Əvvəlcə Eldar Mahmudovun bandası və MTN işi üzrə baş reyestrinin başının getməsi ilə “quyruğu qapı arasında” qalan, ardınca qudası Elmar Vəliyevin güllələnməsi ilə dayaqları sarsılan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 2018-ci ilin növbədənkənar prezident seçkilərindən sonra başlanmış kadr islahatları dalğasında vəzifədən çıxarılacağı dəqiqləşmişdi.
Lakin K.Həsənəvu hifz edən “sehirli əllər” siyasi rəhbərliyi inandırmış və arxayın eləmişdi ki, komitə sədri sədaqətlidir, dürüst işləyəcək, etimadı doğruldacaq və komandaya lazımdır.
Bu sınaq mərhələsində “sudan quru” çıxarılan K.Həsənovun elə ki, mövqeləri qismən möhkəmləndi, MTN işindəki xətaları müvəqqəti olaraq toz basmış rəfdəki qovluğa qoyuldu (haçansa dosyenin silinib açılması istisna deyil), özündə güc tapıb hətta, Cəlilabaddakı adamı Əziz Əzizovun Yasamala icra başçısı gəlməsinə, reyestr xidmətində işləyən kadrı Namiq Zeynalovun isə həmin rayona eyni posta təyin olunmasına müvəffəq oldu.
Anaxeber.info yazır ki, bütün bu hadisələrdən sonra K.Həsənov qeybə çəkilməyə başladı. Bir neçə aydır onun adına adda-budda rast gəlmək olardı, özünü gözdən iraq yerdə saxlayırdı ki, gündəmdə olmasın. Amma bu fəndgirliyi hara qədər davam etdirə bilərdi?!
Axı kor-kor, gör-gör ki, K.Həsənovun komitədəki fəaliyyətində heç nə dəyişməyib; şikayət şikayətin dalınca, məktub məktubun üstünə, prezidentə müraciətlər, faktlar, özbaşınalıq, rüşvət, komitənin yerli strukturlarından, reyestr xidmətlərindəki açıq bazarlardan dövlət rəhbərliyinə saysız-hesabsız gileylər bir qalaq narazılıq dağarcığı yaratmaqdadır.
Üstəlik, siyasi hakimiyyətin idarəçilik modelində dəyişiklik, müəyyən sosial islahatlar getdiyi bir ərəfədə, iqtidarın kursunun yeniləndiyi vaxtda K.Həsənov və komitəsi yenə də “köhnə hamam, köhnə tas”dan qurtulmaq istəmirlər. Bir sözlə, prezidentin islahatlar paketinin tərkib hissəsi olmaq, proseslərlə ayaqlaşmaq fikrindən uzaq görsənirlər. Gəlin, faktlara nəzər salaq, sonra hər şey aydınlaşacaq:
Birincisi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində vətəndaşların süründürməçiliyə məruz qalması adi haldır. Bu, hər bölgədə belədir.
Amma pulu verirsən, ortaya bir “makler” salırsan, heç üç gün çəkmir ki, Çıxarış da hazırdır, başqa sənədlər də…
Komitə və onun tabeliyindəki reyestr xidmətləri tərəfindən rüşvətsiz heç iş görülmür. İnsanlar incidilir, Çıxarış ala bilmir, müxtəlif bəhanələr göstərilir, get-gələ salınırlar. Və Kərəm Həsənov müqavimət göstərir ki, səlahiyyətləri alınaraq ASAN Xidmətə verilməsin.
Məsələn, bir müddət əvvəl rüşvət tələbi ilə üzləşən Rəhimova Həqiqət Abdul qızının müraciətini təqdim eləmişdik.
Onun sözlərinə görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin rəis müavini Zəfər Abdulov süründürməçiliyin baş “fironu” olaraq tanınır.

