Rövşən Əkbərovun törətdiyi cinayətlə bağlı 20 il sonra həbs edilməsi gündəmin aktual mövzusu kimi qalır. Bu illər ərzində onun Ukrayna paytaxtında qətlə yetirdiyi Elçin Əliyevin valideynləri cinayətkarın cəzalandırılması üçün əllərindən gələni etdilər. Rövşən Əkbərovun həbsi üçün döymədikləri qapı, getmədikləri ünvan qalmadı.
Ukrayna Prokurorluğunun topladığı faktlar qətlin Rövşən Əkbərov tərəfindən törədildiyini təsbit edirdi. Ukrayna tərəfi sorğular göndərirdi, amma Azərbaycanda vəzifə başında olan Rövşən Əkbərovu istintaqa cəlb etmirdilər. Gec də olsa, 20 il əvvəl onun üçün hazırlanan qandallar qollarına vuruldu.
Korrupsiya.az xəbər verir ki, Baş Prokurorluq Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsi ilə bağlı yeni məlumat yayıb. Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü Elçin Fəday oğlu Əliyevin 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib. 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib.
Həmin cinayət işi üzrə Hərbi və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb. 2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Rövşən Telman oğlu Əkbərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 31.05.2001-ci il tarixdən 1 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Rövşən Əkbərovla Elçin Əliyev arasında cüzi münaqişə yaranıb. Bu səbəbdən Rövşən Əkbərov xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib. 15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib.
Yada salaq ki, Rövşən Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub. O, 2021-ci ilin fevral ayının əvvəllərində müdafiə nazirinin əmri ilə ehtiyata göndərilib. Rövşən Əkbərov Bakıdakı 42 saylı orta məktəbdə, daha sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbdə təhsil alıb. 1982-ci ildə Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur. 1986-cı ildə təyinatla Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilib. Bir il sonra xidmət etdiyi ordunun tərkibində Əfqanıstana ezam olunub. 1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə qayıdan Rövşən Əkbərov 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir. Birinci Qarabağ müharibəsində iştirak edən Rövşən Əkbərov 1995-ci ilin mart hadisələri zamanı Xüsusi Təyinatlı Polis Dəstəsinin zərərsizləşdirilməsində iştirak edib. Rövşən Əkbərov 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olub. 2002-ci ildən general-leytenantdır. 1994-cü ildə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Adətən cinayət işinin müəyyən bir ötmə müddəti olur. Maraqlıdır ki, bu prosedur Rövşən Əkbərovun cinayət işinə aid edilmədi. Rövşən Əkbərovun cinayət məsuliyyətinə cəlb edilməsi müddətlər baxımından necə həll olunmalıdır?
Tanınmış vəkil Cavad Cavadov deyib ki, bu məsələ cinayətin baş verdiyi Ukrayna və Azərbaycan qanunvericiliyi ilə həll olunmalıdır: “Rövşən Əkbərov 20 il əvvəl Ukrayna ərazisində baş vermiş cinayətə görə həbs olunub. Həmin cinayət 20 il əvvəl törədilib. Yəni cinayət məsuliyyətinə cəlbetmə müddəti təəssüf ki, keçib. Ukraynanın Cinayət Məcəlləsinin 49-cu maddəsinə əsasən, xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti 15 il nəzərdə tutulur. Bu müddətin hesab edilməməsi yalnız bir halda nəzərdə tutulub. Bu da şəxsin istintaq orqanından və məhkəmədən yayınmasıdır. Ancaq bu o deməkdir ki, şəxsin barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı və həbsli axtarış qərarı olmalıdır. Konkret halda bu qərarlar haqda məlumat yoxdur. Belə ki, Rövşən Əkbərov bu müddətdə yüksək vəzifədə və ölkənin rəsmi şəxsləri ilə daim təmasda olub”.
Cavad Cavadov deyir ki, Azərbaycanda cinayət işlərində “müddət ötürmə” kimi bir qanunsuzluq var: “Təəssüf ki, bu gün Azərbaycanda istintaq orqanları tərəfindən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi üçün süni şəkildə meydana atılan hərəkətlər var. Bu vəzifə cinayətinə görə də heç bir məmur məsuliyyətə cəlb olunmur. Rövşən Əkbərovun işi üzrə hətta Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) belə qərarı var. Amma illərlə Rövşən Əkbərovu süni şəkildə istintaqdan kənar saxladılar, məsuliyyətə cəlb etmədilər”.
Vəkil deyib ki, Rövşən Əkbərova verilmiş rütbə və Milli Qəhrəman adı barəsində ittihamedici hökm çıxarılan zaman həll edilə bilər: “Barəsində ittihamedici hökm çıxarılacaqsa, rütbəsinin də, adının da alınması məsələsi hökmdə əksini tapacaq”.
Xatırladaq ki, 2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi Ukraynada 2001-ci ildə qətlə yetirilmiş azərbaycanlı iş adamı Elçin Əliyevin ailəsi tərəfindən qaldırılmış iddiaya baxıb. Ukraynada hüquq-mühafizə orqanları bu ölüm işində azərbaycanlı general Rövşən Əkbərovun iştirakını təsdiq etdikdən sonra cinayət işini Azərbaycan prokurorluğuna göndərib. Azərbaycan tərəfi isə bu cinayət işinin istintaqını, sadəcə olaraq, aparmayıb və cinayət işinə xitam verib. Elçin Əliyevin ailəsi AİHM-ə şikayətlərində maddi təzminat tələbi irəli sürməmişdi.
(Yeni Müsavat)