“6 gündür binamızda su gəlmir, lifti dayandırıblar. Axı günahımız nədir ki, bizə bu qədər zülm edirlər. 16-cı mərtəbəyə piyada su daşımaq bilirsiniz nə deməkdir?!”

Bunu Musavat.com-a Xətai rayonu, Rahib Məmmədov küçəsi, 20 a ünvanında yerləşən “Birlik” MTK-ya məxsus binanın sakinləri bildiriblər.

Sakinlər qeyd edirlər ki, bir neçə il əvvəl binanın keçmiş komendantının 57 min manat dəyərində “Azərişıq”a borcu yaranıb: “Komendant o pulu bizdən alıb, amma ”Azərişıq”a ödəniş etməyib”.

Sakinlər əlavə edib ki, həmin komendant sonradan bir neçə cinayət işinə görə həbs olunub. Amma problem bununla bitməyib, əksinə, vəziyyət daha da qəlizləşib: “Hazırda yeni komendant qanunsuz olaraq kəsilən işıq və su ilə bağlı ödənişlərin nəyə görə insanlardan alınması barədə ”Azərişıq”a, Xətai Rayon İcra Hakimiyyətinə, digər lazımi orqanlara müraciət edib. Amma buna baxmayaraq heç bir faydası olmayıb. Həmin qurumlar iddia edirlər ki, sakinlər bu məbləği, yəni 57 min manati ödəməlidirlər. Bu pulu bizə kimsə bağışlamayacaq deyirlər. Bizim bina 16 mərtəbəlidir. Düşünün, 6 gün susuz, liftsiz yaşamaq olarmi?! Mən 13-cü mərtəbədə yaşayıram. İki uşaqla, uşaq arabası ilə çıxıb-düşürük, əziyyət çəkirik.

Bütün sakinlər Xətai Rayon İcra Hakimiyyətinə getdik, Xətai Rayon İşıq İdarəsinin rəisi Ağaverdi müəllim dedi ki, pulu siz ödəməlisiniz.

Deyirlər, hər ay 2500 manat gətirin, suyunuzu da verək, liftiniz də işləsin. Elə rahatlıqla deyirlər, sanki qəpik-quruşdan danışırlar. Dolanışığı güclə çatdırırıq, o pulu necə ödəyək. Niyə bizə aid olmayan borcları illərlə ödəməliyik. Altı gündür həyatımız sönüb, dayanıb. İndi məcbur olub, qonşularla o pulu yığıb verdik, bəs o biri aylarda necə olacaq?!”

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bildirildi ki, mənzil tikinti kooperativi olduğuna görə icra hakimiyyətinin balansında deyillər: “Bizə aidiyyəti yoxdur. Orada sakinlər özləri MTK-nın rəhbərini seçirlər. Orada bütün ödəmələri özləri etməlidirlər. Sakinlər şikayətləri ilə bağlı prokurorluğa müraciət etməlidirlər”.

“Azərişıq” ASC-dən isə “Yeni Müsavat”a məsələdən xəbərdar olduqlarını dedilər: “Hazırda bu məsələ üzrə iş məhkəmədədir, ona görə də bir söz deyə bilmərik”.

Bina sakinləri bizimlə söhbətdə onu da bildiriblər ki, məhkəmə prosesi davam etdiyi halda suyun kəsilməsi, binanı liftsiz saxlamaq qanuna ziddir.

Bəs görəsən, belə hallarda vətəndaşlar nə etməlidirlər? Kim haqlıdır, kim haqsız?

Ümumiyyətlə, son dövrlər yeni tikililərlə bağlı narazılıqlar səngimək bilmir. Bəs görəsən, problemin kökündə nə durur? Qanunvericilikdə boşluqlarmı var?

Bizimlə söhbətdə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzunu belə şərh edib: “MTK binanı tikib, bitirib, təhvil verəndən sonra altı ay müddətində sakinlər tərəfindən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri yaradılmalıdır. Bu kooperativ bina olduğuna görə onun təməlində o olur ki, sakinlər özləri onu tikdirirlər. Bir növ öz təsərrüfatı kimi. Bina təhvil veriləndən sonra 6 ay müddətində MTK-da idarəetmə sakinlərə verilməlidir. Bununla bağlı sakinlər İqtisadiyyat Nazirliyinə, Ədliyyə Nazirliyinə müraciət edərək qeydiyyatdan keçirirlər. Bu günə qədər Bakı-Abşeronda 2 minə qədər çoxmənzilli, yeni tikili yaşayış binası tikilib. Amma mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı təqribən 160 üzərindədir. Burada problem nədən yaranır? Sakinlər əksər hallarda nəinki bu cür problemlər, kommunal ödənişlərin çox olması ilə bağlı həmişə narazılıqlarını bildirirlər. Hətta elə binalar var ki, sakinlər öz evlərində kirayə qalırlarmış kimi o qədər ödənişlər edirlər.

O ki qaldı bu məsələyə, ola bilər bina vaxtında sakinlərə verilməyib: “Azərişıq” günahı sakinlərdə görsə də, onlarda günah yoxdur. Yəni 57 min manatlıq borc qısa müddətə yığılan borc deyil. Normal olaraq işıq pulu ya kartla, ya sayğacda olarsa, hansısa formada borc yığılan kimi avtomatik vətəndaşın işığını kəsirlər. Onlar özləri gəlib binalarda monitorinq aparıb, yoxlamalı idilər. Əgər iş məhkəmədədirsə belə, yenə sakinlərin günahı yoxdur. Məhkəmənin verəcəyi qərardan asılıdır. Tutaq ki, şəxs bir nəfərdirsə, “Azərişıq” bir idarədirsə, burada tapdanan vətəndaşın hüququdur. Vətəndaş pulunu ödəyib, o, haqlıdır. İstənilən halda onların işığını, suyunu, liftini kəsmək olmaz. Məhkəmə belə həmin pulun komendant tərəfindən mənimsənildiyini qəbul edib, bilir. Məhkəmə prosesi bitənə qədər onların suyunu, işığını verməlidirlər. Pulu mənimsəyən şəxsin əmlakı varsa, onun əmlakı ilə o borc bağlanılmalıdır. Hətta bir çox binalar var ki, krediti ödəyə bilməyəndə belə vətəndaşın işığını söndürürlər, suyunu kəsirlər, liftini dayandırıblar. Bu, sakinlərə qarşı haqsızlıqdır. Orada Azərbaycan vətəndaşları yaşayır. O ailələrin övladları məktəbə gedir, onların təhsili var. Susuz yaşamaq mümkünsüz bir şeydir. Qanunla vətəndaşlar o MTK-nı özləri qurmalı idilər. Burada dələduzluq hadisəsi baş verib. Pulu kim oğurlayıbsa, onunla bağlı iş məhkəməyə verilib. Vətəndaşın kommunal xəttini kəsmək doğru deyil. Məhkəmə bitənə qədər dələduzluq edən şəxs borcu ödəyəcək”.

Paylaş