Oğru məmurları həbs edib, varidatını dövlət üçün geri almaqla, iqtidar həm də əhali arasında sosial dayağını gücləndirmiş olacaq.

 
Azərbaycanda hakimiyyətin yüksək pillələrində vəzifə tutaraq böyük miqdarda var-dövlət toplayan məmurların sayı çoxdur. Bu məmurların bir çoxu tutduqları postun imkanlarından xalq və dövlət üçün deyil, daha çox öz mənafeləri naminə faydalanmaqla illər boyu külli miqdarda dövlət vəsaitini mənimsəyiblər. Bəzi hesablamalara görə, son 20 ildə Azərbaycanda mənimsənilən dövlət vəsaitlərinin həcmi 100 milyard manatdan yuxarıdır. Əksər hallarda ölkədən çıxarılaraq xaricdə gəlirli biznesə yatırılan vəsaitlərdən uzun illər boyu beş özləri qədər də gəlir əldə edilib.
Yüksək ranqlı məmurların özləri ilə yanaşı, arxalarınca hakimiyyətin orta pillələrinə çəkdikləri yaxın çevrələri də dövlət vəsaitlərini mənimsəməklə irihəcmli sərvətlərə sahiblənə biliblər. Bu insanların əksəriyyətinin xaricdəki biznesi ilə yanaşı, Azərbaycanda müxtəlif sahələrə – daşınmaz əmlak, ticarət, xidmət, kənd təsərrüfatı və sair sektorlara da ciddi yatırımları olub.
Son illərdə talançı məmurların xeyli hissəsi hakimiyyətdən kənarlaşdırılıb. Onlarla yanaşı, hakimiyyətin müxtəlif pillə və qollarına yerləşdirdikləri çevrələri də təmizlənməkdədir. Vəzifədən kənarlaşdırılanların bəziləri həbs olunub, lakin əksəriyyəti hələ azadlıqdadır. Ölkə Prezidentinin son çıxışları göstərir ki, məmur kürsüsündən maliyyə oliqarxlarına çevrilmək üçün yararlanmış yüksək vəzifəlilərə qarşı “təmizləmə” prosesi davam edəcək.
Lakin bir çox müşahidəçilər bildirirlər ki, vəzifədən uzaqlaşdırılan məmur-oliqarxların həbs olunmaması hakimiyyət üçün, bütövlükdə Azərbaycan üçün ciddi problemlər yarada bilər. Vəzifələrindən uzaqlaşdırılmış keçmiş məmurlar, fəaliyyətdə olan oliqarxlar – Azərbaycana daxildən gələ biləcək təhlükənin əsas mənbəyi kimi qiymətləndirilir.
Qeyd olunur ki, onlar hakimiyyətə ən böyük müxalifət və təhlükədirlər. Adları ard-arda sadalayanda, bu simaların təşkil etdiyi təhlükənin miqyasını təsəvvür etmək mümkündür. Onların hər birinin rəhbərlik etdiyi sahədən mənimsənilən vəsaitlərin həcmi milyardlarla ölçülür. 20 il vergilər naziri olmuş Fazil Məmmədovun, milyardlarla manatlıq yol layihələrinin icrasına rəhbərlik etmiş Ziya Məmmədovun hər birinin əldə etdiyi qanunsuz gəlirlərin həcmi bir neçə milyard manatla ölçülə biləcək həddədir. Və bu vəsaitlərin çox cüzi bir hissəsindən məhrum olunublar, əsas hissə – xaricə çıxarılan yüz milyonlar, milyardlar əllərindədir, nəzarətlərindədir. Buna görə də onların ismlərinin qarşısına ‘’keçmiş, sabiq’’ yazıla bilər, lakin əllərindəki böyük imkanları saxladıqlarını nəzərə alsaq, görərik ki, keçmiş deyillər. Onlar bütün maddi imkanları, nəhəng sərmayələri və əlaqələri ilə günü bu gün də ciddi amildirlər, ictimai-siyasi həyata və dövlətin istiqbalı məsələsinə hər cür təsirlər göstərirlər. Azərbaycanda və