“Sərhədlərin dəqiqləşdirilməsi yekunlaşdıqdan sonra Laçın dəhlizi ilə bağlı məsələlər də öz həllini tapacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 3 erməni terroçusunun Ermənistana təhvil verilməsi və sərhədçilər arasında yaşanan məlum insidenti dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, Azərbaycan ordusu Vətən müharibəsində qələbəni təmin edib. Mövcud şəriatdə yürüdülən siyasət isə Ordumuzun zəfərini möhkəmləndirməyə xidmət etməlidir:

“Sərhəd və cəbhə xətti tamamilə fərqli anlayışlardır. Ermənistanla müharibə şəraitində olumuşuq. Qələbədən sonra müharibənin olmasını ən az arzulayan tərəf də məhz Azərbaycandır. Çünki Ermənistan uzun müddət Azərbaycan ərazilərini işğal altında saxlayıb.

Bu gün sərhəd xəttinin tənzimlənməsi Moskvanın iştirakı ilə aparılır. Sərhəddəki əsas yüksəklikləri öz nəzarətimizə götürürük. Sərhədçilərin videosuna diqqətlə baxsaq, görərik ki, erməni zabit yüksəkliyə doğru irəliləməyə çalışır.

Ermənistan tərəfi də atəşkəsə əməl etməyə öhdəlik götürdüyü üçün bu cür provakasiyalara əl atmaqla Azərbaycan sərhədçilərinin atəş açmasını istəyirdi. Atəş nətisəində bir erməni ölsə və yaralansaydı, Azərbaycanı günahkar çıxaracaqdılar. Ona görə də görülən bu qədər işi bir erməniyə görə hədər etməyə dəyməz.

Sərhəd xidmətinin kontingenti çox korrekt iş görür. Sərhədlərin dəqiqləşdirilməsi yekunlaşdıqdan sonra Laçın dəhlizi ilə bağlı məsələlər də öz həllini tapacaq. Vətən müharibəsindən öncə demişdik ki, Azərbaycan nəinki yurisdikasiyasında olan torpaqları, Naxçıvanla Azərbaycanı birləşdirən dəmiryol xəttini də nəzarəti altına almalıdır. Həmin yol Azərbaycana məxsusdur.

O vaxt biz bunu yazanda bəziləri rişxənd edirdi, ancaq bu məsələ indi gerçəkləşir. Emosiyalardan uzaq, dəmir intizam lazımdır. Sərhəddən əlavə, Qarabağın daxilində də çox ciddi işlər görülür. Erməni hərbçilərinin möhkəmləndirmə işləri və postları önə çəkmə cəhdlərinə cavab olaraq bizim postlar bir qədər irəli çəkilib, hətta Şuşa yaxınlığında Rusiya sülhməramlılarının postlarını önə çəkmələrinin də qarşısı alınıb. Bunlar ictimaiyyətə açıqlanmır”.

3 erməni terroçusunun qaytarılmasına gəldikdə isə hərbi ekspert bunları deyib:

“Dəfələrlə Rusiyanın siyasi və hərbi rəhbərliyinin, o cümlədən Avropanın istəklərinə baxmayaraq, Azərbaycan tərəfi erməni terroçularının verilməsində dirəniş göstəriridi. Hətta bir dəfə Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov İrəvana əliboş yola salınmışdı.

Aydındır ki, ermənilər bu msələni daim şişirdəcək. Evlərin dağıdılması, minalı sahələrin xəritələrinin verilməməsi bizə təzyiq göstərən ölkələri narahat etmir. Lakin Azərbaycan tərəfi bu məsələdən maksimum yararlanmağa çalışacaq və yararlanır da.

Əlimizdəki terrorçularla tədricən işləyib sənədlərini və başqa məsələləri qaydasına salandan sonra onlar bura tək-tək, ya da iki-iki, üç-üç buraxılacaq. Əlbəttə, onlardan hansısa Xocalıdan üzü bəri ən ağır qətliamlarda iştirak ediblərsə, təbii ki, onların aqibəti məhkəmənin ixtiyarına veriləcək. Hər bir halda, 100-dən çox terroçudan cəmi 3-nün buraxılması dediklərimizdən xəbər verir.

Paşinyan höküməti loyallıq göstərsə də, Ermənistandakı digər qüvvələr revanşist mövqe tuturlar. Ona görə də, onların verilməsi Paşinyanın hakimiyyəti dövrünə təsadüf edəcək. Rusiya kimi Azərbaycan və Türkiyə də Paşinyanın hakimiyyətdə qalmasını məqbul sayır. Ona görə də Paşinyanın əlini gücləndirmək üçün bəzi addımlar atıla bilər”.

Paylaş