Bizim başabəla parlamentin Lerikdən seçilmiş bir deputatı da var-İqbal Məmmədov. “Adlı-sanlı” adamdır, sözü-söhbəti mətbuatdan düşmür. Avqust ayında baş verən dillərə dastan qalmaqalını xatırlayırsınız yəqin. Əziz-xələf oğlu öz qoçu dəstəsi ilə bir araya gəlib Lerikdəki “Relaks” istirahət mərkəzində vergi müfəttişlərini döymüşdü. Məsələ o qədər böyümüşdü ki, DİN və baş prokurorluq xüsusi açıqlama yaymış, deputatın oğlu Mihamid və 5 qoçusunun həbs edildiyini bildirmişdi. O arada da rayonda böyük bir ərazini zəbt edən “Relaks”ın kimə məxsus olduğu söhbətləri qızışmışdı. Mötəbər mənbələrin məlumatından belə bəlli olmuşdu ki, 14 hektardan çox sahəsi olan dəbdəbəli mərkəz İqbalın neft baronu Rövnəq Abdullayevlə şərik biznesidir. Görünür deputatın oğlu öz qoçuları ilə birlikdə dövlət məmurunu döymək cəsarətini də arxalandığı adamdan alıb. Bunların qoçuları adam döyməkdə xüsusi məharət sahibidir axı. SOCAR-ın qoçuları jurnalistləri, Qarabağ qazilərini döyüb qanına qəltan etməkdən qorxmursa, Mirhamid vergi müfəttişini əzişdirməkdən niyə çəkinsin ki?

Leriklilərə qan ağladan deputat

Arxasının möhkəm yerə bağlı olduğunu düşünən İqbal Məmmədov yaxın günlərdə Lerikdə daha bir rəzalətə imza atıb. Adam kəndin problemləri ilə bağlı şikayətini dilə gətirən kənd ağsaqqalını ağır şəkildə təhqir edib. İllərdir kənddə tanınmış, sözü keçən kənd ağsaqqalına qarşı bu hörmətsizlik sakinlərin kəskin qəzəbinə səbəb olub. Bir araya gələn kənd sakinləri bu tərbiyəsizliyi üçün deputatdan üzr istəməyi tələb ediblər. Xatırladaq ki, İqbalın kobud və söyüşcül biri olması təzə söhbət deyil. Bundan əvvəl Lerik rayon sakini Eldəniz Quliyev 60 sot qanuni sənədi olan həyətyanı sahəsinin Lerikin icra başçısı və İqbal Məmmədov tərəfindən alındığını yazmış, məsələni ictimailəşdirəndən sonra deputatın onu təhdid etdiyini demişdi. “Rayonun deputatı İqbal Məmmədov bir müddət əvvəl mənimlə telefon əlaqəsi yaradaraq “səni aradan götürərəm” deyə təhdid etdi. Hətta nalayiq küçə söyüşləri ilə məni təhqir etməkdən çəkinmədi. 75 yaşlı anamı – Əliyeva Xoşqədəm Şövqi qızını təhqir elədilər. Axşam 2-ci dəfə anonim zəng edərək, bu məsələni böyütsəm, məni öldürəcəklərini bildirdilər”.

Söyüş alnına yazılıb

Deputatın başqa bir söyüş qalmaqalı da iqtisadçı Qulu İbrahimli ilə olmuşdu. İqtisadçı deputatın bir şirkətinin maliyyə işlərini görmüş və bunun müqabilində deputatın ona külli miqdarda borcu yaranmışdı. Borcu ödəyəcəyi haqqında söz verən deputat sonradan bundan imtina etmişdi. İqtisadçı növbəti dəfə deputatın şəxsi telefonuna mesaj yazaraq ona olan borcunu ödəməsini xahiş edən zaman İqbal Məmmədov “var-yox” söyüşü söymüşdü. Qulu İbrahimli bunu sosial şəbəkədə ictimailəşdirmiş və deputatın cavabını beşqat özünə qaytardığını bildirmişdi. “İlk olaraq əlaqədar mobil operatorlara müraciət edib danışıq mətnini və səs yazısını çıxaracağam. Sonra bu adamın arxasında dayanan iri məmura müraciət edəcəyəm və nəhayət, ondan cavab gəlməsə Milli Məclisin rəhbərliyinə, prezident İlham Əliyevə müraciət edəcəyəm. Görüm, bu adamın mənəvi-əxlaqi çərçivəsi nə həddədir ki, mənə elə əxlaqsız söyüşlər söyür. Mən bu adam haqqında, onun neçə-neçə insana qarşı elə zülmlərini bilirəm ki, onların hamısını bir-bir millətin gözlərinin qarşısına sərəcəyəm.” Bu hay-küydən və “Relaks”da baş verənlərdən sonra İqbal Qulu İbrahimliyə barışıq təklif edərək, onunla olan mübahisəni sakitləşdirmişdi. Bax, parlamentdə təmsil olunan bütün gülməşəkərlərin belə rüsvayçı dosyeləri var. Bizdən dosyeləri açıb bunların iç üzünü sizə göstərmək, sizdən də bunların tezliklə siyasi səhnədən silinib getməsinə dəstək vermək! Artıq Lerik seçiciləri də hesablarını götürüb ölkədə başlanan etiraz aksiyalarında öz səslərini ucaltmalıdırlar. Bir daha əmin olun ki, bunlar sizə millət vəkili deyil, öz mənfəətlərini güdən düşməndilər!
Azerbaycansaatı.tv

Paylaş