Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada bayram tonqalı alovlandırıblar. Daha sonra dövlət başçısı xalqa müraciət edib.

Bir zamanlar əlçatmaz arzu kimi qalan “O gün olsun, Novruz tonqalları Qarabağda – Şuşada alovlansın” duası Ali Baş Komandanın komandanlığı və Müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində bu il gerçəkləşdi. 30 illik həsrətdən sonra əzəli torpaqlarımızda Novruz tonqalı qalandı.
Ölkə başçısı da tarixi hadisəni öz çıxışında bu cür ifadə etdi:
“2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”.
Milli Məclisin deputatı Arzu Nağıyev Sfera.az-a dövlət başçısının Şuşadakı çıxışından danışarkən xatırladıb ki, son 30 ildə hamının arzusu növbəti bayramı Şuşada, Cıdır düzündə qeyd etmək olub:

“Orada Çərşənbə tonqalının yandırılması, eyni zamanda qol-qola tutub yallı getmək və.s bütün bunlar Azərbaycan xalqının 30 ildə ən çox arzuladığı bir şey idi. Ona görə də Cənab Prezidentin məhz Şuşadan, Cıdır düzündən çıxış etməsi, bayramı orada öz ailəsi ilə qeyd etməsi mühüm və təqdirəlayiq haldır. Biz bir daha dünyaya göstərdik ki, öz torpaqlarımızı nəyin bahasına olur olsun, qaytarmalı idik və bunu etdik. Bu, dünyaya mesaj idi ki, torpağımızın bir qarışını da kiməsə verən deyilik. Eyni zamanda biz ərazi bütövlüyümüzü, Azərbaycanın sərhədlərini bərpa etdik. Biz dinc quruculuq, sülhsevər xalqıq və bununla yanaşı da, torpaqlarımızı hərbi yolla azad edə bilirik”.

Deputat bildirib ki, prezidentin çıxışında həm iqtisadi, hərbi-siyasi, həm də mənəvi nöqtələr var idi:
“Əsas odur ki, biz dünyaya Ali Baş Komandan və ordunun vəhdətini, həmin ordu sisteminin necə təkmilləşdiyini göstərə bildik. Siyasi cəhətdən də bütün dünyaya mesaj göndərdik ki, Azərbaycan xalqı olaraq həmişə birik, heç bir xalqın torpağında gözümüz olmadığı kimi bütün etnik qruplara yer verməyə hazırıq, bu istiqamətdə də müvafiq addımlar atılır, dinc quruculuq işləri görülür.
Eyni zamanda şəhid ailələri, müharibə veteranları ilə bağlı ölkə başçısı da çox mühüm mesajlar verdi. Düşünürəm ki, dünyaya həm vuruşa bildiyimizi, şəhid ailələri, qazilərlə bir yerdə olduğumuzu, həm də bayram qeyd edə bildiyimizi göstərdik”.
Millət vəkili Azər Badamov isə saytımıza açıqlamasında qeyd etdi ki, müstəqillik tariximizdə ilk dəfə olaraq Şuşada Novruz tonqalı qalanıb:

“Bu, bizim 30 illik arzumuz idi və reallaşdı. Ölkə başçımız həmin tonqalın yanında çıxış edərək öz fikirlərini, gələcək perspektivlərini düşmənə ünvanlanmış mesajlarını səsləndirdi. Bu gün artıq bayramımız bütün ərazilərimizdə qeyd olunur. Torpaqlarımız işğaldan azad edilib, hər yerdə bayram tonqalları qalanır. Və bayram tonqalı bütün Azərbaycanı isidir.

Prezidentin məhz Şuşadan çıxışı və xalqa bayram təbriki ilə müraciət etməsi həm də tarixi əhəmiyyətli xarakter daşıyır. Ali Baş Komandanın ölkənin sərkərdəsi kimi Şuşada çıxışı təbii ki, qürurvericidir”.

Paylaş