Qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan öz gücü ilə əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış proqramını uğurla icra edir. İnfrastruktur xarakterli tədbirlər- su, elektrik, istilik və s. təchizat sahələrində ciddi addımlar atılır. Ərazilərin minalardan təmizlənməsi istiqamətində mühüm addımlar atılır. Bütün bunlar sözün əsl mənasında Böyük Qayıdış nümunəsidir. 28 illik işğal dövründə ermənilərin tamamilə viran qoyduqları Ağdamın da yenidən qurulması üçün görülən işlər gündən-günə sürətlənir.

Prezident İlham Əliyev fevralın 13-də Ağdam rayonuna səfəri zamanı çıxışında bildirib ki, bu rayonun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verəcək ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun: “Bu gün Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Sənaye parkının təməl daşını mən keçən dəfə Ağdamda qoymuşdum, Müstəqillik Günündə qoymuşdum. Bu gün isə artıq ilk müəssisələrin təməli qoyuldu. Artıq 5 rezident vardır və onlar işə başlayırlar. Beləliklə, 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Bu, çox önəmli hadisədir. Ona görə ki, Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarımızda, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Çünki burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq”. İşğaldan azad edilmiş ərazilərdə başlanan bərpa-quruculuq işləri gündən-günə sürətlənir, genişmiqyaslı layihələr uğurla icra olunur. Azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Yaşayış kompleksinin təməl daşının qoyulması da əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma – iki ilə inşa ediləcək. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. 1

nömrəli məktəb inşa olunur, məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıbdır. Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq. Xüsusilə qeyd etmək lazımdır ki, Tarixi və dini abidələrin bərpa olunması işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür. İşğaldan azad olunmuş ərazilərdə görülən işlər Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə yarıdağılmış Ağdam məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Bütün bunlar onu deməyə əsas verir ki, Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verir ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov

Paylaş