Bakının Nizami rayonunda yerləşən lombardın işçisi qarət etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqla ittiham edilən 1990-cı il təvəllüdlü İsgəndərov Emin Sabir oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən E.İsgəndərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında günorta saatlarında, Qara Qarayev prospektində baş verib.
Emin İsgəndərov lombarda girərək 1971-ci il təvəllüdlü işçi Nəzakət Bayramovanı tapança ilə hədələyərək, əlindəki bütün pulları verməsini tələb edib. Bu zaman lombarda rayon təhlükəsizlik şöbəsinin əməkdaşları gəlib.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə aparılan şəxsin 1990-cı il təvəllüdlü paytaxt sakini Emin İsgəndərov olduğu müəyyən edilib.
Onun silah kimi istifadə etdiyi tapançanın alışqan aksessuar olduğu müəyyən edilib.
E.İsgəndərov Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham olunur. // Musavat.com