Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən “Azərxalça” ASC-nin sabiq sədri Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Korrupsiya.az Trend-ə istinadən xəbər verir ki, təqsirləndirilən şəxs səhhətindəki problemlərlə bağlı prosesə qatılmayıb.
Təqsirləndirilən şəxsin vəkilləri vəsatətlə çıxış ediblər. Müdafiəçilər bildiriblər ki, V.Muradovun səhhətində ciddi problemlər var və buna görə tibbi ekspertiza təyin olunmalıdır. Vəkillər ekspertiza müvafiq rəy verəcəyi təqdirdə məhkəmə icraatının dayandırılmasını xahiş ediblər.
Hakim Əfqan Hacıyev vəsatəti təmin edib və proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Vidadi Muradov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilir. O, vəzifədə olduğu müddətfdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinərək yanvarın 9-da həbs edilib.
İstintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulması təmin edilib.
Noyabrın 1-də Vidadi Muradov səhhətindəki problemlərlə bağlı həbsdən ev dustaqlığına buraxılıb.
Paylaş