Bakıda quldurluq hadisəsi olub.
Bu barədə Korrupsiya.az a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə noyabrın 25-də “Qanlı göl” adlanan yaşayış sahəsində 3 nəfərin Bakı şəhər sakini X.Dadaşovu döyməsi, baş nahiyəsinə butulka ilə vuraraq pulunu, mobil telefonunu və ayaqqabılarını alması, noyabrın 26-da isə həmin yaşayış sahəsinin yaxınlığındakı meşə ərazisində 4 nəfərin bir əcnəbi vətəndaşı döyərək 100 manat pulunu və 1500 manat dəyərində mobil telefonunu alması barədə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Ucar rayon sakini A.Musayev, Yevlax rayon sakinləri A.Məmmədov, N.Rəhimli və Balakən rayon sakini S.Ovçiyev müəyyən edilərək saxlanılıblar.
Ətraflarında aparılmış tədbirlərlə onların noyabrın 13-də Abşeron rayon sakini S.Xanlarovu və Bakı şəhər sakini A.Əzimovu döyüb onlardan quldurluq yolu ilə pul, gümüş boyunbağı, saat, mobil telefon, qulaqcıq və eynək almaları da müəyyən edilib.