Türkiyə Prezidenti Ərdoğan NATO sammitində Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi məsələsini qaldıracağını bildirib. O, bu məsələ ilə bağlı Türkiyənin dəstək verəcəyini də diqqətə çatdırıb.

Maraqlıdır, Ərdoğan bununla bağlı hansı təsir metodundan istifadə edə bilər?
Məsələ ətrafında Sfera.az-a danışan politoloq Zaur Məmmədov minalanmış ərzailərin xəritəsinin qaytarılması istiqamətində Rusiyanın Ermənistana təzyiq edəcəyini bildirib:

“Minalanmış ərazilərin xəritələrinin verilməsi hələlik Azərbaycan və Ermənistan arasında erməni tərəfinin bilərəkdən alver etdiyi mövzulardan biridir.

Görünən budur ki, Rusiya da müəyyən qarşılıq əsasında xəritələrin Azərbaycana verilməsi üçün Ermənistana təzyiq metodlardan istifadə edə bilər. Sadəcə olaraq Moskvanın da Bakıdan istəkləri var. Lakin hər kəs bunu yaxşı bilir ki, postmüharibə  dövrlərində mülki əhaliyə zərər dəyməsin deyə bu xəritə verilməlidir. Bunu etməmək beynəlxalq hüquqa ziddir. Çünki söhbət sülh prosesindən gedir. İnsanların həmin ərazilərə tez bir şəkildə qayıdışı üçün mütləq şəkildə ərazilər minalardan təmizlənməlidir.
Rusiya məsələsi də burada çox aktualdır, çünki Rusiya üçtərəfli bəyanat üzrə məsuliyyət daşıyan tərəfdirsə, o zaman bu kimi cılız hadisələrin baş verməməsi üçün əlindən gələni etməlidir”.
Ekspert bəzi müsəlman ölkələrin susduğunu və ikiüzlülük etdiyini də vurğulayıb:
“Təbii ki, Türkiyə ilk gündən etibarən Azərbaycanın yanında olub. Ərdoğanın müharibədə, həmçinin müharibədən sonrakı dövrdə atdığı addımlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
Sözsüz ki, onun NATO kimi mötəbər sammitdə də bu məsələyə toxunması olduqca vacibdir. Əfsuslar olsun ki, dünyanın, demək olar ki, heç bir ölkəsi Azərbaycanı müharibə dövründəki kimi tam olaraq dəstəkləmir. Ən əsası bəzi müsəlman ölkələri bu kimi məsələlərdə susur və ikiüzlülük nümayiş etdirirlər. Əvəzində isə Türkiyə bütün addımları ilə Azərbaycanın yanında olduğunu sübut edir”.
Paylaş