ondan kənarda iş yerlərinə sahibdirlər, ölkə müxalifəti ilə, fərqli ölkələrin kəşfiyyatları ilə bu və ya başqa şəkildə əlaqələri var. Bu simalar istəsələr, kölgə kabineti də elan edərlər, bəlkə də artıq ediblər. Üstəlik, onların Rəsul Quliyev və Əli İnsanovun timsalında siyasi müxalifətdə ‘’kupçası’’, ‘’pasportu’’ olan dostları-müttəfiqləri də vardır. Kimlərdən söhbət gedir? Ramiz Mehdiyev, Oqtay Əsədov, Eldar Mahmudov, Zakir Qaralov, Səfər Əbiyev, Ziya Məmmədov, Misir Mərdanov, Füzuli Ələkbərov, Etibar Pirverdiyev, Fazil Məmmədov, Əli Abbasov, Heydər Əsədov, İrşad Əliyev, Əvəz Ələkbərov, Əli Həsənov, Abid Şərifov və başqalarından. Bunların üzərinə əmrlərində çalışmış olan sabiq icra başçılarını, komitə sədrlərini, orta ranqlı digər sabiq məmurları gəlsək, mənzərə aydınlaşır…
Bu oliqarxa çevrilmiş məmurların hər biri malik olduqları yüksək sərvətlərə görə ayrı-ayrılıqda problemdirlər. Bir yerdə və koordinasiyalı hallarında isə ciddi təhlükədirlər. Bu baxımdan, bir sıra ekspertlər iddia edirlər ki, sabiqlərin böyük əksəriyyətinin qarşıdakı illərdə əsas yeri həbsxanalar olmalıdır. Onların əllərindən xalqdan oğurladıqları vəsaitlər alınmalı, cəmiyyətə və siyasi həyata təsir imkanları minimuma endirilməli, hər birinə bir cinayət dosyesi açılıb, başları onlarla qatılmalıdır.
Nəzərə alsaq ki, aparılan kadr islahatları nəticəsində, onların sırasına daha yenilərinin qatılması da gözlənilir, bu baxımdan, bu cür düşünən ekspertlərə haqq verməmək olmur. Onlar deyirlər ki, sabiqlərin gələcək, ya da elə indiki təmərküzləşmələrinin qarşısı hər bir vasitə ilə alınmalıdır. Onların siyasi müxalifətlə, xüsusən də Əli İnsanovla əlaqələri kəsilməli, mümkün olsa, məhkəmə yolu ilə sabiq dövlət məmurlarına siyasi fəaliyyət qadağan edilməlidir. Nəzərə almaq lazımdır ki, hazırda ölkəni və iqtidarı təhdid edən əsas güc mərkəzi sabiq vəzifəli məmurlar- zəngin oliqarxlardır.
Heç şübhəsizdir ki, belə oliqarxların həbsi, varidatının dövlətə geri alınması əhalinin nəzərində hakimiyyətin reytinqini sürətlə yüksəldəcək amilə çevriləcək. Ölkə insanı uzun illərdir soyğunçu məmurların talanını görür, bu talana görə həyat səviyyəsinin gözləntilərinə uyğun yüksəlmədiyinin fərqindədir! Fərqində olduğundandır ki, məmurların həbs xəbərləri böyük sevinclə qarşılanır – kiminsə başına gələn bəd hadisəyə sevinməyi haram sayan xalq məhz məmurların dəmir barmaqlıq arxasına atılmasına sevinir. Çünki oğurlanan vəsaitlər xalqa çatmayan vəsaitlərdir və xalq bunu yaxşı bilir.
Dediyimiz odur ki, oğru məmurları həbs edib, varidatını dövlət üçün geri almaqla iqtidar həm də əhali arasında sosial dayağını gücləndirmiş olacaq. Çünki bu həbslər imkan verəcək ki, dövlət əhalinin sosial təminatına daha çox vəsait ayırsın. Eyni zamanda oliqarxlardan alınan vəsaitlərin işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldilməsi dövləti ağır bir maliyyə yükündən xilas edəcək.
