Bir neçə il öncə inventarlaşdırılmasına başlanılan qeydiyyatsız evlərin rəsmilləşdirilməsi ilə bağlı proseduraların hazırlanması prosesinin bu il intensivləşəcəyi gözlənilir.
Korrupsiya.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, indiyədək Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb:
“Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiyanın hazırlanması, qeydiyyat prosesinə başlanılması iqtisadi baxımdan da vacibdir. İlkin qiymətləndirmələrə görə, Azərbaycanda 500 minə yaxın sənədsiz tikili var. Onlardan 400 mini Bakı və Bakıətrafı ərazilərdədir. Bizim qiymətləndirmələr göstərir ki, sənədsiz tikililərin təxminən 60 mini təhlükəli və ya qanunla inşaata icazə verilməyən ərazilərdə yerləşir.
Bunlar əsasən neft buruqları, yüksək gərginlikli elektrik xətlərinin altında, mavi qaza yaxın olan ərazilərdə inşa edilən evlərdir. Eyni zamanda, evlərin bir qismi kənd təsərrüfatına yararlı torpaq sahələrində inşa edilib”.
Deputat bildirib ki,  həmin torpaqlarda evlərin inşa edilməsi qanunla qadağan hesab edilir: “Kənd təsərrüfartına yararlı torpaq sahələrindəki tikintilərə gəldikdə isə, bir ərazidə kütləvi şəkildə evlər inşa edilibsə, o zaman həmin torpaqların təyinatı dəyişilməsi məqsədə uyğun olardı. Əgər həmin ərazidə tikinti kütləvi deyilsə, o zaman onlara ayrıca baxılıb qərar verilə bilər. Eyni zamanda, evlər yüksək gərginlikli elektrik xətlərinin altında yerləşirsə və elektrik xəttini yeraltı etmək mümükündürsə, o zaman burada sənədləşmə ilə bağlı heç bir problem yaratmaya bilər”.
V.Bayramov qeyd edib ki, növbəti mərhələdə qeydiyyatsız evlərin sənədləşməsi gözlənilir: “Bu sahədə Rusiya modelindən istifadə olunması məqsədə uyğun olardı. Yəni, nisbətən aşağı ödənişli dövlət rüsumu ilə qeydiyyatsız evlərin qeydiyyatı həyata keçirilə və həmin şəxslərin mülkiyyət hüquqlarının tanına bilər. Bu, eyni zamanda, fiskal ödənişlərin artırılması baxımdan da vacibdir”.

 

Paylaş