Paytaxtın Nizami rayonunda 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və onun övladları – 2008-ci il təvəllüdlü Lamiyə Qaraxanlı, 2011-ci il təvəllüdlü Ataxan Qaraxanlını qətl etməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Korrupsiya.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

“lkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb”, – E.Hacıyev qeyd edib.

****

20 fevral, 17:34
Fevralın 20-də saat 14 radələrində Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Baş Prokurorluğun mətbuat xidmətindən “Unikal”-a bildirilib ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş