Britaniya parlamentində Ukrayna böhranı müzakirə edilərkən müxalifətdə olan leyboristlərin təmsilçisi Marqaret Hodsun Rusiyanın müttəfiqi qismində Azərbaycan və Qazaxıstana da sanksiyalar tətbiq edilməsi ilə bağlı çıxışı səbəbsiz deyil.

Leyboristlər Partiyasının erməni lobbisi ilə bağları da dəfələrlə Qərb KİV-lərində işıqlandırılıb. Qondarma “soyqırımın” tanınması məsələsini də Britaniyada ən çox qabardanların elə leyboristlər olması Hodsu Azərbaycana qarşı belə danışmağa vadar edən qüvvələrin kimliyini aşkara çıxarmış olur. Bir daha aydın olur ki, erməni lobbisinin maliyyələşdirdiyi bu şəxslər dünyanın Rusiyaya qarşı sanksiya ilə çıxış etdiyi bir vaxtda Azərbaycanı da bu siyahıya qatmağı fürsət bilirlər.

Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, heç bir hərbi-siyasi blokun tərkibində yer almayaraq özünün neytral statusu ilə beynəlxalq siyasətdə böyük hörmət qazanan, Vətən müharibəsindəki zəfəri ilə Qərbin ermənipərəst dairələrini, Ermənistanın havadarlarını da onun diktə etdiyi şərtləri qəbul etməyə məcbur qoyan Azərbaycanı Rusiya-Ukrayna müharibəsində tərəf kimi göstərib qaralamağa cəhd etmək rəsmi Bakını çətin duruma salmaq məqsədi daşıyır. Ukraynaya qarşı müharibədə açıq mövqe bildirməyə belə cəsarət etməyən Ermənistanın niyə sanksiya siyahısında “yada düşməməsinin” səbəbi bəllidir.

Yada salaq ki, martın 11-də Böyük Britaniya və Azərbaycan Respublikası diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcək. Bu münasibətlə Böyük Britaniyanın baş naziri Boris Conson Azərbaycan Prezidentinə məktub göndərmiş, ölkələrarası münasibətlərə yüksək qiymət vermişdi. Belə bir vaxtda leyboristlərin təmsilçisi olan Hodsun qaldırdığı məsələnin Britaniya hökumətinin Azərbaycanla bağlı mövqeyinə təsir etməsi mümkünmü? DİA.AZ-ın məlumatına görə, politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan və Böyük Britaniya arasında əlaqələr tarixi və strateji xarakterli əməkdaşlıq xətti ilə bir neçə əsrlik tarixə malikdir. Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri, Avrasiya regionunda nüfuzlu və bütövlükdə qlobal siyasi və iqtisadi-ticarət münasibətlərində xüsusi rola malik, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, “Böyük Yeddilik” və “Böyük İyirmilik” təsisatlarının üzvü kimi müstəqilliyimizin bütün illərində güvənli dəstək ifadə edən ölkə olub: “Münasibətlərin ən yeni tarixi haqqında danışsaq, 2015-ci ildən ”Azərbaycan və Böyük Britaniya şirkətlərinə” neft-qaz sektorunda müqavilələrin bağlanması və irimiqyaslı layihələrin həyata keçirilməsi prosesində köməklik göstərən UKTI- High Value Opportunity proqramı aktivləşib. Bununla da müasir dövrdə maliyyə imkanlarının idarəolunmasının aparıcı alətləri hesab olunan imkanlara yiyələnib. Bu proqram təkcə Xəzər dənizi hövzəsi deyil, digər regionları da əhatə edir. 2017-ci ilin sonunda artıq 500-dən çox Britaniya şirkəti Azərbaycanda fəaliyyət göstərirdi. Buna görə də Böyük Britaniya Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcminə görə lider oldu. Demək olar ki, otuz ildir Böyük Britaniya və Azərbaycan Azərbaycanın enerji sektorunun inkişafında strateji tərəfdaşdırlar və mövcud strategiya bu tərəfdaşlığın növbəti üç onillikdə də davam edəcəyini proqnozlaşdırmağa imkan verir. Bunları xatırlatmaqda məqsədim odur ki, hansısa bir ermənipərəst leyborist deputatın və ya bütövlükdə leyboristlərin olsa belə, təklifi, təşəbbüsü, istəyi ilə Britaniya dövləti Azərbaycan kimi sıx əlaqələr qurduğu ölkəyə münasibətini dəyişməz. Leyboristlər Partiyasının daxilində həmişə ermənilərə bağlı olan qüvvələr olub. Həmin qüvvələr indiyə qədər dəfələrlə Azərbaycana qarşı cəhdlər ediblər. Lakin heç bir cəhdləri nəticə verməyib. Britaniya parlamenti Azərbaycanla münasibətlərin inkişafına zərər vuracaq əsassız təklif və təşəbbüsləri qəbul etməyib. Leyboristlər Partiyası özü ümumilikdə Böyük Britaniyanın maraqlarına zədə vuran partiyadır. Onların təmsilçilərinin nazir olduqları dövrdə ölkələrinin zərərinə fəaliyyət göstərdikləri bir neçə dəfə ifşa olunub”.

Ekspert qeyd etdi ki, Böyük Britaniya azad edilmiş ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərir. Məhz bu səbəbdən də erməni lobbisi Londonla Bakının münasibətlərinin korlanması üçün səylər edir: “Məsələn, Britaniya parlamentindəki erməni lobbi qrupu və digər havadarları Şuşanın işğaldan azad edilməsi ilə müharibənin bitməsi gününə-noyabrın 9-na bir, müharibənin bitməsi ilə Bakıda keçirilən Zəfər Paradının il dönümü-dekabrın 10-na isə ikinci dinləmə təşəbbüsü qaldırmışdı. İndi də leyborist deputat Marqaret Hodsun təklifi daha bir cəhddir. Lakin bu cür cəhdləri ilə istəklərinə nail ola bilməyəcəklər. Britaniya həmişə Azərbaycanın etibarlı tərəfdaşıdır və bu, belə də qalacaq”.

Paylaş