Şikayətçilər: “Vüqar 79” Məhdud Məsuliyyətli Cəmiyyəti şahid ailələrinə mənzillərin tikintisi zamanı korrupsiyaya yol verib”miq.az
2017-ci ildə Saatlı rayonunda şəhid ailələri üçün mənzil tikintisi zamanı korrupsiya hallarına yol verilib.
Bu barədə bir neçə gün öncə iş icraçısı Əzizxan Əzizov məlumat vermişdi.
O bildirmişdi ki, 2017-ci ilin aprel ayında Saatlı rayonu Qıraqlı kəndində şəhid ailələri üçün 2 otaqlı mənzil tikib. Mənzillərin tikintisinə və ustalara xərci şəxsi vəsaitləri hesabına ödəmək məcburiyyətində qalıb.
Qanunla mənzillərin tikintisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tender sifarişi ilə “Vüqar 79” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilsə də, şirkət iş icraçılarına veriləcək vəsaiti mənimsəyib.
Sabiq nazirin və müavinin adı 530 min manatlıq tender qalmaqalında…
Şikayətçi Arqument.Az-a bildirib ki, tikinti Səlim Müslümovun nazir olduğu dövrdə aparılıb və işdə Dövlət Sosial Müdafiəsi Fondunun Təmir-Tikinti İdarəsinin rəisi Natiq Əzizovun da adı olub.
Onun sözlərinə görə, ümumi işə ayrılan 530 min manat təyinatı üzrə xərclənməyib.
Deyilənə görə, 530 min manat vəsaitin bir hissəsini “Vüqar 79” MMC Natiq Əzizova “otkad” formasında geri qaytarıb: “2017-ci ilin aprelin 23-də tikintiyə nəzarət edən Quliyev Nadir mənə dedi ki, bizə Saatlıda şəhid ailələri üçün 7 mənzilin tikilməsi tapşırılıb. Mənzilin bir neçəsinin tikintisini də mənə həvalə etdilər. Dedilər ki, tikinti başlayanda – özülü qoyanda 30 faiz avans veriləcək. Biz işə başlasaq da, pul verilmədi. Soruşanda dedilər ki, tikintini dayandırmayın, pullar veriləcək. Özümüzdən 12 min manat pul xərclədik, ustalara və fəhlələrə pul verdik ki, kasıb adamlardır, işə gəliblərsə, evlərinə pul aparmalıdır. Pulun da hamısını özümdən ödədim. Halbuki onlar hələ də işlətdikləri fəhlələrə pul verməyiblər”.
Onun sözlərinə görə, nazirlik onları aldadıb: “Bizə dedilər ki, yenidən ərizə (forma 2) yazın, pulu verək. Biz də təzədən yazdıq, sənəd təsdiq olundu, amma indiyə qədər mənə çatacaq 12 min manatı qaytarmayıblar. Bu da Səlim Müslümovun nazir olduğu dönəmdə, yəni Dövlət Sosial Müdafiəsi Fondunun Təmir-Tikinti İdarəsinin rəisi Natiq Əzizovun dövründə olub”.
Şikayətçi bildirib ki, nazirlikdə dəyişiklik olunandan sonra tikinti onlardan alınıb, yenə də pulları verilməyib: “Sonra nazir dəyişdi. Sahil Babayev da işi başqasına verdi. Tikintini onlar apardı. Bizə də pul qaytarılmadı”.
“”Vüqar 79″ MMC deyir ki, pulu nazirlik yeyib”
Əzizov ona çatacaq vəsaitin ƏƏSMN və “Vüqar 79” MMC-nin məniməsdiyini iddia edir: “Nazirlik bizə dedi ki, pulu “Vüqar 79” MMC-nin rəhbəri yeyib. “Vüqar 79″ MMC isə deyir ki, nazirlik ümumiyyətlə bizə pul verməyib. Hətta bizdən sonra tikinti materiallarımızı da götürüb işlədiblər. Bununla bağlı Saatlı Rayon Məhkəməsinə müraciət edilib. Məhkəmə isə qətnamə çıxararaq, mənimsənilən materialın dəyərinin 74 min manat olduğunu təsdiqləyib”.
O qeyd edib ki, “Vüqar 79” MMC “Forma 2″ni gizlədir, şikayətçilərə isə vəsaiti Səlim Müslümov və Natiq Əzizovdan tələb etməyi tövsiyə edir.
Məhkəmə isə şikayətçilərin xeyrinə qərar çıxarsa da, iş üzrə qətnaməni onlara vermir.
Hazırda Səlim Müslümov və Natiq Əzizova çıxış əldə edə bilməyən şikayətçilər dövlət qurumlarına müraciət etmək məcburiyyətində qaldıqlarını deyirlər.
Sahil Babayev məsələni niyə araşdırmadı?
Əzizxan Əzizov ona çatacaq 12 min manat pulu almaq üçün bütün hüquqi yollara baş vuracağını deyib.
O, məsələ ilə bağlı ölkə başçısına, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyi düşünür.
Şikayətçilər bildiriblər ki, Sahil Babayev nazir təyin ediləndən sonra işi başqa şirkətlərə həvalə etsə də, onaqədərki korrupsiya faktını araşdırmayıb, bununla bağlı hər hansı bir hüquqi addım atmayıb.
“Vüqar 79” MMC kimindir?
“Vüqar 79” MMC ilə bağlı internetdə çox az sayda məlumata rast gəlinir. Bu şirkətin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha bir korrupsiya “camaşırxana”sında – “laundromat”larda hallanır. Belə ki, 2016-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 nömrəli Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə yumşaq inventarın satın alınması zamanı şirkətin adı 20953.00 AZN vəsaitin alınmasında keçir, lakin bu vəsaitin necə xərclənməsi barədə heç bir məlumata rast gəlinmir. Hətta nazirliyin kotirovka sorğusunu nə vaxt elan etdiyi barədə də hər hansı bir məlumat internetdə əksini tapmayıb.
“VÜQAR 79” Məhdud Məsuliyyətli Cəmiyyəti 14.11.2014 tarixdə Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində rəsmi qeydiyyata alınıb. Hüquqi ünvanı Sumqayıt şəhəri, 3 mkr, ev 23, m. 18 yerləşən MMC-nin nizamnamə kapitalı 10.00 AZN-dir.
MMC-nin qanuni təmsilçisi isə 1979-cu il təvəllüdlü Vüqar Elxan oğlu Əhmədlidir. Bundan başqa, şirkət haqqında məlumat almaq mümkün deyil. Ümumilikdə isə dövlət qurumları fəaliyyəti qeyri-şəffaf olan bu tip MMC-lərlə işləyir, tender və katirovkaları da məhz bu şirkətlərə ötürürlər.
Mövzunu diqqətdə saxlayacağıq.