“Xamenei “İranın şimal-qərbində, bəzi qonşu ölkələrdə yaşanan hadisələrin həlli yollu xarici güclərin bu ölkələrə müdaxiləsinin qarşısını almaqdır” deyərək açıq şəkildə Azərbayanı təhdid edir”.
Bu sözləri Sfera.az-a açıqlama verən, politoloq Asif Nərimanlı İmam Hüseyn Hərbi Məktəbin məzuniyyət mərasimində çıxış edən İranın Ali dini lideri Ayətullah Əli Xameneinin çıxışıni şərh edərkən deyib.
O, bildirib ki, Xamenei dəstək verdikləri Ermənistanı nəzərdə tutmadığına görə, şimal-qərbdə sözügedən qonşu ölkə Azərbaycandır:
“Aydın məsələdir ki, onun “xarici güclər” dediyi ölkələr də Türkiyə və İsraildir. Məsələ ondadır ki, İsrailin bölgədə mövcudluğu Tehranın iddia etdiyi formada deyil. Türkiyəyə gəldikdə isə, İran Ankaranın regionda mövcudluğuna qarşı çıxır və bunu “sionist” iddiası ilə pərdələyərək ölkədəki inanclı kəsimi də səfərbər etməyi planlaşdırırlar”.
A. Nərimanlının sözlərinə görə, Xameneinin çıxışında “cəza” mesajı açıqca hiss olunur:
“Söhbət onun “başqalarına güvənərək, öz təhlükəsizliyini təmin edə biləcəklərini düşünənlər, yaxında sillə yeyərək, cəzalarını görəcəklər. Hər kəs bilməlidir ki, qardaşlarına quyu qazanlar öncə özləri o quyuya düşəcək” sözlərindən gedir. İranın dini rəhbərinin bu mesajının Bakıya ünvanlandığı bəllidir və açıq-aşkar təhdiddir. “Qardaş” sözləri də Azərbaycanın inanclı kəsiminə ünvanlanıb. Baş verənlərə Xameneinin reaksiya verməsi o deməkdir ki, İrandan Azərbaycana qarşı total hücum daha da genişlənəcək: bu, sərhədlə yanaşı, daxildə də təhlükəsizliyə təhdidlər yarana biləcəyi gözləntisini artırır”.
Ekspert İranın sərhəd təlimləri və Xamenei səviyyəsində səslənən təhdidlərinə qarşı Bakının atdığı addımlar haqda danışıb:
“Birincisi, Türkiyə və Azərbaycan Naxçıvanda 5-8 oktyabr tarixində yeni hərbi təlimlərə başlayır. İkincisi, Türkiyə Müdafiə Nazirliyi bölgədə baş verənləri yaxından izləyir. Üçüncüsü, Müdafiə naziri Zakir Həsənovun keçirdiyi hərbi müşavirədə Qarabağla yanaşı, sərhəddəki vəziyyəti də təhlil edildi, döyüş hazırlığı ilə bağlı göstərişlər verildi. Dördüncüsü, Cənubi Azərbaycanda soydaşlarımız – həm təlimdə iştirak edənlər, həm də mülki şəxslər – müxtəlif formalarda etirazlarını bildirir”.
Paylaş