Bakının Sabunçu rayonunda yaşayan şəxsi yaşadığı məhəllədə avtomobil vurub.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

26 yaşlı İsmayılov Seymur Sabir oğlu 137 nömrəli orta məktəbin yaxınlığında yaşadığı evdən çıxaraq məişət tullantısını atmaq üçün zibil qutularına yaxınlaşıb. Həmin an yüksək sürətlə gələn “Mercedes-Benz” markalı avtomobil onu vurub.

Sürücü hadisə yerinə baxdıqdan sonra ərazidən uzaqlaşıb. Yaralı qonşuların köməkliyi ilə 3 saylı Şəhər Xəstəxanasına çatdırılıb.

Xəstəxananın növbətçi həkiminin verdiyi məlumata görə, S.İsmayılov baş-beyinin əzilməsi, qapalı kəllə-beyin travması, döş qəfəsi və bud sümüyünün əzilməsi diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə yerində qonşular həmin avtomobilin dövlət qeydiyyat nişanını tapıb. Məlum olub ki, qəzanı törədən 90-LF-460 dövlət nömrə nişanı olan avtomobildir. Maddi sübut kimi tapılan dövlət nişanı Sabunçu Rayon Polis İdarəsinə təhvil verilib.

Fakt polis idarəsində araşdırılır.

Paylaş