“İşsizlik çox ciddi bir sosial bəla kimi bir sıra iqtisadi və sosial problemlərin mənbəyidir. İşsizliyin yüksək səviyyəsi iş qüvvəsi resursundan dövlətin səmərəli istifadə edə bilməməsini göstərir”.
Bunu Korrupsiya.az a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Əli Məsimli deyib.
Onun sözlərinə görə, Azərbaycan kimi ölkələrdə işsizliyin səviyyəsi 7 faizi aşanda, bir sıra fəsadlara səbəb olur:
“Rəsmi statistikaya əsasən 2020-ci ildə Azərbaycanda işsizlik həmin həddən yüksək olub. Əslində ölkəmizdə işsizliyin səviyyəsi rəsmən elan edilən rəqəmlərdən yüksəkdir. Koronavirus pandemiyasına qarşı tədbirlər planın tərkib hissəsi kimi hökumət 190 manatlıq birdəfəlik müavinəti əvvəlcə 200 min nəfərə verməyi nəzərdə tutsa da, sonrada həmin müavinətin 600 min nəfərə şamil edilməsi açıqca göstərdi ki, bizdə işsizlərin sayı rəsmi rəqəmlərdən xeyli çoxdur. İşsizliyin tez-tez ciddi müzakirələrin mərkəzində olması çox təbii və zəruridir. Ona görə də işsizliyin optimal müddətdə minimuma endirilmsi üçün digər məlum şərtlərlə yanaşı, həm də “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” üzrə nəzərdə tutulan tədbirlərin sistemli şəkildə həyata keçirilməsini və həm də bu sahədə şəffaflığın tam təmin edilməsini, Büdcə Paketinə İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə yanaşı, həm də Məşğulluq Strategiyası üzrə görülmüş və görülməsi planlaşdırılan işlərin, məlumatların təqdim edilməsini çox vacib hesab edirik”.
Deputat bildirib ki, mövcud iş yerlərinin qorunub saxlanılması və işdən çıxarılan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təsirli əməli tədbirlərin görülməsinə ehtiyac var.
“Belə ki, əvvəllər işdən çıxarılan şəxs son əmək haqqının müəyyən faizi məbləğində 6 ay işsizlik müavinəti ala bilirdi. Təbii ki, işsizlərin hamısı olmasa da, bir neçə min insan bu yolla müavinət alırdı. İndi bu qayda yalnız müəssisə tərəfindən işdən azad edilən şəxslərə şamil edilir. Qanunvericilikdə edilən dəyişikliyə əsasən, öz ərizəsi ilə işdən çıxan şəxs Məşğulluq Xidmətindən işsizlikdən sığorta haqqı, yəni işsizlik müavinəti ala bilməz. Qanunvericilikdəki bu məqamdan istifadə edərək işdən çıxarılan insanlara heç bir müavinət verməməkdən ötrü, guya öz ərizəsi ilə işdən azad edirlər. Bunun ən pis nümunəsi 2020-ci ildə, yəni pandemiyanın tüğyan etdiyi bir vaxtda baş verib. Ötən il Azərbaycanda 327 425 nəfər işdən çıxıb. Onun 5107 nəfəri, yəni cəmi 1,6 faizi işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işdən çıxanlardır. Bu kateqoriyaya aid olanların bir hissəsinə işsizlikdən sığorta haqqı ödənilib. Amma pandemiyanın tüğyan etdiyi 2020-ci ildə işdən çıxmış şəxslərin guya 267 900 nəfəri və ya 82 faizi öz ərizəsi ilə işdən çıxıb və bir manat belə müavinət ala bilməyib. Həmin insanların işdən çıxmağının obyektiv səbəbi aydındır və onların az bir qismini təşkil edir. Qalanları isə onlara işsizlikdən sığorta haqqı ödənilməsin deyə müxtəlif bəhanələrlə işdən çıxarılıb. Bu qədər insan, xüsusən də pandemiyanın tüğyan etdiyi, həyatın ağırlaşdığı bir vaxtda öz ərizəsi ilə işdən çıxa bilməz. İşçilərin xeyli hissəsi müxtəlif bəhanələrlə işdən çıxması barədə ərizə yazmağa məcbur edilib. Bu insanlar pandemiyanın ağır dövründə heç bir ödəniş edilmədən taleyin hökmünə buraxılıb. Bu istiqamətdə dərin araşdırmaların aparılmasına və tədbirlər görülməsinə ehtiyac var”.
Milli Məclisin üzvü qeyd edib ki, qanunvericilikdəki həmin məqamı əsas gətirərək işçilərin xeyli hissəsinin ərizəsini alıb, onlara heç bir kompensasiya vermədən işdən çıxarılması prosesinin davam etməsinin qarşısını almaqdan ötrü, əvvəla bu sahədə informasiyasızlığı aradan qaldırmaq lazımdır:
“İnsanlar öz hüquqları dəqiq bilsinlər ki, öz ərizəsi ilə işdən çıxarılarsa, qanunvericilikdə nəzərdə tutulan işsizlikdən sığorta haqqını ala bilmyəcəklərindən xəbərdar olsunlar. Eyni zamanda bu sahədə tam şəffaflıq, məsuliyyət, hesabatlılıq və ədalətlilik mühitinin təmin edilməsi istiqamətində tədbirlər görülməlidir ki, haqsız yerdən işdən çıxarılanlar aidiyyatı orqanlara müraciət edib öz hüquqlarını müdafiə etsin. Bununla yanaşı elə bir stimullaşdırıcı dəstək mexanizmi hazırlayıb tətbiq etmək məqsədəuyğun olar ki, sahibkar işçini işdən çıxarmaqda yox, sözügedən həmin dəstəkdən faydalanmaqla işçini işdə saxlamaqda daha çox maraqlı olsun”.