Növbədənkənar seçkilər ssenarisi həyata keçmədiyi halda, 2020-ci ilin ilk yarısında Yeni Azərbaycan Partiyası (YAP) növbəti seçkilər üçün hazırlığa başlaycaq. Lakin hakim partiyadan seçilmiş bir çox tanınmış şəxslərin parlamentə giriş yolu bu dəfə qapadıla bilər. Bunu iddia etmək üçün bəzi nümunələr var.
Hazırda Milli Məclisdə 72 deputatı olan YAP-ın yeni siyahısında dəyişiklik üçün əsas nədir?
Bəzi deputatların hakim partiyanı pis vəziyyətdə qoyan açıqlamaları, qanunazidd biznes fəaliyyətlərinin yaratdığı problemlər və s.
Bu mənada çıxdaş ediləcək şəxslər sırasında Milli Məclisin sədri Oqtay Əsədov ilk pilləni tuta bilər. Bu ilin martında Rusiya polisinin Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən obyektdə keçirdiyi əməliyyatla bağlı məlumatlar gündəmin əsas müzakirə mövzularından biri olub. Araşdırmalar nəticəsində həmin ünvanda yerləşən “Kapriz” adlı sauna-striptiz klubun Əsədovun ailəsinə, daha doğrusu, spikerin xanımı Zemfira Əsədovanın “Arizarum Qrup” MMC-sinə (kapital dəyəri 10 milyon 629 min $) məxsus olduğu aydınlaşıb.
Azərbaycan dövlətində statusuna görə 4-cü şəxs olan, hakimiyyətin qanunverici qoluna rəhbərlik edən bir şəxsin böyük səs-küy yaradan qalmaqala təpkisi yalnız susmaq olub. Ona qahmar çıxmış deputat Fəzail Ağamalının “Oqtay Əsədov spikerdir deyə, onun ailəsi acından ölməlidir?! Sahibkarlığın nəyi pisdir?!” tragikomik cavabı isə rəzaləti ört-basdır etməyə kifayət etməyib.
Məntiqlə YAP, Siyasi Şuranın üzvü olan Oqtay Əsədovun bu “ləkə”sindən təmizlənməlidir.
Digər qalmaqal Aydın Mirzəzadənin təmas xəttinə baş çəkən Ermənistanın baş naziri Nikol Paşinyan və digər vəzifəli şəxslərinə qəsd etmək barədə çağırışı ilə yaranıb. Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, YAP İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri əvvəlcə açıqlamasında hissiyyata qapıldığını, daha sonra “jurnalistlərin onun çıxışını təhrif etdiyini” söyləsə də, necə deyərlər, quş artıq qəfəsdən çıxmışdı: erməni mətbuatı “mingəçevirli qurbağa”nın açıqlamasının açıq təhdid olduğunu dünyaya car çəkirdi.
YAP-çı Siyavuş Novruzovun da parlamentdən kənarda qalmaq ehtimalı yüksəkdir. YAP-ın icra katibinin müavini hakim partiyanın Siyasi Şurası və İdarə Heyətinin üzvü olan sabiq nazirlərlə bağlı açıqlaması ilə partiyasını çıxılmaz durumda qoyub. Nəticədə, bir sıra digər YAP-çı deputatlar (Eldar İbrahimov, Tahir Rzayev), o cümlədən partiya sədrinin müavini, icra katibi, həmçinin Baş nazirin müavini olan Əli Əhmədov sakitləşdirici izahatlar verməli olublar.
“Partiya məsləhət bilərsə, yenidən seçkilərə qatıla bilərəm. Partiya mənə dəstək olmazsa, mən seçkilərə qatılmayacam”. Bunu İTV-yə müsahibəsində deyən Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, YAP-ın Siyasi Şurasının üzvü Hadi Rəcəblinin də 2020-ci il 6-cı çağırış parlament seçkilərindən kənarda qalması gözləniləndir. Onun bir sıra açıqlamaları təkcə KİV-də deyil, sosial şəbəkələrdə də iqtidarın hədəfə çevrilməsinə səbəb olub. Təbii ki, növbəti dəfə deputat mandatına sahiblənmək üçün adları iqtidarın “qara siyahı”sına düşmüş şəxslər yuxarıda sadaladıqlarımızla yekunlaşmır. Bu sırada adı “Relax” İstirahət və Turizm Mərkəzindəki qalmaqalda hallanmış, bu məsələyə görə ailə üzvüləri həbs olunmuş İqbal Məmmədov və digərləri də var.
Reyting.az-ın məlumatına görə, YAP-da növbəti seçkilərlə bağlı artıq indidən kulis söhbətləri gedir. Çox məhdud dairəyə deputat vəsiqəsi almaq arzusu ürəyində qalacaq adlar dəqiq məlumdur.
Bəs 2020 kampaniyasında onları kimlər əvəzləyəcək?
YAP-da yeni simaların görünəcəyinə dair siqnallar var. Lakin daha etibarlı görünən ehtimal budur ki, yenilənmiş Milli Məclisdə “bitərəf” deputatlar sayca çoxalacaq. Bu, əsasən Aİ ölkələri və ABŞ-da ali təhsil almış, idarəçi təfəkkürlü, siyasi iddiası olmayan gənc kadrlardır.
Əslində, son dövrün təyinatları da bu fikrin təsdiqləyici nişanəsidir. Hakimiyyətin icraedici qolunda köhnə-kürüşdən qurtulan iqtidarın hakimiyyətin qanunverici qanadındakı “yıpranmış lələklər”dən təmizlənməsi zamanı yetişib.teref.az