Daxili İşlər Nazirliyi Şəmkir rayonunda yol polisi əməkdaşının yük maşını sürücüsündən rüşvət aldıqdan sonra onun hərəkətinə icazə verməsi barədə iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bu barədə açıqlamasında bildirib ki, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Baş Dövlət Yol Polisi İdarəsinin Yol patrul Xidməti Alayının 9-cu tağımının inspektorunun stasionar postda yük avtomobili sürücüsündən rüşvət alması ilə bağlı yayılan videogörüntülər aiddiyəti qurumlar tərəfindən araşdırılıb:
“İddia öz həqiqətini tapmayıb. Belə ki, mart ayının 26-da Daşkəsən rayon sakini Eşqin Ələsgərov özünə məxsus yük avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən, daşıdığı yükün qabaritinin normadan böyük olması səbəbi ilə saxlanılıb, sürücüyə pozduğu qayda pozuntusu ilə bağlı məlumat verilib.
E. Ələsgərov daşıdığı yükün qaiməsini polis əməkdaşına təqdim edərək çəkisinin normal standartlara uyğun olduğunu bildirib. Sürücüyə bir daha izah olunaraq yükün çəkisinin deyil, qabaritinin normadan böyük olduğu bildirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) ilə protokol tərtib edilərək 40 manat miqdarında cərimə edilib.
Qeyd edək ki, həmin gün sürücünün stasionar posta daxil olması, protokol tərtib edilmə görüntülərinə baxış keçirilmiş və iddia edilən fikirlərin əsassız olması müəyyən edilib”.