ABŞ-da fəaliyyət göstərən azərbaycanlı alim Şövqü Bayram oğlu Hüseynov elmi işlərində böyük uğurlara imza atır.

Korrupsiya.az xəbər verir ki, əsasən tibb üzrə tədqiqatlar aparan gənc alim Şövqü Hüseynovun əldə etdiyi elmi nəticələr göstərir ki, gələcəkdə narkotik asılılığının və bəzi neyrodegenerativ xəstəliklərin (şizofreniya, depressiya, alzheymer, parkinson, dağınıq skleroz, autizm və s.) müalicəsi mümkün olacaq.

Ş. Hüseynov bildirib ki, həmmüəllifi olduğu elmi məqaləni “GLIA” jurnalı nəşrə qəbul edib və böyük ehtimalla məqalə bir-iki həftəyə işıq üzü görəcək.

“GLIA” – Ş. Hüseynovun tədqiqat apardığı elm sahəsi (neuroscience – sinir elmləri) üzrə ABŞ-da ilk üçlükdə qərar tutan yüksək impakt faktorlu (yüksək reytinqli) elmi jurnaldır. Məqalənin belə bir nüfuzlu nəşrdə işıq üzü görməsi Azərbaycan üçün qürurvericidir. Çünki hər elm adamı buna nail ola bilmir.

Ş. Hüseynovun sözlərinə görə, məqalədə əksini tapan elmi-təqiqat işi ən müasir üsullarla aparılıb və çox mühüm nəticələr əldə edilib: “Alınan elmi nəticələr gələcəkdə narkotik asılılığının və bəzi neyrodegenerativ xəstəliklərin müalicəsinə yeni yollar açır. Bu tədqiqatda ən mühüm işi demək olar ki, mən həyata keçirmişəm. Tədqiqat zamanı istifadə etdiyimiz ən müasir üsulları ABŞ-da çalışdığım universitetdə bilən yeganə mütəxəssis mənəm”.

Ş. Hüseynov deyib ki, xeyli maraqlı məqamı üzə çıxara biliblər: “Sən demə, insan beynində akkumulyatorlar, batareyalar var imiş. Məhz həmin akkumulyatorlar, batareyalar yaxşı işləməyəndə beyin funksiyaları pozulur”.

Paylaş