Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, “Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının  bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 21-ci görüşü keçirilib.

Korrupsiya.az xəbər verir ki, görüş Covid-19 koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonfrans şəklində keçirilib.

Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin əməkdaşları Əjdər Cavadov, Elxan Hüseyinov və komissiyanın üzvləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak ediblər.

Videokonfrans şəklində keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilmişdir. Belə ki, Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılmışdır. Müzakirələrin nəticəsində görüləcək tədbirlər barədə birgə müvafiq protokol imzalanmışdır.

Paylaş