Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarına əsasən, 2022-ci il yanvarın 1-dən (yəni 3 gündən sonra) Bakıda dizel mühərrikli avtobusların marşrut xətləri üzrə istismarı qadağan olunur. Şübhəsiz ki, bu, mükün deyil. Belə absurd və icrası real olmayan bir qərar olmamalı idi.

Korrupsiya.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Ekspert bildirib ki, Bakıdakı bütün nəqliyyat problemlərinin əsas kökü ictimai nəqliyyatdadır.

“Avtobus çatışmazlığı, mövcud avtobusların xeyli hissəsinin yarasız olması hər kəsə bəllidir. Belə olan halda normal nəqliyyat siyasəti yürüdülməli, marşrut şəbəkəsi genişlənməli və şaxələnməli, avtobus sayı artırılmalı, təhlükəsizlik və komfort yüksəldilməlidir. Bunun əvəzində belə absurd qərarlar qəbul edilməsi işləri xeyli ləngidir. Hələlik isə ilin sonuna qalan bu iki iş günündə Nazirlər Kabinetinin 73 saylı qərarının həmin bəndi ləğv edilməlidir. Onsuz da bu bənd icra edilməyəcək, çünki icra edilsə, Bakı avtobussuz qalar. Ona görə də hüquqa və qanunvericiliyə hörmət edərək həmin bənd ləğv edilməlidir. Qüvvəyə minmə vaxtının uzadılması da mücərrəd olacaq, çünki aydın nəqliyyat siyasəti olmadığından, onun nə vaxt real icra ediləcəyi heç kimə bəlli deyil”, – deyə Ə.Hüseynov qeyd edib.

Paylaş