Tanınmış yazıçı, Əməkdar incəsənət xadimi Vidadi Babanlının “Elm və təhsil” nəşriyyatında yeni – “Sabaha ismarıc” adlı romanı çapdan çıxıb.

Korrupsiya.az xəbər verir ki, ömrünü yazıb yaratmağa həsr edən və bir an da olsun qələmini yerə qoymayan qələm ustadı, Əməkdar incəsənət xadimi Vidadi Babanlının ömrünün 95-ci baharında yazdığı – “Sabaha ismarıc” romanı ustad yazarın ən son qələm məhsulu olmaqla yanaşı, həm də qiymətli bir ədəbi hadisə hesab olunur.

“Sabaha ismarıc” romanını fərqləndirən ən önəmli əlamət isə yazıçının bu romanı əlinə qələm almadan, diktə ilə yazdırmasıdır. Yazıçının sözlərinə görə, romanı 2015-ci ildən yazmağa başlasa da, səhhəti tamamlamağa imkan vemir və nəhayət 2021-ci ilə yazıçı 160 səhifəlik romanını çapdan çıxarmağa müvəffəq olur.

Roman  Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi Əziz Əzimlinin  keşməkeşli həyatından bəhs edir və millətin taleyini öz mənafeyindən üstün tutan vətənpərvər ziyalının dəfn mərasimi ilə də bitir. Bir jurnalistin həyatından bəhs edən bu kitabda yazıçı ali ideallar uğrunda mübarizə aparan ziyalının obrazında haqq-ədalətin tərəfində cəsarətlə dayanmağa çalışmış təcrübəli qələm adamının ideya-estetik təəssüratlarını əks etdirir.
 

Paylaş