4 il sonra yenidən aktuallaşan “Tərtər işi” ilə bağlı Azərbaycan hüquq-mühafizə sisteminə ittiham və tənqidlər səngimək bilmir. Ölkə gündəmini 4 aydan çoxdur zəbt edən məsələnin, daha doğrusu hüquq-mühafizə sisteminin əleyhinə aparılan kampaniya və qarayaxmaların məhz Azərbaycanın şanlı qələbəsindən sonra ortaya atılması təsadüfi deyil.
Ölkəmizin zəfər sevincini həzm etməyən erməni xislətli üzdəniraqların “aktiv fəaliyyət”inin növbəti parçası sayılan bu addıma təəccüblənməmək olmur.
“Tərtər işi” necə başladı?
Əvvəlcə ondan başlayaq ki, bu məsələ unudulmamışdı. “Tərtər işi”nin kökü 2016-cı ilin aprelində Dağlıq Qarabağda baş verən hərbi əməliyyatlardan dərhal sonra baş qaldıran işgəncə faktı ilə bağlıdır.  İctimaiyyətə verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verildiyi, 25 nəfərin uzun müddətli həbs cəzası aldığı və ən azı 9 nəfərin işgəncədən öldüyü söylənilir.
2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat yaydı. Məlum oldu ki, bir qrup Azərbaycan Silahlı qüvvələrinin hərbi qulluqçuları erməni xüsusi xidmət orqanlarına casusluq ediblər. 4 il əvvəl cərəyan edən Tərtər hadisəsi ilə bağlı elə həmin il, yəni 2017-ci ildə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsilə dövlətə xəyanət üzrə cinayət işi açıldı, xüsusi istintaq qrupu yaradılaraq Tərtər rayonunda həbslər aparıldı.
İki il sonra rəsmi və qeyri-rəsmi olaraq casusluqda şübhəli bilinən hərbçilərə qarşı işlərin detalları, xüsusən də 2017-ci ilin may və iyun aylarında edilən kütləvi işgəncələr açıqlanmağa başladı. Amma istintaq davam etdi və məhkəmə hökm çıxardı.
Ehtiyatda olan polkovniklərin mətbuata verdiyi açıqlamalara görə, hətta o zaman yaradılan istintaq qrupu və hərbi prokuror hadisə yerinə gedərək, xəsarətə məruz qalanların müalicəsi üçün tibb heyəti dəvət edib. Xeyli insanın sağalmasına nail olunub.
Bir sözlə, “Tərtər işi” məhz 2016-cı ilin Aprel hadisələrindəki uğurlu əməliyyatdan sonra baş verdi və bu məsələlər gündəmə gətirildi. Azərbaycanın təhlükəsizliyini təmin edən ordunun nüfuzdan salınması üçün məsələ bir müddət “ictimai fəal” və “xalq təəssübkeşləri” tərəfindən çək-çevir də edildi. Amma müzakirə çox qısa zaman sürdü. Yenidən, 4 il sonra məsələnin belə aktuallıqla ortaya çıxarılmasına rəvac verildi ki, bu da təəccüb yaradır.
Niyə 4 il sonra?
Əslində 4 il sonra yenidən ortalığa atılan və sanki hadisə qurbanlarının təəssübünü çəkmək niyyəti kimi təqdim olunan “saf” çıxışların məqsəd və məramı bəllidir. Hədəf Azərbaycanın 44 günlük tarixi qələbəsinə kölgə salmaq, müzəffər ordumuzu ləkələmək, dövlət qurumlarının fəaliyyətini yerləbir etmək və vətəndaşları dövlətdən narazı salmaqdır.
Maraqlıdır ki, həmin hadisələr üzərindən manipulyasiya edərək ajiotaj yaradan bəzi “fəallar” xüsusi canfəşanlıq göstərən videolarında özlərini elə təqdim edirlər ki, sanki dövlət qurumları tərəfindən gizlədilmiş, ört-basdır edilmiş cinayətlərin üstünü açırlar.
Silsilə videoçarxlarda Azərbaycan Silahlı Qüvvələrində geniş casus şəbəkəsinin fəaliyyət göstərməsi, həmin şəbəkənin ifşa olunması zamanı hərbi qulluqçuların işgəncələrə məruz qalması, onların şərəf və ləyaqətinin alçaldılması, eləcə də hərbi qulluqçuların qəsdən öldürülməsində təqsirli şəxslərin məsuliyyətdən kənarda saxlanıldığı bildirilir.
