Açılışında Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın şəxsən iştirak etdiyi xəstəxanalarda bu hallar baş veribsə, görün gözdən-könüldən, Bakıdan uzaq olan digər klinikalarda nələr baş verir? Bu hadisələr göstərdi ki, xəstələrdən pul alıb xəstəxanaya yerləşdirməklə bağlı gedən müzakirələr həqiqət imiş”.
Korrupsiya.az xəbər verir ki, bunu sabiq millət vəkili Çingiz Qənizadə bildirib.
O qeyd edib ki, bütün bu hallar araşdırılmalı və hüquqi qiymətini almalıdır: “Dünən iki ən böyük tibb müəssisəsi rəhbərinin həbsi və eyni zamanda onlarla birlikdə fəaliyyət göstərən dəstənin üzvü olan digər şəxslər barəsində cinayət işinin başlanmasıyla bağlı xəbər hər bir Azərbaycan vətəndaşını həm hiddətləndirdi, həm də sarsıtdı. Bu, adi rüşvət halı deyil, bu Azərbaycan dövlətinin pandemiya ilə mübarizə siyasətinə qarşı çıxmaq deməkdir. Eyni zamanda, bu insanların göz yaşı, kədəri, acısı üzərindən rüşvət almaq, varlanmaq, vəzifəsindən sui-istifadə etmək deməkdir. Məhz birbaşa pandemiya ilə, xəstələrlə bağlı olduğuna görə cəmiyyətdə olduqca hiddət doğuran hal kimi müzakirə olunur. Bu şəxslərin hərəkətləri Azərbaycan dövlətinin siyasətinə və səhiyyə sisteminin özünə kölgə salır”.
Ç. Qənizadə hesab edir ki, bu qanunsuzluqlar təkcə bu iki səhiyyə müəssisəsi ilə bitmir. Digər müəssisələrdə də oxşar qanunsuzluqlar var:
“Cəmiyyətdə, sosial şəbəkələrdə dövlət tərəfindən xəstələr üçün ayrılan bahalı dərmanların qara bazara çıxarılması halları müzakirə predmeti idi. Uzun aylardır ki, bu xəstəxanalara pul müqabilində xəstələrin yerləşdirilməsi məsələsi müzakirə olunurdu. Nəhayət, hüquq-mühafizə orqanları buna nöqtə qoydular və bu həbsləri başladılar. Burada başqa məqam da axtarmaq lazımdır, onlar bu rüşvəti alarkən kimə arxayın olublar, kimin himayəsində olublar? Bu rüşvəti kiminlə bölüşüblər? Ümid edirəm ki, istintaq bu suallara da aydınlıq gətirəcək”.
Ç. Qənizadə vurğulayıb ki, pandemiya başlanan ilk günlərdən Prezident İlham Əliyev bu məsələni nəzarətinə götürüb və dövlət başçısı tərəfindən belə tezis ortaya qoyulub ki, insan həyatı ən öndə olmaq şərtilə iqtisadi zərəri qəbul edirik:
“Xəstəxanalarda koronavirusla bağlı ölüm sayı bəlkə də, haqqı olmayan, xəstəxanaya yerləşdirilməsi vacib olmayan, lakin pulu çox olub, canından qorxub hansısa ağır xəstənin yerinə pul verib xəstəxanaya yerləşən şəxslərə görə artdı. Bəlkə də belə şəxslərə daha çox diqqət-qayğı göstərildiyi halda, digər yetim-yesirlər orada diqqətsiz qaldı. Bütün bunlar araşdırılmalıdır.
Bundan başqa, səhiyyənin daha bir problemi də ötən gün sosial şəbəkələrdə paylaşılan 14 nömrəli xəstəxanada tibb işçilərinin xəstəyə vaksin vurmaq adı ilə manipulyasiya etməsilə bağlıdır. Bu da müzakirə predmeti idi və dəfələrlə bu barədə yazılmışdı. Bütün bunlar dövlətimizin səhiyyəyə göstərdiyi etimad və səhiyyənin qarşısında qoyduğu vəzifələrə qarşı çıxmaq və pandemiyaya qarşı mübarizədə dövlət siyasətinin əleyhinə getmək deməkdir”.