Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin Qaz Paylayıcı Stansiyasının operatoru vəzifəsində işləyən Kərimov Mətləb Niyazi oğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Korrupsiya.az ın məlumatına görə, toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.
Məhkəmə prosesində Həsənov Hacı Əbülfət oğlu zərəçəkmiş şəxs qismində çıxış edəcək.

Qeyd edək ki, Baş Prokurorluğunun yaydığı məlumata əsasən, Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin rəis müavini vəzifəsində çalışan Bağırov Ramil İxtiyar oğlu və “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin Qaz Paylayıcı Stansiyasının operatoru vəzifəsində işləyən Kərimov Mətləb Niyazi oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Aparılmış ilkin araşdırma zamanı Ramil Bağırovun Mətləb Kərimovla cinayət əlaqəsinə girərək, sonuncu vasitəsilə Xəzər rayonu ərazisində yerləşən ticarət obyekti və yaşayış evlərinin yaxınlığından keçən qaz boru xətlərinin yerinin dəyişdirilməsi üçün vətəndaşlardan ümumilikdə 5 min 700 manat pul vəsaitini rüşvət qismində almalarına dəlalət edən kifayət qədər şübhələr müəyyən edildiyindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Paylaş