Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində insan skeletləri aşkarlanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Uzundərə adlanan ərazisində qeydə alınıb.

Bərdə-Ağdam yolunun təxminən 37-ci kilometrliyində yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb.
Skeleti tapılan şəxslərin paltarlı basdırıldığı müəyyən olunub.
Şahidlərin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub.
Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları insan qalıqlarını ekshumasiya edərək aidiyyəti üzrə tibbi ekspertizaya göndərib.
Skeleti tapılan şəxslərin kimliyi araşdırma başa çatdıqdan sonra məlum olacaq.
O da məlum olub ki, skeletlər qolları məftillə bağlanmış vəziyyətdə aşkarlanıb.
Qeyd edək ki, Ağdam şəhəri və 7 kilometr yaxınlığındakı Uzundərə adlanan ərazi 1993-cü ilin iyul ayının 23-dən erməni işğalında olub. Bu ərazilər 27 il Ermənistan silahlı qüvvələrinin nəzarəti altında qalıb. Bu da o deməkdir ki, bu skeletlər girov düşmüş vətəndaşlara aid ola bilər.
Paylaş