Bu məsələdə isə birbaşa Hərbi Prokurorluq günahlandırılır, quruma yönəlik səslənən ittihamlar və qərəzli fikirlər bitmək bilmir. Halbuki məlum hadisədə aidiyyəti dövlət qurumları və məhkəmə instansiyaları təqsirli olanları cəzalandırıb. Sadəcə olaraq bəzi detallar dövlət sirri səbəbindən ictimaiyyətə açıqlanmır.
Hadisə şahidləri danışır…
Araşdırması və gün üzünə çıxması tələb olunan məsələnin əsl detallarını mediaya açıqlayan hadisə şahidləri də çıxışlarında qarayaxmaların hüquq mühafizə orqanlarını və ordunu gözdən salmaq məqsədi daşıdığını, əsassız məlumatlar yayanlardan narahatlıqlarını ifadə edirlər.
Həmin hadisələr vaxtı Müdafiə Nazirliyində Silahlı qüvvələrin baş terapevti kimi məsul vəzifədə çalışdığını bildirən Samir Qasımov sözügedən hadisələrin birbaşa şahidi olub. Onun sözlərinə görə, hərbi qulluqçulara qarşı işgəncə faktları baş verib və o, əzab görmüş hərbi qulluqçuları öz gözləri ilə görüb:
“O vaxt Tibb Baş İdarəsinin rəisi və ətrafında olan məsul şəxslərlə birgə işgəncə faktları ilə tanış olduq. Bu barədə baş idarəyə məruzə edildi və Tibb Baş İdarəsinin rəisinin göstərişinə əsasən işgəncəyə məruz qalmış hərbi qulluqçular təxliyə olundu. Mən özüm də işgəncə almış hərbi qulluqçularımızın müalicəsi ilə məşğul oldum. Onlara necə lazımdır tibbi yardımlar etdik”.
“Tərtər” hadisələri ilə bağlı fikrini bölüşən ehtiyatda olan digər tibb xidməti polkovniki Xudu Xuduyevin sözlərinə görə isə qeyd olunan hadisəni vaxtında araşdırmaq və təcili qarşısını almaqda Hərbi Prokurorluğun müstəsna fəaliyyəti olub:
“Hərbi prokuror Xanlar Vəliyev o vaxt anında hadisə yerinə gəldi və vəziyyətlə yaxından tanış olaraq zəruri istintaq hərəkətlərinə başlanılması üçün göstəriş verdi. Hərbi hospitalda Hərbi Prokurorluq və DİN əməkdaşlarından ibarət gecə-gündüz növbətçilik sistemi təşkil olunmuşdu.
Həkimlər isə xəstələrin müalicə və müayinələrinin vaxtında, qaydasında getməsini təmin edir, səhhəti ağır olanları həyata qaytarmaq üçün əllərindən gələni edirdilər. Özüm bu hadisələrin şahidi olmuşam”.
Adının çəkilməsini istəməyən yüksək rütbəli zabitin açıqlaması da diqqət çəkib. Ayrı-ayrı şəxslər tərəfindən “Youtube” kanalında, eləcə də başqa internet resurslarında “Tərtər hadisələri” adı ilə yayınlanan məlumatları uydurma və qara-piyar adlandıran zabit məlum hadisələrdən sonra işə müdaxilə edən Hərbi Prokurorluğun xidmətindən danışıb:
“Tərtər işi”nin şahidi kimi bu gün adına bilərəkdən ləkə gətirilən Hərbi Prokurluğun əslində həmin hadisələrdə fədakarlıqla vəzifəsini layiqincə yerinə yetirdiyini əminliklə deyə bilərəm.
Qeyd olunmuş faktların araşdırılması zamanı  Prokurorluğun üzərinə qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsində qanunun aliliyi rəhbər tutulub. Hesab edirəm ki, qərəzli çıxış və təxribatlar ilk növbədə Ordumuza, 44 günlük Vətən savaşında qəhrəmanlıq səlnaməsinə imza atan oğullarımıza və şəhidlərimizin ruhuna təhqirdir. Bu səpkili qərəz ölçüyə gəlməz və ölkəmizə fayda verməz”.
