Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən bələdiyyələrə 2022-ci ildən 2 vergi növü üzrə pul toplamaq qadağan ediləcək. Növbəti ildən yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi və bələdiyyə ərazisində fəlaiyyət göstərən fərdi sahibkarlar tərəfindən ödənilən əmlak vergisi bələdiyyə büdcəsinə deyil, dövlət büdcəsinə ödəniləcək.
Bələdiyyələrdən alınan 2 verginin əvəzində onlara başqa bir vergi növü üzrə vəsait toplamaq həvalə olunacaq. Bu, bina, su və hava nəqliyyatı vasitələri olan fiziki şəxslərdən alınan əmlak vergisidir. Vergi Məcəlləsinə əsasən Azərbaycan ərazisində xüsusi mülkiyyətində tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq su və hava nəqliyyatı (o cümlədən mühərriki olmayan) vasitələri olan fiziki şəxslər əmlak vergisinin ödəyiciləridir.
Korrupsiya.az bildirir ki, bələdiyyələr 4 vergi növü üzrə gəlir əldə edir. Bunlar fiziki şəxslərdən torpaq vergisi, fiziki şəxslərdən əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisidir.
2020-ci ilin məlumatına əsasən, bələdiyyələr vergilərdən 14,4 milyon manat gəlir əldə edib. Gəlirin 7,93 milyon manatı fiziki şəxslərdən əmlak vergisinin, 5,5 milyon manatı fiziki şəxslərdən torpaq vergisinin, 970 min manatı yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin, 1,9 min manatı bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisinin payına düşüb.
Fərdi sahibkarlar tərəfindən ödənilən əmlak vergisi fiziki şəxslərdən toplanan əmlak vergisinə aiddir. Növbəti ildən bələdiyyələr fərdi sahibkarlardan əmlak vergisi ala bilməyəcək, əvəzində su və hava nəqliyyatı (o cümlədən mühərriki olmayan) vasitələri olan fiziki şəxslərdən əmlak vergisi alacaq. Digər tərəfdən bələdiyyələr ildə təxminən 1 milyon manat olan əmlak vergisi üzrə gəlirdən də məhrum olacaq.
Dəyişiliklikdən belə anlaşılır ki, 2022-ci ildən bələdiyyələrin vergi gəlirlərində azalma baş verəcək. Azalmanın nə qədər olacağını zaman göstərəcək.
Bələdiyyələrdən mədən vergisinin alınmasının əsas səbəbi həmin vergi növü üzrə yığımların az olmasıdır. Qiymətləndirmələrə görə bu mənbə üzrə vergiödəmə imkanları yüksəkdir.
Ümumiyyətlə, bələdiyyələrin vergi ödəyicilərinə təsir imkanları olmadığından onların vergi toplamaq imkanları məhduddur. Buna görə də yaxşı olardı ki, bələdiyyə vergilərini yerli özünüidarəetmə qurumları yox, Dövlət Vergi Xidməti toplayıb, bələdiyyə büdcəsinə yönəltsin.