28 sentyabr 2019-cu il tarixdə paytaxtın Xətai rayonu ərazisində yerləşən “Abşeron Zeytun” Məhdud Məsuliyyətli Cəmiyyətdə işləyən Bağır Piriyevin xəsarətlər yetirilib qəsdən öldürülməsi, habelə Filman Piriyev və Fərhad İsmayılova qarşı xuliqanlıq edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə), 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq etmə) və 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə Xətai rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.

İstintaqla 28 sentyabr 2019-cu il tarixdə saat 11 radələrində Ramil Ağayevin qardaşı Kənan Ağayev ilə birlikdə, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Abşeron Zeytun” MMC-yə məxsus zeytun bağına gedərək zeytun yığarkən, Cəmiyyətdə zeytun yığımına nəzarət edən və orada sahə rəisi işləyən Bağır Piriyev, mühasib Filman Piriyev və fəhlə Fəhrad İsmayılov onlara yaxınlaşaraq həmin ərazidə zeytun yığmağın qadağan olduğunu deyərək, ərazini tərk etmələrini istədikdə Ramil Ağayev və qardaşı Kənan Ağayev sonunculara ərazini tərk etməyəcəklərini və zeytun yığmağa davam edəcəklərini bildirdiklərinə görə aralarında yaranmış mübahisə zamanı Ramil Ağayev qardaşı Kənan Ağayevlə birlikdə bir qrup şəxs halında orada olan şəxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək yumruqla, təpiklə və taxta dəyənəklə Bağır Piriyevə zərbələr vurmasına, sonuncuya köməklik etmək üçün onlara yaxınlaşan Filman Piriyevə silah qismində istifadə etdiyi taxta dəyənəklə vuraraq xəsarətlər yetirlməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Kənan Ağayev Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.3-cü, Ramil Ağayev isə Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

KORRUPSIYA.AZ

Paylaş