün işlərin ürəkdən dəstəkçisi kimi tanıyıb. Çünki bu böyük şəxsiyyətin dövlət başçısı postunda həyata keçirdiyi möhtəşəm siyasəti naminə, bütün varlığımla canımı fəda etməyə belə hazır olmuşam. Elə, tutduğum vəzifələrdə həyata keçirdiyim ürəkaçan işlərimlə də, bunu təsdiq etmişəm. Bəs, Hacıbala Abutalıbov məndən nə istəyir, mənə qarşı niyə birdən belə ədalətsiz kampaniyaya başladı, bunu başa düşmürəm…”.

Paylaş