“Paşinyan Türkiyə prezidenti Ərdoğanla görüşmək istəyir və bunun üçün Gürcüstan rəhbərliyini elçi salıb. Bu isə o deməkdir ki, həmin görüşdə maraqlı olan daha bir tərəf var – ABŞ”.
Korrupsiya.az bildirir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib. Onun sözlərinə görə, Türkiyə prezidentinin Amerikaya səfəri öncəsi belə bir açıqlama verməsi, bu məsələnin oradakı danışıqlarda da gündəmdə olacağı ehtimalını yaradır:
“Ərdoğan Paşinyanla görüşə o halda razılıq verəcəyini bildirdi ki, Ermənistan müsbət addımlar atsın. Rəsmi İrəvan onun özünə hamıdan çox lazım olan o müsbət addımları atacaqmı? Atmaq istəsə, asılı olduğu güc ona imkan verəcəkmi, 1999-cu ilin oktyabrında baş verənlər təkrarlanmayacaq ki? Bunu gələcək göstərəcək.
Amma bir şey bəri başdan aydındır. Qarabağda qanunsuz silahlı dəstə qalmayacaq. Onlar ya özləri oradan rədd olub gedəcəklər, ya Rusiya hərbçilərinin üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmələri nəticəsində buxarlanacaqlar, ya da bunu Azərbaycan edəcək. Əgər qardaş Türkiyənin bu yaz Liviyada uğurla sınaqdan çıxardığı cəmi 8 kq çəkisi olan KARGU-2 dronlarından faydalanmaqla bu edilərsə, o zaman bəlli çevrələr dinc adamlar qırılır deyə, haray-həşir salıb əks tədbirlər də görə bilməyəcəklər”.
Millət vəkili qeyd edib ki, sözügedən dronlarla mübarizə Bayraktarla olduğundan da çətindir:
“Beləliklə, Qarabağdakı qanunsuz silahlı dəstələrinin bütün rəhbər heyətinin səs və görüntü kartotekasını yaddaşına yükləməklə cəmi bir metrliklərindəkilərə belə xətər yetirmədən KARGU-2 onları məhv etmək qüdrətindədir. Qeyd etdiyim kimi artıq Liviyada bu sınaqdan keçirilib və dünya hərb tarixində ilk dəfə Türkiyə dronu avtonom olaraq özü hədəfi axtarıb tapıb, özü də məhv edib. Gözləsinlər, bir gün qəflətən gələcəklər”.