Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün “Onlar bizə əmanət” deyib yeni layihəyə başlanılıb.

Bu barədəKorrupsiya.aza açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

Şöbə müdiri qeyd edib ki, yeni doğulmuş 102 şəhid övladından 100 şəhid övladına 1000 AZN məbləğində maddi yardım edilib, 91 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb.

Xatırladaq ki, Vətən Müharibəsinin başladığı 27 sentyabr tarixindən bu günə qədər dünyaya gələn şəhid övladının hər birinin adına 5 min manatlıq bank hesabı açılır. Şəhid övladlarının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanır. Bu məqsədlə hər anaya 1000 AZN təqdim olunur və körpələrin adına 5000 AZN-lik hesab açılır. Hesablara vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılır və şəhid övladları 18 yaşına çatdıqdan sonra yığılan vəsaiti özü hesabından çıxara biləcək.

Bankla ana arasında bağlanmış müqaviləyə əsasən, bəzi zəruri hallarda vəsaiti hesabdan daha tez çıxarmaq mümkündür. Həmçinin ana vəsaiti istənilən valyutaya da dəyişə bilər.

Paylaş