Karantin rejimi dövründə qoyulan məhdudiyyətlərin bir qisminin aradan götürülməsi ilə ticarət mərkəzlərinin və “MALL”ların fəaliyyəti bərpa edildi.

Gundemxeber.Az bildirir ki, musavat.com-un əməkdaşı iyunun 1-də Bakının ən böyük ticarət mərkəzlərindən olan “Binə” Ticarət Mərkəzində olub.

Əməkdaşımız karantin rejimindən sonra bazardakı vəziyyəti öyrənib, sahibkarların problemlərini dinləyib, koronavirusla mübarizə çərçivəsində ticarət mərkəzinin necə fəaliyyət göstərdiyini müşahidə edib.

“Binə” əvvəlki vəziyyətinə qayıtmağa başlayır…

Bazarın dayanacaqlarında maşın saxlamağa yer tapmaq çətin məsələdir.

Düzdür, avtomobillərin əksəriyyəti bazarda çalışanların olsa da, artıq müştərilər də bazara üz tutmağa başlayıb.

Ticarət mərkəzinin girişlərindəki yeməkxanaların əksəriyyətinin işləmədiyi görürük. Tək-tük dönərxananın fəaliyyəti gözə çarpır və qarşısında insan sıxlığı müşahidə etmək olur. Bir çox yeməkxanalarda isə təmizlik işlərinə başlanıb.

Bazar ətrafındakı sanitar qovşaqların hamısı istifadəyə verilib.

Lakin heç birində gigiyena qaydalarına əməl edilmir. Natəmizlikdir və ödənişi 30 qəpik olan sanitar qovşaqların heç birində dezinfeksiya mayeləri yoxdur.

Artıq mağazalardan ödənişlər tələb edilir…

Bazarın ilk sıralarında qoltuğunda dəftər olan şəxsin satıcıdan ödəniş tələb etdiyini eşidirik.

Satıcı isə “saat 10-da Bismillah eləmişik, imkan verin”, – deyə, cavab verir. Ödəniş tələb edən şəxs isə “özümə yığıram ki…” deyə satıcıya minnət edir və mübahisə böyüyür. Daha sonra satıcı “iki aydır evdəyik, aman verin başlayaq” deyərək ödəniş etməyəcəyini deyir.

“Çəkiliş var, maska taxın…”

Müşahidələrimizi davam etdirmək üçün ticarət mərkəzinin geyim satılan sıralarına üz tuturuq. 5-ci sıraya addımımızı atan kimi televiziya kanallarından birinin çəkiliş apardığını görürük.

Bazar rəhbərliyindən olduğunu hər hərəkəti ilə hiss etdirən kostyumlu şəxs həm çəkiliş aparanlara, həm satıcılara, həm də bazarda olan digər şəxslərə məsləhətlərini verir.

Bir satıcı kamera qarşısına keçir və ticarət mərkəzinin karantin rejiminə uyğun olaraq, bütün qaydalara əməl etmək şərti ilə fəaliyyət göstərdiyini danışmağa başlayır.

Bu zaman ticarət mərkəzinin vəzifəli şəxsi kamera qarşısından keçənlərə nəzarət edir və maskasız müştəri və satıcılara xəbərdarlıq edir. Anidən xadimələrdən biri təmizlik işlərini davam etdirərkən kameranın görüntü ərazisinə daxil olur.

Elə bu vaxt ticarət mərkəzinin kostyumlu rəsmisi hay-həşir salır:

“Ay arvad, ay arvad, hara gedirsən? Heç yeridi? Çıx burdan…”.

Çəkiliş davam edir və kostyumlu şəxs mağazalara baxaraq hamının maska taxıb-taxmadığını yoxlayır və çəkiliş üçün daha bir mağaza axtarır. Yaxınlaşdığı ilk mağazanın qapısını açaraq soruşur:

“Hamınızda maska var? Taxın, indi buranı da çəkəcəklər”.

Beləliklə ticarət mərkəzində görüntü xətrinə çəkiliş davam edir. Amma mənzərə heç də axşam efirdə göstəriləcək kimi deyil. Çünki nadir hallarda müştərilərin və satıcıların maska taxdığını görmək olur. Düzdür, bir ara satıcılar dünəndən maska ilə bağlı xəbərdarlıq aldıqlarını, bu gün isə pulsuz maskaların paylandığını deyirlər, amma…

Mağazalar bu gün açılıb, pul yığanlar gəlib…

Satıcılarla söhbət edərkən öyrəndik ki, artıq iyun ayının elektrik enerjisinə görə ödənişlər tələb edilir.

“Bu gün işə çıxmışıq, bu gün də gəliblər ki, işıq pulu verilməlidir. Aylıq 130 manatı indidən tələb edirlər. İşləməyən adam pulu hardan alıb versin?” – deyə, satıcılar söyləyir.

Kimdən kimə şikayət edəsən?

Satıcılar deyir ki, şikayətə baxan da yoxdur:

“5-10 nəfər yığışsa, şikayət eləsə, həmin adamlara problem yaradacaqlar. Bu adamlar allahsızdır. Elə deyirlər ki, pul ver”.

Ticarət mərkəzi son 10 gündə də işləyirmiş. Amma elektrik enerjisi olmadan. İşləyən mağazalar da topdan satış edənlər imiş.

“Səhər gəlib günortaya qədər malları paylayırdıq. Şəhərdəki mağazalara işləməyə icazə veriblər. Bəs onlar malı hardan almalı idilər? İşıqsız işləyib, getmişik. O da cəmi 10 gün”, – deyə, satıcılar bildirir.

Kəbirə deyir ki, pulu özüm yığacam...
Mənim elə qardaşım oğlu yoxdur” — Kəbirə Məmmədova

Mağaza sahibləri mart ayının 20-dən sonra işləmirlər. Ancaq onlardan aprel və may aylarına görə icarə haqları tələb edilir. Bu barədə bazarın rəhbəri Kəbirə Məmmədova (“Binə Kəbirə”) mağaza sahiblərinə xəbərdarlıq göndərib.

Ticarət Mərkəzinin həndəvərində belə mühafizəçilərlə gəzən Kəbirə Məmmədova deyib ki, kim ödənişi etməsə, mağazasına özüm gələcəm…

“Bazarın böyüklüyünü görürsünüz. Amma ancaq 6-7 sıra işləyir. Əksər mağazalar boşaldıb. Kim imkan eləsə, “Sədərək”də yer tapsa, malını yığıb ora gedir. Çünki orada adamın halını başa düşürlər. Amma burda deyirlər ki, ver, ver, ver… Burada yalan yoxdur. Baxın, nə qədər mağazalar, sıralar boş qalıb. Hamısı da camaata edilən zülmün nəticəsidir…”, – satıcılardan eşitdiyimiz son sözlər belədir… Gundemxeber.Az

 
Paylaş