“Mən ondan Çıxarış ala bilmirəm. Əlimdə sənədlər, vərəsəlik haqda məhkəmə qətnaməsi, 2008-ci ilin arxiv sənədi var. Amma Zəfər müəllim qanunlara zidd gedərək, heç bir əsas göstərmədən mənə aid 57 sot torpağın “kupça”sını vermir”.
H.Rəhimova qeyd edib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin rəisi Şəmsi Şahvələdov, Bakı Ərazi Şöbəsinin rəis müavini Zəfər Abdulov, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev zəncirvari şəbəkə qurublar.
Anaxeber.info yazır ki, növbəti fakt vətəndaş Sevinc Rəsulzadənin dilindən səslənib. Maqomayev 89 ünvanında yaşayan S.Rəsulzadə bir ildir ki, sənədini ala bilmir.
Onun sözlərinə görə, el arasında “BT” adlanan Dövlət Reyestr Xidmətində bütün məmurların yanında olub, amma sənədini vermirlər. Heç bir əsas gətirə bilməyən reyestr xidmətinin vəzifəliləri ünvanın adının dəyişməsini bəhanə edirlər. Notarius, ASAN Xidmət təsdiqləyib ki, əmlakın sənədləri qaydasındadır.
Amma K.Həsənovun rüşvət yuvasının öz prinsipləri var. S.Rəsulzadə iddia edir ki, hətta onun var-yoxu belə orada söyülüb:
“Bir ildir ki, savaşdayam, amma sənədim verilmir. Mənim o boyda pulum yoxdur ki, rüşvət verim, onu görməyəcəklər.
Mən İlham Əliyevdən, Mehriban xanımdan xahiş edirəm ki, hüquqlarımız pozulur, var-yoxumuz söyülür. Bizim babalarımız repressiya qurbanlarıdır, indi niyə söyülməliyəm?
Cənab prezident, inandığınız nümayəndəni Reyestr Xidmətinin 7-ci otağına göndərin, orada nələr baş verdiyini, hansı oyunlar getdiyini görsün”.
Lakin komitə sədrinin yeganə qurbanı S.Rəsulzadə deyil. Yüzlərlə belə vətəndaş reyestr xidmətlərində haqsızlıqla qarşılaşırlar.
K.Həsənov prezidentin islahatlarına kölgə salan bu fəaliyyəti, ölkədə sosial gərginliyə, qarşıdurmaya aparan, aşağılarda narazılığı dərinləşdirən, kəskinləşdirən siyasəti ilə İlham Əliyevə növbəti dəfə hansı pislik etdiyinin fərqində deyil.
Deyəsən, həmyerlisi və onun karyera yüksəlişinə səbəb olan keçmiş nazir Fərhad Əliyev əleyhinə ifadəsi ilə iqtidar daxilində gözdən düşməsini, nüfuzunu itirməsini, sonra Eldar Mahmudovla işbirliyinin üzə çıxması ilə hakimiyyət rəhbərliyi qarşısında etibarını itirməsini unudub, ona verilən sonuncu şansları, limitləri də xərcləməyə başlayıb.
Bu proses isə ona yaxşı gələcək vəd etmir və ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, bürokratik əngəllərin aradan qaldırılması, kölgə iqtisadiyyatına qarşı mübarizə aparılması istiqamətində həyata keçirilən tədbirlər fonunda Kərəm Həsənovun qurumlarının bu siyasi kursa zidd getməsi, badalaq vurması, köhnə sistemlə işləməsi yaxşı nəticələnməyə bilər. Komitə sədri anlamalıdır ki, əvvəlki əyyamlar deyil, idarəçilikdə ciddi sistematik dəyişikliklər baş verir, prezident heç bir məmurun ala gözünə, qara qaşına vurulmayıb və xidməti dövründə əndazəni aşan vəzifəli şəxsi gözünü qırpmadan istefaya göndərməyə hazırdır.


Kərəm Həsənov isə elə fiqurdur ki, təpədən dırnağa qədər bataqlığın içində üzür, onun işdən çıxarılması ilə məsələ bitən deyil, çox ağır sualların, hesabatların qarşısında dayanmalı olacaq.
Bu baxımdan yolu yarıdan qayıtmaq da xeyirdir və komitə vətəndaşlarla işləmək, müraciətlərinə baxmaq, onları bürokratik əngəllərlə incitmədən problemlərini həll etmək istiqamətində mühüm addımlar atmalıdır.
Əks halda prezident İlham Əliyevin və I vitse-prezident Mehriban Əliyevanın islahatlarının qarşısında duruş gətirə, sipər ola bilməyəcək…
Anaxeber.info

Paylaş