Əsgərlərimizin ermənilər tərəfindən təhqir olunaraq postdan qovulması əsasən sosial şəbəkələrdə ciddi qınaq obyektinə çevrildi. Hətta ordu rəhbərliyini hədəfə götürənlər, generallarımızı, zabitlərimizi sərt tənqid və təhqir edənlər də tapıldı. Bir çox hallarda bu tənqid əsassız və obyektivlikdən uzaq olsa da, belə münasibət heç də sıradan bir məsələ deyil.
Ordu və zabitlərimizin hədəfə götürülməsi hakimiyyət dairələrində ciddi narahatlıqla qarşılanıb. Hazırda tənqid və təhqir yayan youtube kanalları, sosial media istifadəçiləri hüquq-mühafizə orqanları tərəfindən siyahıya alınır. Onların barəsində ciddi tədbir görülməsi nəzərdə tutulur.
Buna paralel olaraq həm də yalan, böhtan xarakterli məlumatlar yayan, “reket” üslubu ilə işləyən saytlar da siyahıya alınır. Onların barəsində də sərt tədbirlər görüləcəyi güman edilir.
Tədbirlərin xəbərdarlıqdan başlayaraq maliyyə qaynaqlarının kəsilməsi də daxil olmaqla məhkəmə müstəvisinə kimi gedib çıxacağı deyilir.
İstənilən halda belə görünür ki, dövlət sosial şəbəkələrdəki özbaşınalığa, ordu, təhlükəsizlik, müdafiə sisteminin hədəfə götürülməsinə, “reket” saytların at oynatmasına, sifarişli yazılara, məlumat sızmalarına qarşı ciddi tədbirlər görmək ərəfəsindədir. // KONKRET.az
Paylaş