Tanınmış ictimai fəal, hüquq müdaiəçisi Rəşid Hacılı bildirir ki, korrupsioner məmurla torpaqları işğal edən düşmən arasında fərq yoxdur: “Korrupsioner məmurun işğalçı düşməndən nə fərqi var ki? Bizim bəzi korrupsioner nazir-general-şirkət prezidentlərinin ölkəmizə vurduğu zərəri işğalçı orduların vurduğu zərərlərlə müqayisə etmək olar ancaq. Həm maddi, həm humanitar, həm mənəvi-əxlaqi zərərlər. Ölkənin stabilliyinə və təhlükəsizliyinə zərərlər…”
R.Hacılı qeyd edir ki, ölkəmizdə 10 minlərlə insanın gündəlik normal yaşayışdan məhrum olmasının, yoxsulluq, haqsızlıq, ədalətsizlik, stress içində yaşamasının səbəbi məhz həmin oğru məmurlardır, korrupsiya sistemidir: “Korrupsiyaya, ölkənin bu günü və sabahını tar-mar edənlərə qarşı bütün cəbhələrdə savaş bir an gecikmədən başlamalıdır”.
Real Partiyasının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli də məmur-oliqarxları ölkə üçün ciddi təhlükə mənbəyi hesab edir: “Bu sistemin özünün ”kökəltdiyi” məmurları qanuni təməl yaratmadan, yeni “oyun qaydaları” elan etmədən “ətliyə” göndərilməsi məmləkət üçün ciddi təhlükələr yarada bilər – əllərində külli miqdarda pul, imkan və hələ də böyük inzibatı güc olan məmurlar gizli-açıq müqavimətə başlasalar, özünüqoruma instinktini işə salsalar, ölkəyə böyük ziyan vura bilərlər.
Müxalif düşərgədə marginal, deyingən, həyatından küsən, ambisiyaları ilə imkanları tərs mütanasib olan, istəkləri ilə ağılları təzad təşkil edən, prinsipləri olmayan, son 30 ildə elə o məmurlarla sistemdaxili oyunçular olub 100 oyundan çıxanlar, həmin o instinkt və küskünlüklə hərəkat edən pullu məmurlarla birləşib yenə də sistemi deyil də, isimi dəyişmək işinə girişə bilərlər. Rusiya əsgərinin torpağımızda olması həmin kəsimlərə əlavə stimul verə bilər – qısası, təhlükəli vəziyyətdir”.
Siyasətçi hesab edir ki, hakimiyyət eyforiyaya qapılmamalıdır: “Artıq 3-4 ildi israrla, Vətən savaşında möhtəşəm hərbi qələbədən sonra isə az qala qışqıraraq deyirik ki, köhnə sistem çürüyüb, işləmir, çalışmır, miladı dolub – gecikmədən, sürətlə yeni konstitutsiya yazılıb qəbul edilməsi olazsa-olmazdır. Yeni ictimai saziş lazımdır, yeni təməllər atılmalı, yeni ”oyun qaydaları” təsis edilməlidir. Məhz bundan sonra qanunun aliliyi şəraitində böyük maliyyə amnistiyası qəbul edilməli, ölkə sağlamlaşmalıdır. Əgər hakimiyyət səmimi şəkildə bu işə girişsə, hər cür institutsional, intellektual dəstək verməyə hazırıq”.
Göründüyü kimi, oliqarx-məmurların azadlıqda mövcudluğunun bütövlükdə Azərbaycan üçün böyük təhlükə yaratdığını cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən, ekspert statusunda olan şəxslər açıq bəyan edirlər. Bu təhlükəni önləmək üçün ən zəruri addımlardan birincisi hakimiyyətin bütün pillələrini korrupsiyada əli olan, korrupsiya mexanizminin tərkib hissəsinə çevrilən məmurlardan təmizləmək, yüksək vəzifəli və imkanlıları həbsə atıb, əllərindəki maddiyyatı dövlət üçün geri almaq, onların təşkilatlanmasına, siyasi mübarizə adıyla ən çirkin oyunlara getməyə hazır olan qüvvələrlə birləşməsinə imkan verməməkdir. Bununla paralel, dövlət mülkiyyətinə, dövlət vəsaitinə soyğun predmeti kimi baxmayan təmiz kadrları iş başına gətirmək, ölkəni korrupsioner məmurlardan bilmərrə təmizləmək, iqtisadi və siyasi münasibətlərdə liberallaşmanı davam etdirmək gərəkir. Əks halda, adı sabiq, özləri real təhlükə mənbəyi olan oliqarxlar təşkilatlanıb hücuma keçəcəklər…/Musavat.com
Mənbə: 
Paylaş