Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

Korrupsiya.az xəbər verir ki, iclası açan İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib ki, gündəliyə bir məsələ – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2021-ci il üzrə məruzəsinin müzakirəsi daxil edilib.

İclasda İnsan hüquqları komitəsi sədrinin müavini Tahir Kərimli, komitə üzvləri Hikmət Məmmədov, Razi Nurullayev, Naqif Həmzəyev, Fazil Mustafa, Tural Gəncəliyev, Elman Nəsirov, Bəhruz Məhərrəmov müzakirəyə çıxarılan hesabatla bağlı fikirlərini bildiriblər, cəmiyyətdə bu instituta etimadın yüksəldiyini qeyd ediblər. Millət vəkilləri Ombudsman təsisatının 44 günlük Vətən müharibəsində aktiv fəaliyyətinə toxunaraq bu fəaliyyətin davam etdirilməsinin və Ermənistan tərəfindən azərbaycanlıların tapdanan hüquq və azadlıqlarının diqqətdə saxlanılmasının vacibliyini vurğulayıblar. Deputatlar məruzədə irəli sürülən təkliflər, ombudsman təsisatının gələcək fəaliyyət istiqamətləri, insan hüquq və azadlıqlarının təminatının aktual məsələləri ilə bağlı rəylərini səsləndiriblər.

Müzakirələrin sonunda məruzə səsə qoyularaq Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Paylaş