“Tərtər işi” hüquq mühafizə orqanlarının gözü ilə…
Məsələyə son verilməsi və sözügedən ittihamlara cavab olaraq Respublika Hərbi Prokurorluğunun məsələyə baxışı da maraqlıdır. Bizim.Media-nın sorğusuna cavab olaraq Hərbi Prokurorluqdan bildirilib ki, 2017-ci ildə Müdafiə Nazirliyi tərəfindən ayrı-ayrı hərbi qulluqçuların casusluq fəaliyyətinə cəlb olunması barədə nazirliyə daxil olmuş ilkin məlumatlar üzrə araşdırma aparılıb. Toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Hərbi Prokurluğuna göndərilib.
Müəyyən olunub ki, Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyin, eləcə də Müdafiə Nazirliyinin rəhbəredici və təşkilati normativ aktlarının tələbləri pozulub. Təhqiqat və istintaq altında olan şəxsləri törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, ayrı-ayrı hərbi qulluqçular tərəfindən casusluqda şübhəli bilinən bəzi şəxslərə qarşı fiziki və psixi zorakılıq tətbiq olunub, işgəncələr verilib, şərəf və ləqayətləri alçaldılıb.
Hətta qanunsuz sorğulanma da həyata keçirilib. Qeyd edilən faktlar müəyyən edildikdən sonra Hərbi Prokurorluq tərəfindən müdaxilə edilərək hərbi qulluqçuların qanunsuz sorğulanmasının qarşısı alınıb, fiziki təzyiqlərə məruz qalmış şəxslərə tibbi yardım göstərilməsi təşkil edilib, sorğu-sual olunması üçün qanunsuz saxlanılmış şəxslərin azad olunması təmin olunub. Həmçinin, işgəncə faktları üzrə operativ, hərtərəfli və obyektiv araşdırma aparılıb.
Prokurorluq bildirir ki, qanunsuz sorğulanma zamanı işgəncələrə məruz qalmış və ölmüş bütün şəxslərin meyitləri tibbi müayinələrdən keçirilib:
“Kifayət qədər faktlar olduğundan toplanmış materiallar əsasında Müdafiə Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İstintaq zamanı 16 nəfər hərbi qulluqçu cinayət məsuliyyətinə cəlb olunaraq, barələrində məhkəmələr tərəfindən həbs qətiimkan tədbirləri seçilib. Zərərçəkmiş şəxslər müəyyən edilib, ölmüş hərbi qulluqçuların yaxınlarının ifadələri alınıb. Onların iştirakı ilə zəruri tədbirlər həyata keçirilib, həmin cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib.
Məhkəmə baxışında bütün təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar təsdiq olunmaqla,  həmin şəxslər müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar”.
Qurumun açıqlamasına görə ayrı-ayrı hərbi qulluqçuların casusluq fəaliyyətinə cəlb olunması faktları kifayət qədər mötəbər dəlillərlə təsdiqini tapıb və barələrində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və digər müvafiq maddələri ilə cinayət işi başlanıb:
“Həmin cinayət işlərinin istintaqı zamanı dövlətə xəyanətdə təqsiri olmadığı müəyyən edilən 5 şəxsə bəraət verilib. Ümumilikdə 34 şəxsin təqsiri tam sübuta yetirildiyindən onlara müvafiq ittihamlar elan edilib, barələrində məhkəmələr tərəfindən həbs qətiimkan tədbirləri seçilib. 17 nəfərin Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsində nəzərdə tutulmuş təqsiri sübuta yetirilib və həmin cinayət işlərinin istintaqı da tamamlanaraq, baxılması üçün hərbi məhkəmələrə göndərilib. Bütün təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlar təsdiq olunmaqla müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar”.
Yekun…
Hüquq mühafizə orqanlarının açıqladığı məlumatlara görə, casusluq fəaliyyətində ittiham olunan və hərbi quluqçulara işgəncə vermiş şəxslərlə bağlı cinayət işlərinə Apelyasiya və Ali Məhkəmə tərəfindən ədalətli hökm çıxarılıb. Günahkarlar cəzalandırılıb, günahsızlar isə elə istintaq vaxtı bəraət alıblar.
/Bizim.Media
Paylaş