İftixar Məmmədov adlı şəxs Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Plastik və Rekonstruktiv cərrahiyyə klinikasında çalışan plastik cərrah Mehriban Məlikovadan şikayət edib.
Bununla bağlı Axşam.az saytı ilə əlaqə saxlayan şəxs bildirib ki, ötən il əməliyyat etdirib, bir müddət sonra isə dərisi çürüməyə başlayıb:
“Əməliyyatım dekabrın 29-da baş tutdu. Öd daşları çıxarıldı. Eyni zamanda abdominoplastika (qarin gərmə əməliyyatı) edildi. Əməliyyatdan iki gün sonra qarnımda yara yeri qaralıb çürüməyə başladı. Yəni nekrozlaşma getdi. Həkimə yazdım, üç dəfə yanına getdim ki, əməliyyat yeri çürüyür. Təklif etdim ki, bunu təmizləsin, müalicə etsin. Hər dəfə məni yola verdi, krem yazdı ki, get çək düzələcək.
Amma heç bir krem kömək etmədi, əksinə gün keçdikcə cürümə yeri böyüdü. Dedim ki, gedirəm başqa həkimə, mənim əməliyyat üçün ödədiyim pulu qaytarın. Hər dəfə dedi ki, əməliyyatımı başqa həkimə göstərməyin. Heç kim toxunmasın ora… Səhvini gizlətməyə çalışdı. Sonda vəziyyətimin daha da ağırlaşdığını gördüm və başqa həkimə müraciət etdim.
Hazırda ondan istəyim mənim pulumu qaytarmasıdır. Bunu deyəndə də məni hədələyir ki, get hara istəyirsən de, mənim adamım var”.
Pasient həkimlə səsyazışmalarını da təqdim edib. Səslərdə onun həkimə dəfələrlə bədənində çürümə getdiyi bildirilib.
İ.Məmmədov əlavə edib ki, Mehriban Məlikova ilə bağlı Sabunçu rayon Polis İdarəsinə və Səhiyyə Nazirliyinə şikayət edib. O, eyni zamanda həkimi məhkəməyə verəcəyini söyləyib.
Axşam.az məsələ ilə bağlı plastik-cərrah Mehriban Məlikova ilə əlaqə saxlayıb. O, İ.Məmmədovun iddialarına belə cavab verib:
“Bizdə əməliyyat olundu, bir neçə gündən sonra ambulator müalicəyə getdi. Biz ona məsləhət veririk ki, necə yeriməlidir, nələrə diqqət etməlidir. Xəstə rejimə diqqət etməyib. Bu işdə qidalanma pozulması baş verir. Dəri qarın hissəsindən soyulur, boşluqda qidalanma pozulması baş verə bilər. Ona dərhal müdaxilə etmək olmaz. Bir müddət gözləmək lazımdır ki, toxuma kəsilsin. Sonra üzərində çalışır, qaydasına salırıq. Xəstə isə gözləmək əvəzinə gedib özü çalışdığı klinikada başqa həkimə müraciət edib. Pasient bizə müraciət edib ki, sarğılarımı başqa xəstəxanada edəcəm. Ona dedik ki, tövsiyyə etmirik. Özünü tibb işçisi kimi təqdim etdi. Amma onun tibdən xəbəri yoxdur, bilmir əməliyyatdan sonra necə davranılmalıdır. Sənin həkimin var. Hər əməliyyatı bacaran, bir sarğını bilmir? İnsan səs-küyü, qalmaqalı sevdiyi, özünə bunu yaraşdırdığı üçün bu yola əl atıb. İnsan maraqlarını öz canından üstün tutursa, həkimdə günah yoxdur. Həkim istəməz xəstəsində problem olsun”.axsam.az