Xəbər verdiyimiz kimi ölkə başçısı İlham Əliyev bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edərkən UNESCO-nun işğaldan azad edilmiş ərazilərimizə missiya göndərəcəyini bildirib.
 
“Əslində biz münaqişə dövründə dəfələrlə UNESCO-ya müraciət etmişdik ki, faktaraşdırıcı missiyanı işğal edilmiş bölgələrə göndərsin. Çünki bizdə olan məlumata görə, orada bizim tarixi, dini, mədəni abidələrimiz ermənilər tərəfindən dağıdılmışdır və biz istəyirdik ki, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə bilavasitə məşğul olan UNESCO gəlsin və bunu təsdiq etsin”, – deyə dövlət başçısı qeyd edib.  
 
Ölkə başçısı bildirib ki, əfsuslar olsun münaqişə dövründə bu təklifimiz cavabsız qalmışdır, ancaq münaqişədən sonra indi missiyanın göndərilməsi gözlənilir:
“Biz bunu alqışlayırıq. Çünki azad edilmiş torpaqlarda erməni vəhşiliyi, vandallığı göz qabağındadır. Nə qədər çox beynəlxalq təşkilatlar bunu öz gözləri ilə görsələr, münaqişə ilə bağlı, Ermənistanın işğalı ilə bağlı dünya birliyində təsəvvür o qədər də daha geniş olar”.
Milli Məclisin deputatı Elman Nəsirov Sfera.az-a açıqlamasında bildirib ki, ölkə başçısı İlham Əliyev dəfələrlə erməni silahlı qüvvələrinin Qarabağda 30 il ərzində daşı daş üstə qoymadığını vurğulayıb:

“Sanki həmin ərazidən bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıblar, 67 məscidimizi məhv ediblər, onlardan yalnız bir-ikisi hardasa yarımçıq vəziyyətdə qalıb. Qalanları yerlə-yeksan edilib. Qeyd etmək lazımdır ki, təkcə məscidlər deyil, həmçinin xristian abidələrini də dağıdıblar, heyvanlar saxlayıblar. Bu da erməninin faşist, vandal mahiyyətini ortaya qoyur. Bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması böyük önəm kəsb edir. Yadınızdadırsa, ermənilər guya “azərbaycanlılar Şuşada xristian abidəsini dağıdıblar” kimi tamamilə yanlış, iftira ilə dolu məlumatları beynəlxalq ictimaiyyətə çatdırmışdı və UNESCO da həmin zaman bundan narahatlığını ifadə etmişdi. İndi isə, ölkə başçısı İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti ilə görüşündə bu məsələni qaldırdı və artıq UNESCO missiyasının da işğaldan azad edilmiş ərazilərə gələcəyi, orada monitorinq aparacağı və erməni vəhşiliyinin canlı şahidi olacağı ilə bağlı məlumat səsləndi. Bunun olduqca əhəmiyyətli olduğunu hesab edirəm”.

Deputat vurğulayıb ki, UNESCO kifayət qədər nüfuzlu təşkilatdır və onların işğaldan azad olunmuş ərazilərə gəlməsi, Azərbaycan həqiqətlərinin dünyaya yayılması, ermənilərin vəhşi xislətinin ortaya qoyulması baxımından əhəmiyyətlidir:
“Həm də ermənilərin təkcə hər şeyi dağıtdığını deyil, eyni zamanda bütün dağıtdığı əraziləri minaladıqlarını, həmin ərazilərin xəritəsinin bizə vermək istəmədiklərini görəcəklər. Digər tərəfdən biz gələcəkdə Ermənistan qarşısında təzminat məsələsini qaldıracağıq. Qoy, beynəlxalq qurumlar, təşkilatlar da bu faktları görsünlər, öz hesabatlarına salsınlar və UNESCO da məsələ ilə bağlı öz mövqeyini ortaya qoysun. Hesab edirəm ki, bütün bunlar gələcəkdə təzminat məsələsində də bizim mövqeyimizi gücləndirəcək amilə çevriləcək, həmçinin beynəlxalq ictimaiyyətə Ermənistanın barbar, vandal davranışının bütün mahiyyətinin açılmasına kömək edəcək”.
Millət vəkili Cavid Osmanov isə saytımıza açıqlamasında bildirdi ki, Azərbaycan həqiqətlərinin, post-müharibə dövründə ölkəmizin yaratdığı yeni reallıqların , o cümlədən erməni vəhşiliyinin, vandallığının BMT kimi böyük təsisat tərəfindən dünya ictimaiyyətinə çatdırılması çox vacib məqamdır:
“Paralel olaraq, COVİD-19-a qarşı aparılan mübarizə tədbirlərinin effektivliyi və Azərbaycanın, xüsusən də ölkə başçısı İlham Əliyevin bu mübarizədə əhəmiyyətli rolunun olması baxımından önəmlidir. Əlbəttə, burada ən vacib məsələlərdən biri erməni vandallarının 30 il müddətində torpaqlarımızı işğal altında saxladığı müddətdə və 44 gün davam edən Vətən Müharibəsi boyunca da xalqımıza qarşı törədilən soyqırımlarla yanaşı, dini-tarixi abidələrimizə qarşı da soyqırım törətməsidir. Bununla bağlı Prezident İlham Əliyev görüşdə qeyd etdi ki, UNESCO-nun fakt-araşdırma missiyası Vətən Müharibəsi zamanı dəvət edilməsinə rəğmən gəlmədi. Amma indi müəyyənləşib ki, qeyd edilən missiya Azərbaycana səfərə hazırlaşır.
BMT-nin nəzarətində olan UNESCO kimi böyük bir təşkilatın və xüsusən də konkret bu məsələ ilə məşğul olan (dini və tarixi abidələrin qorunması, bərpası, onların nəzarətinin altında olması) qurumun gəlişi bir daha dünya ictimaiyyətinə erməninin nə olduğunun çatdırılması deməkdir. Eyni zamanda 30 il müddətində Ermənistanın yalandan qurduğu mif, guya ki torpaqların onlara məxsus olması kimi həqiqətə uyğun olmayan məlumatlarla bağlı əminliklə bildiriləcək ki, öz vətənində  heç bir xalqın nümayəndələri bu vəhşiliyi, vandallığı törədə bilməz. Digər tərəfdən Ermənistan tərəfindən işğaldan azad edilmiş torpaqlarımıza dəymiş ziyana görə gələcəkdə beynəlxalq müstəvidə onlara qarşı qaldıracağımız iddiada da UNESCO-nun fakt-araşdırma missiyasının rolu olacaq”.
Paylaş