İnşası 2018-ci ildən başlayan Azərbaycan Baş Prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib. Prokurorluq tərəfindən KİV nümayəndələri üçün yeni binaya media-tur təşkil edilib.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, məqsəd jurnalistləri prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti ilə yerində tanış etməkdir.
Korrupsiya.az Prokurorluq orqanının yeni binası və ümumi tədbir barədə reportajı təqdim edir:
Yeni istifadəyə verilən inzibati bina kompleksinin fevralın 8-də baş tutan açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.
Qeyd edək ki, səmərəli işləmək üçün bütün imkanların yaradıldığı inzibati bina prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, işin təkmilləşdirilməsi yolunda mühüm əhəmiyyət kəsb etməklə prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir.
Bina kompleksi 8 sürətli lift, ehtiyyat işıq generatoru, müasir havalandırma, isitmə-soyutma sistemləri, İP telefoniya, təhkükəsizlik kameraları, yanğın əleyhinə avtomatik reaksiya göstərən sulu və köpüklü yanğınsöndürmə sistemləri ilə təchiz olunub.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov media-tur zamanı bildirdi ki, inzibati binada yaradılmış 3 iclas zalı və 320 nəfərlik konfrans zalının müxtəlif beynəlxalq tədbirlərin, treninq, seminar, mətbuat konfransları, təqdimatların keçirilməsinə imkan verir.
“Qanun keşikçiləri” adlı bədii sənədli filmin təqdimatı
Baş Prokuror Kamran Əliyevin rəhbərliyi, prokurorluq əməkdaşlarının, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə filmin nümayişi gerçəkləşdirildi. Filmin rejissoru Ramil Ağasıyev, ssenaristi isə jurnalist Lalə Ədalət qızıdır. Hər şeydən əvvəl qeyd edək ki, film prokuror olmaq arzusunda olan bir məktəblinin Baş Prokurorluğun binasına tur etməsi əsnasında lentə alınıb. Yəni, bütün səhnələr məhz bu kiçik, amma eyni zamanda maraqlı səyahət əsnasında canlandırıldı.
Filmin təqdimatı zamanı prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanıldığı bildirildi. Bundan başqa təqdim olunan filmdə prokuror peşəsinin çətin, eyni zamanda maraqlı tərəfləri canlandırılıb, mətbuat xidmətinin iş prinsipləri nümayiş etdirilib.
Tədbir zamanı “Qarabağ Azərbaycandır” adlı kitabın təqdimatı da baş tutdu
Kitab barədə məlumat verən Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib ki, kitab “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının redaksiya heyəti tərəfindən hazırlanıb. Kitabda Azərbaycan Ordusunun qalibiyyət təzahürü olan şanlı Vətən müharibəsi və parlaq qələbəmizin görüntüləri əks olunub. Bundan başqa ölkə prezidenti İlham Əliyevin müharibə getdiyi əsnada xarici mətbuata verdiyi maraqlı müsahibələr də kitab da yer alıb. Qeyd edək ki, 5 bölmədən və 590 səhifədən ibarət kitab Baş Prokuror Kamran Əliyevin müqəddiməsi ilə başlayır.
Bina kompleksində 44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya yaradılıb
Vətən müharibəsi dövründə Ermənistan hərbi-siyasi rəhbərliyinin iradəsi ilə həyata keçirilən qanunsuz əməllər yaradılan tarixi qalereya otağında öz əksini tapıb. Belə desək, kiçik muzey şəklində olan otaqda erməni silahlı birləşmələrinin cəbhəyanı və cəbhədən xeyli uzaq məsafədə yerləşən ərazilərdə yaşayan dinc əhalisinə qarşı törətdikləri sülh və insanlıq əleyhinə olan cinayətləri sübut və təsdiq edən raket qurğularının və iri çaplı artilleriya mərmilərinin qalıqları nümayiş etdirilir.
Sonda qeyd edək ki, media-turda Prezidentin hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərov da iştirak edirdi.
Paylaş