Teref.az yazır ki, Azərbaycana tibb avadanlıqlarının gətirilməsi ilə məşğul olan «Şimal Servis» şirkəti Dövlət Gömrük Komitəsini (DGK) idxal edilən avadanlığa görə, qanunsuz ƏDV tələb etməkdə ittiham edib.
Şirkətdən sayta verilən məlumata görə, bir aydan artıqdır ki, Almaniyadan lizinq müqaviləsi əsasında gətirilən tibb avadanlığı gömrükdə saxlanılır və həmin avadanlığa görə ƏDV ödənişi tələb edilir: «Halbuki, Mülki Məcəlləsinə əsasən, tərəflər beynəlxalq lizinq müqaviləsinə dair üçtərəfli müqavilə imzalamaqla, ölkəyə mallar idxal edə bilər. Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə əsasən, lizinq müqaviləsinin obyekti ƏDV-ə cəlb olunmamalıdır».
«Şimal Sevis» şirkətin qarşısına qoyulan tələbin qanunsuz olması ilə bağlı qanunvericiliyi də əsas gətirir: « ƏDV və lizinq müqaviləsi mübahisəsinə son qoymaq məqsədilə Vergi Məcəllənin 140.6-cı maddəsinin həmin maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Mülki Məcəllənin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli Plenumun qərarı ilə müəyyən etmişdir ki, maliyyə lizinqi əməliyyatı özündə lizinq və alqı-satqı müqavilələrini birləşdirən tam bir əməliyyatdır. ƏDV məqsədləri üçün maliyyə lizinqi əməliyyatı maliyyə xidmətlərinin tərkib hissəsi kimi ƏDV-dən azad edilir. Belə ki, Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə görə, maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur».
«Amma təəssüflər olsun ki, gömrük orqanları lizinq müqaviləsi ilə ölkəyə idxal edilən mallardan qanunsuz və əsassız olaraq ƏDV tələb edirlər. Bu da ölkəmizdə investisiya yatırımının qarşısını alır, investorların hüquqlarının pozulmasına gətirib çıxarır. Həmin şirkətlərdən biri də “Şimal Servis” MMC-dir ki, hal hazırda bu problemlə üzləşdiyi üçün idxal etdiyi mallar qanunsuz olaraq gömrük orqanlarında saxlanılır»-deyə şirkətdən FED.az-a bildirilib.
Məsələnin detalları barədə məlumat verilərək «Şimal Servis»dən bildirilib ki, sözügedən tibbi avadanlıq ölkəyə 3 tərəfli imzalanan lizinq müqaviləsi əsasında Almaniyadan gətirilir. Müqavilə apreldə bağlanılıb, avadanlıq isə Bakıya avqustun 8-də daxil olub. İndi Bakı Baş Gömrük İdarəsinin anbarında saxlanılır.
Avadanlığın dəyəri 72 759 avrodur və ona aid büün ödənişlər həyata keçirilib. Amma avqustun 8-dən təqribən 2 ay keçməsinə baxmayaraq şirkət hələ də mallarını rəsmiləşdirib bitirə bilməyib. Səbəbi odur ki, gömrük xidməti şirkətdən 13 min avro ƏDV ödəməyi də tələb edir.
«Şimal Servis» bununla bağlı bir neçə dəfə Komitənin rəhbərliyinə müraciət etsə də, və qəbula yazılsa da, görüşmək mümkün olmayıb və məsələ həllini tapmayıb. Doğrudur, Gömrük Komitəsinin Apellyasiya Şurasına müraiciətinən sonra malın buraxılışına icazə verilib və bəyannaməyə möhür vurulub: «Amma avadanlığı gömrük ərazisindən çıxaranda yenidən geri qaytarıb və bəyannaməni də geri aldılarıb. Dedilər ki, rəhbərlik icazə vermədi».
Gömrük Komitəsindən şirkətə bildirilir ki, ƏDV-nin tətbiq edilməsinin səbəbi odur ki, şirkət bu malı istehsalçının özündən deyil vasitəçidən alıb. Amma şirkətdə bu arqumenti əsasız sayırlar: «Bu şirkətin şərtləri daha sərfəlidir, biz həmin avadanlığın pulunu hissə hissə ödəyirik».
Müraciətlərin nəticəsiz qaldığını görən şirkət Komitəni məhkəməyə verməyə qərara alıb: «Sonuncu dəfə avqustun 15-də komitəyə müraciət etdik, pretenziya qaydasında, yəni məhkəmədən əvvəl müraciət formasında».