Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərovun vəkili deyir ki, onun əməlinə hüquqi qiymət verilməsində ciddi pozuntular var. Vəkilin sözlərinə görə, bu olay Səfərovla icra başçısı arasında şəxsi yox, ictimai münasibətlər zəminində baş verib.
Müdafiəçi hesab edir ki, hadisəni terrorçuluq, dövlət çevrilişinə cəhd kimi qiymətləndirmək əsassızdır. Səfərovun əməlinə qəsdən adam öldürməyə cəhd kimi hüquqi qiymət verilməlidir. Vəkil Bəxtiyar Hacıyev aprelin 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə çıxış edib.
Müdafiəçi deyir ki, Səfərova qarşı ittihamda onun icra başçısından əlavə, Gəncəni parlamentdə təmsil edən deputat Naqif Həmzəyevi, şəhərin baş polis idarəsinin xüsusi təyinatlı bölüyünün komandir müavini, polkovnik Rasim Qurbanovu da öldürmək niyyətində olduğu yazılıb. Amma bunu təsdiqləyən heç bir sübut ortaya qoyulmayıb.
Səfərov məhkəmədə çıxış edərkən bildirmişdi ki, icra başçısını öldürmək öz təşəbbüsü olub, bu işin digər təqsirləndirilən şəxslərlə öncədən planlaşdırılması haqda ittihamda yazılanlar da yalandır. O, istintaqda bu məzmunlu ifadələrə işgəncə, qeyri-insani rəftar nəticəsində imza atmaq məcburiyyətində qaldığını vurğulamışdı. Vəkil də onun məhkəmədəki bu çıxışını yada salıb.
“Yunis Səfərovun əməlləri dövlətə, hakimiyyətə, ictimai asayişə yox, bilavasitə Elmar Vəliyevə qarşı yönəlib. Məhkəmədə məlum oldu ki, Yunis qrupun üzvü kimi təqdim olunan digər təqsirləndirilən şəxslərin əksəriyyətini tanımır, onlarla əlaqəsi olmayıb. Özü də bildirdi ki, əgər kömək edən olsaydı, bu işi hamının gözü önündə yox, özü üçün daha təhlükəsiz yerdə görərdi”, – vəkil belə deyib.
Hacıyev müvəkkilinin təqsirsizlik prezumpsiyası hüququnun pozulduğunu, onun işgəncəyə məruz qaldığını da çıxışında vurğulayıb. Vəliyevin məhkəməyə çağırılıb dindirilməməsinə etiraz edən vəkil deyir ki, əgər tibbi arayışda yazıldığı kimi, o, anlaqsızdırsa, o zaman məhkəmə müəyyənləşdirməliydi ki, bu vəziyyətdə olan biri nümayəndəsinə necə etibarnamə verib?
Vəkil çıxışının sonunda Səfərovun əməlinin CM-in 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif olunmasını, ona qarşı irəli sürülmüş terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silahlı birləşmə yaratma və s. ittihamlara xitam verilməsini istəyib.
Digər təqsirləndirilən şəxslərdən Rasim Mustafayev, Vüqar Məmmədov, Hamlet Abdullayevin vəkilləri isə müvəkkillərinin təqsirsiz olduğunu vurğulayaraq onlara bəraət verilməsini istəyiblər.
Məhkəmə prosesi aprelin 15-də digər vəkillərin müdafiə çıxışı ilə davam edəcək. Ardınca təqsirləndirilən şəxslər məhkəmədə son sözlərini deyəcəklər.
2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.
Sui-qəsdi törətdiyi bildirilən Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğu iddia edilir.
Səfərov isə bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirir. \Azadliq.org
Paylaş